Məhkəmə qərarları › İş №2(006)-4731/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4731/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4731/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 209.6 (iki yüz doqquz dollar, altmış sent) ABŞ dollarının tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində “www.charleskeith.com” internet portalından 209.6 (iki yüz doqquz dollar, altmış sent) ABŞ dolları məbləğində ödəniş etməklə 3 ədəd çanta almışdır. X1 Ştatlarında (Wilmington ştatında) yerləşdiyinə görə həmin əşyaların çatdırılması üçün Cavabdeh MMC-nin çatdırılma xidmətindən istifadə etmişdir. Cavabdeh MMC-nin “mover.az” tətbiqində uzun müddət əvvəl qeydiyyatdan keçmiş, həmin şirkətin çatdırılma xidmətindən dəfələrlə istifadə etmişdir. Tətbiqdəki hesabında müştəri kodu – “124833”-dür. İddiaçı yuxarıda qeyd olunan bağlamaların çatdırılması xidmətindən istifadə edərək “mover.az” tətbiqində bəyan etmişdir. xx.xx.2022-ci il tarixdə etdiyi sifariş xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin xarici anbarına (ABŞ-da yerləşən) çatmışdır. Müəyyən müddət keçdikdən sonra dəfələrlə şifahi formada zəng edərək narazılığını bildirsə də, iddiaçıya “bağlamaların qısa müddət ərzində çatdırılacağını, uçuşun tarixi bəlli olanda ona məlumat veriləcəyini” bildirmişlər. Daha sonra yazılı ərizə (xəbərdarlıq) ilə müraciət etsə də, iddiaçıya cavab verilməmişdir. Nəticə olaraq iddiaçı müvafiq əşyaların dəyərini ödəməklə almış, lakin daşıyıcı həmin malları mənimsəyərək ona çatdırılmasını təmin etməmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh MMC-nin Amerika anbarı ilə bağlı mövcud olan bu problem kütləvi xarakter daşıyır. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına bununla bağlı müraciətlər edilmişdir. Həmçinin, Cavabdeh MMC barəsində digər şəxslər tərəfindən onun iddia tələbi ilə eyni olan iddialar Nəsimi Rayon Məhkəməsində təmin edilərək dəymiş ziyanın ödənilməsi barədə qətnamələr qəbul edilmişdir. Bu da artıq müvafiq məsələ ilə əlaqədar məhkəmə presedentinin yarandığını sübut edir. Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməyərək iddiaçıya məxsus olan əşyanı qəbul etmiş, lakin ünvana çatdırmamışdır. Bununla da qanunvericiliyin tələblərini kobudca pozaraq iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iddia ərizəsinə və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: “Rabitəbank”ın xx.xx.2022-ci il tarixli çekindən görünür ki, “CharlesKeith.com Pte L” ünvanına 209.6 USD (ABŞ dolları) məbləğində ödəniş edilmiş, 1.78 AZN məbləğində komissiya tutulmuşdur. “mover.az” tətbiqindən çıxarışlardan görünür ki, müştəri kodu – 124833 olan X3 izləmə kodu “MVRM**********” olan məhsulu sifariş və bəyan etmişdir. Məhsul ABŞ-da “Charles Keith” mağazasından ********************86 izləmə kodu ilə xx.xx.2022-ci il tarixdə xarici anbara çatdırılmışdır. “Mover.az” adlı sosial şəbəkə hesabı tərəfindən xx.xx.2022-ci ildə “Facebook” sosial şəbəkəsində yazılmış yazıda qeyd edilmişdir ki, bir müddətdir əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin nəticəsi olaraq Cavabdeh MMC ABŞ anbarına daxil olan bağlamaları müştərilərə çatdırmaqda problemlərlə üzləşir və gecikmələr yaşayır. Buna görə də ABŞ anbarının fəaliyyətinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək dayandırılması, xx.xx.2023-cü ildən sonra həmin anbara daxil olan bağlamalar üçün isə şirkətin məsuliyyət daşımayacağı əlavə edilmişdir. “Marja.az” xəbər portalında xx.xx.2023-cü ildə dərc edilmiş xəbərdən görünür ki, Cavabdeh şirkətinin 6 aydan çoxdur, bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermədiyi, bunun səbəbinin əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin olması qeyd edilmiş, “Mover.az”ın “Facebook” sosial şəbəkəsində yazılmış yazısına istinad edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə göndərilən xəbərdarlıqdan (pretenziyadan) görünür ki, ********************86 izləmə kodlu bağlamanın həmin tarixə qədər ona çatmaması barədə Cavabdeh MMC-yə məlumat verilmiş, bağlama üçün ödənilən məbləğin geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində mülki iş üzrə müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2022-ci ildə Amerikanın “www.charleskeith.com” internet səhifəsindən dəyəri 209.6 ABŞ dolları olan məhsulları sifariş etmiş, dəyərini ödəyərək almış və daşımasını Cavabdeh MMC-yə həvalə etmişdir. Məhsullar xx.xx.2022-ci ildə cavabdehin Amerikada yerləşən anbarına daxil olmuş, iddiaçı tərəfindən cavabdehin tətbiqi vasitəsilə bəyan olunmuş, lakin iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məhsullar hal-hazıradək iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı həmin məhsul üçün ödədiyi pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar iddia tələbinin qanuni əsası ilə uzlaşır. Belə ki, məhsulların xx.xx.2022-ci ildə cavabdehə məxsus xarici anbara daxil olması, lakin 11 aydan çox keçməsinə baxmayaraq, hazıradək iddiaçıya (sifarişçiyə) çatdırılmaması həmin məhsulların itirilmiş hesab olunması üçün, məhsulların itirilməsi isə onun tam dəyərinin daşıyıcı şirkət (cavabdeh) tərəfindən ödənilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb əsaslı olduğundan və sübutetmə yükü cavabdehin üzərində olmasına baxmayaraq, onun tərəfindən məhsulların iddiaçıya təhvil verilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, hazırki iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin, “mover.az” tətbiqindən çıxarışda qeyd edilmiş “sifarişin verilmə tarixi xx.xx.2022-ci il” və “xarici anbarda olması xx.xx.2022-ci il” tarixlərə münasibətdə bildirməyi zəruri hesab edir ki, sifarişin verilmə tarixinin sifarişin çatması tarixindən daha sonra olmasının faktiki olaraq mümkün olmaması, həmçinin, iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahatı və bank çekinin tarixi nəzərə alındıqda, sifarişin verilmə tarixinin texniki səhv kimi xx.xx.2022-ci il yazılması müəyyən edilir, əslində sifariş tarixi xx.xx.2022-ci il olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 9.2-ci maddəsinə əsasən, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 209.60 (iki yüz doqquz dollar altmış sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 209.60 (iki yüz doqquz dollar altmış sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar