Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-476/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi – X12 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə «Kərimli» X16 arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 173,34 kv.metr, köməkçi sahəsi 132 kv. metr olan 3054 saylı bağ evinin girovluqdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illər Sumqayıt şəhərində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunda çalışan və yaxın dost münasibətində olduğu X13 təxminən 2008-ci ilin oktyabr ayında ona müraciət edərək Abşeron rayonunun Saray qəsəbəsindəki yaşadığın bağ evinin sənədini ona 3-4 aylığa verməyini bildirdi. Hümbətlə dost olduğuna görə heç bir şey fikirləşmədən demişdir ki, olar. Bir neçə gündən sonra Hümbət ona zəng edərək bildirdi ki, notarius idarəsinə gəlsin və orada sənəd var ona imza etmək lazımdır. Soruşmuşdur ki, sənədləri imzalamaq nə üçündür və cavabında dedi ki, narahat olma fevral ayında sənədləri qaytaracaqdır. Amma ağlına gəlməzdi ki, yaxın tanışı və dostu Muradov Hümbət ona qarşı dələduzluq edər. 2011-ci ilin yay ayında Texnika Bankdan evə zənglər gəlməyə başladı və bildirdilər ki, evi girov qoyulub və bankdan 80.000 manat kredit götürülmüşdür. Zəng edən bank işçisnin adı Şamil idi və ondan soruşdu ki, pulu Hümbət adlı şəxs götürübmü. Bank işçisi dedi ki, xeyir, pul Beyləqan rayonunundan «Kərimli» fermer təsərrüfatının təsisçisi X9 adınadır. Ancaq banka Raufun atası Paşayev Əlövəst adlı şəxs gəlib-gedir. Əlövsətin telefonunu bank işçisindən xahiş edib almış və təxminən 2011-ci ilin iyul ayının ortaları olardı Əlövsət Paşayevin ********** nömrəli mobil telefonuna zəng edib Texnika Bankın qarşısında görüşmüşdür və ondan soruşmuşdur ki, Hümbət Muradov haradadır. Əlövsət Hümbətin harada olmasını bilmədiyini dedi və ona bildirdi ki, bankdan pulu o götürmüşdür və özü də qaytaracaqdır. Sonradan məlum oldu ki, Hümbəti işdən qovublar və daha işləmir. Çox axtarandan sonra Hümbət Muradovu tapdı və o ona yazılı surətdə iltizam yazdı ki, 1 (bir) ay müddətində evin pulunu banka ödəyib sənədlərini özünə qaytaracaqdır. X30, nə onun atası Əlövsət Paşayev, nə də Hümbət Muradov bankdan götürülmüş krediti qaytarmadılar və nəticədə "xxxx" ASC pulun geri alınması üçün məhkəməyə iddia verdi. Məhkəmə gedişi zamanı onlar yenə də onu arxayın etməyə çalışırdılar ki, narahat olma məhkəmənin sonuna kimi pulu qaytarıb evini özünə qaytaracaqlar. Lakin onların sözlərinin həqiqət olduğuna inana bilmirdi. 2014-cü ildə məcburiyyət qarşısında qalıb Abşeron rayon Polis şöbəsinə ona qarşı edilmiş dələduzluq barədə ərizə verdi. Şikayət ərizəsi Abşeron rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Məhəmməd Tağıyev tərəfindən araşdırıldı, lakin sonradan məlum oldu ki, müstəntiq M.Tağıyev şikayətini rədd etmiş və işin guya mülki iş olmasını əsas gətirərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. 17 fevral 2014-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda yazılmışdır ki, Əlövsət Paşayev verdiyi izahatında bildirmişdir ki, Beyləqan rayonunun Aşıqlı kəndində ferması vardır və heyvan almaq üçün bankdan pul almışdır. Ancaq bankdan kredit götürülməsinə dair sənədlərdən aydın olur ki, onlar guya süd-pendir məhsulları hazılamaqla məşğul olacaqlar. Ədövsət Paşayev ona bildirdi ki, kredit alanda bank onlardan xeyli miqdarda «şapka» aldığından onların fermer təsərrüfatını işlətməyə pulları qalmamış və pul xərclənmişdir. Bundan başqa ona məlum oldu ki, "xxxx" ASC Rauf Paşayevə ünvanladığı məktubda birbaşa qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14. May 2007-ci il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydalarına» əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xx.xx.2008-ci il tarixdə 80.860 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Lakin "xxxx" ASC tərəfindən manat əvəzinə dollarla kredit ayırılmış, onun mülkiyyətində olan bağ evi də dələduzlar Ədövsət Paşayev, Hümbət Muradov tərəfindən banka girov qoyulmuş və onlar bu cinayəti bank əməkdaşları ilə birlikdə həyata keçirməklə onun evinin əldən çıxmasına səbəb olmuşdur. Bu məsələdən sonra tam ətraflı şəkildə öyrənmişdir ki, Əlövsət Paşayev və onun oğlu Beyləqanda fermer təsərrüfatı ilə məşğul olmamış, onun nə ferması, nə heyvan qarası olmamışdır. Bankdan kredit götürəndə də bank bunu yoxlamamış və Ə.Paşayevin dediyi kimi «şapka» almaqla 100.000 ABŞ dolları kredit vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh «Kərimli» X11 və ona və ailə üzvlərinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş evi 1 ay ərzində könüllü tərk etmədikləri halda, evdən məcburi qaydada çıxarılma barədə iddia ərizəsi təmin edilərək, kredit müqaviləsi üzrə cavabdeh təşkilatdan əsas borca görə 100.000 ABŞ dolları, hesablanmış faiz borcuna görə 33.400 ABŞ dolları məbləğin də pulun tutulub iddiaçı təşkilata verilməsi və 04 dekabr 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə tutmanın ipoteka qoyulmuş, cavabdehlərin birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 0,16 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 8 otaqlı,yaşayış sahəsi 173,34 kv metr,köməkçi sahəsi 132 kv metr olan 3054 nömrəli bağ evinə yönəlməsi və tutma yönəldilmiş bağ evinin hərracda ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi və bağ evi açıq hərracdan satıldıqdan sonra könüllü tərk etmədikləri halda, cavabdehlərin 1 ay ərzində bağ evini boşaltmaları qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2013-cii il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 dekabr 2013-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmaqla kassasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qərarı əsasında Sumqayıt şəhər icra şöbəsinin icra məmuru Vüqar Adıgözəlovun sifariş məktubu əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 yanvar 2013-cü il tarixdə hərrac keçirilmiş və kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3054 nömrəli bağ evi 89.250 manat dəyərində satış qiyməti müəyyən edilmişdir. Ona görə də Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Vüqar Adıgözəlovun sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən 29 yanvar 2013-cü il tarixdə kredit müqaviləsi üzrə ipoteka qoyulmuş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3054 nömrəli bağ evinin 89.250 manat dəyərində satış qiyməti ilə hərraca çıxarılmasına dair keçirilmiş hərracın və həmin hərracın nəticəsi barədə tərtib edilmiş 07/01 nömrəli protokolun etibarsız hesab edilməsi barədə Bakı şəhər Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsi məhkəmənin 07 dekabr 2016-cı il tarixli 2(005)-4706/ 2016 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2017-ci il tarixli 2(l03)-3409/2017 saylı qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(005)-4706/2016 saylı qətnaməsi ləğv edilərək Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, yaşayış sahəsi 173,34 kv metr, köməkçi sahəsi 132 kv.metr olan 3054 nömrəli bağ evinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. Hesab edir ki, yaxın tanışı və dostu olmuş Hümbət Muradov öz tanışları olan Rauf Paşayev və onun atası Əlövsət Paşayev əlbir olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivi 3054 saylı bağ evini "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları kredit pulu alaraq öz aralarında bölüşdürərək həmin pulu öz məqsədləri üçün xərcləmişlər. Qeyd edilən məhkəmə qərarları əsasında "xxxx" MMC tərəfindər keçirilmiş 07/01 saylı 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-3409/2017 saylı qətnaməsi ilə ləğv edilmiş və qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Şikayət ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin İstintaq bölməsində aparılan araşdırma zamanı Əlövsət Paşayev "xxxx" ASCdən kredit pulunu almalarını və onun bundan xəbərsiz olmasını bir daha təsdiq etmişdir. Qeyd etdiyi məhkəmə qətnaməsindən xəbərdar olandan sonra həmin qətnaməni yalnız Ali Məhkəməyə qədər mübahisələndirmişdir. Yaxın tanışı H.Muradov ona məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi 3054 saylı bağ evinin Əlövsət Paşayev tərəfindən banka girov qoyulmasını və götürülən kreditə zamin durmasını etiraf etməklə evini xx.xx.2013-cü il tarixədək girovluqdan azad edəcəyi barədə ona yazılı xx.xx.2013-cü il tarixli iltizam vermişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirdi ki, Kənd Təsərrüfatının Kredit Agentliyinə güzəştli kredit ilə bağlı müraciət etmişdir. İddiaçını tanımırdı. İddiaçı ilə onu Hümbət Muradov tanış etmiş və iddiaçını yalnız Notarius Kontorunda görmüşdür. İddiaçı ilə heç bir münasibəti olmamışdır. İddiaçı ilə arasında olan münasibət üzrə Hümbət Muradov vasitəçilik etmişdir. Hümbət Muradova pulu təqdim etmiş və həmin pul iddiaçıya verilməmişdir. X29 tərəfindən mənimsənilmişdir. Hazırda götürdüyü pulu ödəyə bilmir. Götürdüyü pul iddiaçıya çatmamışdır və həmin pulu ödəmək istəyir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh «Kərimli» KFT-dən 100000 ABŞ dollan kredit borcunun və 33400 ABŞ dolları faiz borcunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xx.xx.2008-ci il tarixli, 178/İ saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, X2, İddiaçı, X10, X4, X6 birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr mokçı sahədən ibarət 3054 saylı bağ evinə yönəldilməsi, tutma yönəldilmiş yaşayış evinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, Saray bağlar massivində 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr köməkçi sahədən ibarət 3054 saylı bağ evinin açıq hərracda satıldığı gündən sonra bir ay müddətində X7, İddiaçı, X18, X14, X15 tərəfindən boşaldılması, cavabdehlər «Kərimli» KFT-dən, X1, İddiaçı, X8, X3, X5 20 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi, əmlakın ipoteka ilə yüklü edilməsinə əsas olmuş kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun olması, tutmanın iddiaçının mülkiyyətində olan sözügedən bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi və sair faktlar tərəflərin iştirak etdikləri sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz. Beləliklə, iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnamə ilə tərəflər arasında olan kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsində göstərilir ki, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xerinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşdə, ümumiyyətlə «Kərimli» KFT-nin Banka ödənilməmiş kredit borcunun olmamasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Eyni zamanda iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-476/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-476/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver