Məhkəmə qərarları › İş №2(006)-4757/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4757/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4757/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X1 və X2 verilən alimentin məbləğinin artırılaraq hər bir uşağa görə 246 manat olmaqla ümumilikdə 492 manat alimentin tutularaq ona ödənilməsinə və indeksasiya edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki iddia ərizəsindən müəyyən edilir ki, iddiaçının alimentin artırılması tələbinin əsasını 2025-ci ildə ölkə üzrə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması təşkil etməklə, onun mahiyyəti indeksasiya xarakterini daşıyır və bu məsələ üzrə icra icraatı qaydasında qüvvədə olan qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə müraciət edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələbini hazırda yaşayış minimumunun artması ilə əsaslandırmışdır. İzah olunur ki, iddiaçının alimentin artırılması tələbinə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə deyil, aliment ödəyənin maddi vəziyyətində dəyişiklik olması ilə əsaslandırıldığı və sübutlar təqdim edildiyi halda iddia icraatında baxılması mümkündür. Əks halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbinin mahiyyəti indeksasiya xarakteri daşıyır və bu məsələyə ilk olaraq icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə qüvvədə olan qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi ərizə ilə müraciət edilməli, sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə misli müəyyən olunmalı və həmin Məcəllənin 232-ci maddəsinə uyğun olaraq məbləğin indeksasiyası aparılmalıdır. Göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından iddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə qüvvədə olan qətnamənin alimentin tutulması hissəsinə dair icra üsulunun dəyişdirilməsi və tutulmalı pul məbləğinin müvafiq indeksasiyası barədə ərizə ilə icra icraatı qaydasında –icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar