Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4767/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1) iş üzrə cavabdeh - iddiaçıya məxsus mənzilinin yerləşdiyi ərazidə elektrik hava xətləri avadanlığının yenidənqurma prosesində yerləşdirilməsi ilə, apardığı yeni elektrofikasiya işlərinin icra edildiyi müvafiq planlama-layihələndirmə Layihəsindən çıxış edən, AR Energetika nazirliyinin Kollegiyasında təsdiq edilməli olan həmin Layihənin “Şaquli” və “Üfüqi” planlandırma və layihələndirmə mərhələlərində daşıyıcı dirək-dayaq xətt inventarlarının (konstruksiyalarının) situasiya və dislokasiya vəziyyətlərinə dair sənədləşmənin hər iki müvafiq layihə- albom hissələri olan bu layiənin tərkiblərini; eləcə də, bütöv bu layihə üzrə, həmin layihə tərkibi olan ekoloji “ESİA Aktları mərhələsini” bir ekspert kimi bilavasitə tanışlıq məqsədi ilə təması üçün məhkəməyə təqdim etməli olduğunu, biləvasitə bu qeyd edilənlərin kağız-albom daşıyıcılarındakı, mühəndislərə verilərək işlərin icrası zamanı əllərində olan variantları prototipini görmək tələbini irəli sürərək - “yaxşı-pis” hər nə isə, iş görüblər, həmin gördükləri işlərinin “gerçəklikləri naturada müşahidə olunmalı olan” faktiki planlaşdırma və layihələndirmə mərhələləri əsaslarını (stadiyalarını), AR EN Kollegiyasında həmin layihə mərhələlərinin təsdiq edilməsinə dair protokoldan çıxarışının surəti ilə sorumlu olduqları albomları buyursunlar təqdim etsinlər; 2) iş üzrə cavabdeh - yuxarıda göstərilən ərazidəki mənzili yerləşən kvartalda quraşdırdığı elektrotexniki avadanlığını və hava xətlərinin yeni çəkilişi zamanı mənzilinə və içindəki əşyalarına yetirdiyi tələfedici maddi ziyana görə məcmu xərclər olaraq iddia etdiyi 6300.00 AZN məbləğini ödəməli (yə yaxud) mənzilini öz resursları hesabına, onunla bağlamalı olduğu “Xidmət müqaviləsi” əsaslarında birmənalı olaraq və qeyri-şərtsiz təmir etdirməlidir; 3) iş üzrə cavabdeh qanun pozuntulu və qanunvericilik aktlarına bərabər tutulan sənədlər məcmusundakı texniki-texnoloji montaj-quraşdırma işlərində əhəmiyyət verməyərək, buraxdığı ciddi qanun pozuntularının nəticəsi kimi, həmin konstruksiyaları, bu mənzilin kövrək dam materiallardan olan hidro-izolyasiya dam kjonstruksiyasına təmaslandırmaqla və nəticədə xəsarət yetirilməsi ilə yerləşdirdiyi, barəsində sözügedən elektrik hava xətlərinin magistral paylayıcı dirəyini qeyri-şərtsiz və birmənalı olaraq, yerini dəyişməklə, başının üzərindən götürərək və yeni icraatında xətlərin üzərindən keçirilməyəcəyi şərtləri ilə ləğv etməlidir; 4) hesab edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciəti üçün ödəmiş olduğu 90.00 AZN məbləğindəki rüsum haqqı və video disklərə çəkdiyi 6.00 AZN xərc də, iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfə geri ödənilməlidir. Çəkmiş olduğu həmin xərclərin, cəmi 96.00 AZN, zərər vuran tərəf kimi iddiaçının nəfinə cavabdehdən tutulması təmin edilsin. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti normalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Eyni Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 11-ci bəndinə əsasən MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar olması müəyyən edilir. Cavabdeh "xxxx" ASC-nin (VÖEN: **********) də təbii inhisar subyekti olmaqla fəaliyyətinin həm də sahibkarlıq elementlərini ehtiva etməsi mübahisəsizdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı da, cavabdeh də sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, tərəflər arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qeyri-yaşayış sahəsinə vurulmuş ziyanın ödənilməsi tələb edilir. Tərəflər arasında olan mübahisənin subyektiv tərkibi, predmeti və hüquq münasibətlərinə əsasən məhkəmənin gəldiyi qənaətə görə, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehə qarşı iddia tələbləri ayrı-ayrılıqda və dəqiq şəkildə ifadə edilmədiyindən və bu səbəbdən iddia tələbləri məhkəmə üçün qeyri-müəyyən qaldığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçı tələbini ümumi başlıqla “vurulmuş ziyanın ödənilməsi” qeyd etsə də, “xahiş etdi” hissəsində ziyandan əlavə, bir çox tələb sadalamışdır. Məhkəmə qeyd edir ki, ilk öncə iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində bir sıra sənədlərin təqdim edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müəyyən sənədlər zərurət yarandığı təqdirdə məhkəmə araşdırması zamanı müvafiq vəsatət əsasında tələb edilə bilər. Bundan əlavə, iddiaçı maddi ziyanın əvəzi olaraq 6300 manatın ödənilməsini və yaxud mənzilinin təmir etdirilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi (tələblər iddiaçı tərəfindən dəqiq göstərilməli, mücərrəd olmamalı) mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Beləliklə, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4767/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4767/2025
19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver