Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-477/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun olmaması barədə məlumatın verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun olmaması barədə məlumatın verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında xx.xx.2008-ci il tarixli, F25-218 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 30 % olmaqla 1680 manat kredit götürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq X6 ilə eyni tarixli, eyni saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan və zamindən müştərək qaydada yuxarıda qeyd edilən kredit və zaminlik müqaviləsi üzrə öhdəliyin icra edilməsi məqsədilə 959 manat əsas, 288 manat faiz, 376 manat peniya borcu olmaqla, ümumilikdə 1623 manat pul və 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan ümumilikdə 1284 manat pulun tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Borclu və zamin qətnamə ilə razılaşmadıqlarına görə qətnamədən müvafiq qaydada apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-110/2011 saylı, xx.xx.2011 -ci il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi ləğv edilərək cavabdehin iddiası əsassız olduğundan rədd edilmişdir. Bu yaxınlarda Bakı şəhərində fəaliyyət göstərən Bankların birinə iddiaçıya kredit verilməsi üçün müraciət etdiyi zaman məlum olmuşdur ki, onun “xxxx” MMC-nin reyestrində iki aktiv kredit borcu mövcuddur ki, bunları ödəməyəcəyi təqdirdə o, problemli borclu olaraq kredit götürə bilməyəcəkdir. Halbuki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında iddiaçının tələbinin rədd edilməsinə baxmayaraq, iddiaçı borcunun olmamasına dair məlumatları müvafiq orqana verməmişdir. Ümumiyyətlə isə iddiaçının vermiş olduğu iddia ərizəsində bir kredit münasibətləri üzrə (xx.xx.2008-ci il tarixli, F25-218 saylı) öhdəliyin icra edilməməsinə dair tələb qoyulduğu halda, reyestrdən çıxarışda isə başqa tarixli və saylı kredit müqaviləsinin məlumatları əks olunmuşdur. Halbuki, həmin kreditin verilməsindən nə iddiaçının, nə zaminin məlumatı və iştirakı olmamışdır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə məlumatlar reyestrə qəsdən sonradan salınaraq saxtakarlığa yol verilmişdir. İddiaçı reyestrdə əks olunan digər, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə isə birmənalı şəkildə bildirir ki, həmin kredit tərəfindən icra mərhələsində Səbail rayon İcra və probasiya şöbəsində tam ödənilməsinə baxmayaraq, bu məlumat da cavabdeh tərəfindən reyestrə daxil edilməmiş və hal-hazırda da hər iki saxta məlumatın reyestrdə əks etdirilməsi iddiaçının istehlakçı kimi konstitusion hüquqlarının məhdudlaşdırılmasına şərait yaradır. İşin hallarından göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011 -ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddiasının rədd edilməsinin əsaslarından biri borcun iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və iddia tələbinin cavabdeh tərəfindən sübuta yetirilə bilməməsi olmuşdur. Reyestrdən çıxarışı diqqətlə araşdırdıqları zaman məhz cavabdehin iddiasının məhkəmə tərəfindən rədd edilməsi epizodu üzrə sonradan məlum olmayan, yeni 2009-cu il tarixli kredit müqaviləsi sistemə salınmışdır ki, o müqavilə də yuxarıda qeyd edildiyi kimi nə iddiaçı, nə də zamin tərəfindən imzalanmamışdır. Cavabdeh bu müddət ərzində iddiaçının banka borcunun olmadığı halda əsassız olaraq saxta məlumatları müvafiq qurumun reyestrində saxlamaqla qanunsuzluğa yol vermişdir. Bir də məsələyə digər tərəfdən baxaraq, lap ehtimal edilsə ki, 2009-cu il tarixli kredit müqaviləsi mövcuddur, lakin üstündən 11 il keçməsinə baxmayaraq, cavabdehin bununla bağlı iddia qaldırmaması artıq o borcun olmaması anlamına gəlir. Hal-hazırki pandemiya şəraitində cəmiyyətin düşdüyü ağır iqtisadi vəziyyətdən yaranan çətinliklərlə bağlı iddiaçı ailəsinin və azyaşlı övladının bəzi istehlak tələbatlarının ödənilməsi üçün onun da kredit götürməyə və bəzi xırda problemlərinin həllinə hüququ çatır. Lakin indiki vəziyyətdə, iddiaçının adına heç bir aktiv kredit müqaviləsi olmadığı halda reyestrdə 3600 gün gecikmə ilə əks olunan yanlış və neqativ məlumatlar onun konstitusion hüquqlarını pozur. Göstərilənlərə əsasən “xxxx” MMC-nin Mərkəzləşmiş Kredit Reyestrində iddiaçının adına aktiv görsənən xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə gecikmə günləri silinməklə iddiaçının borcunun olmaması barədə məlumatların verilməsinin ləğv prosesində olan “Cavabdeh" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə, 1680 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı və X6 arasında bağlanmış F25- 218 saylı, xx xxxxxx 2008-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin X6 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli, 2(004)-3903/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, gecikdirilməyə görə 376 manat məbləğində penya borcunun 37 manat məbləğinədək azaldılması, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 959 manat məbləğində əsas borc, 288 manat məbləğində faiz borcu, 37 manat penya borcu, cəmi 1.284 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh ASC-yə verilməsi, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 110/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2010cu il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh ASC-nin İddiaçı və X5 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2258/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 549 ABŞ dolları əsas, 119,25 ABŞ dolları faiz borcu, 97 ABŞ dolları hesablanmış penya borcu olmaqla, cəmi ödəniş gününün rəsmi məzənnəsinə uyğun Azərbaycan Respublikası manatı ilə 765,25 ABŞ dolları məbləğində pul və 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı "Cavabdeh" ASC-yə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1230 manat əsas, 724,68 manat faiz borcu, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 549,92 manat əsas borcu vardır. İşin materiallarında olan ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ləğv prosesində olan "Cavabdeh" ASC-yə əsas borc üzrə 1230 ABŞ dolları, faiz borcu üzrə 370,37 ABŞ dolları, cərimə borcu üzrə 354,31 ABŞ dolları, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 607,41 ABŞ dolları, cəmi 2562,09 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinin sorğuya cavab olaraq göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2258/20l0 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi 03.11.20l0-cu il tarixdə şöbənin icraatına daxil olmuşdur. 2010-cu ilin icra sənədlərinin qeydiyyat kitabında qeyd olunan icra sənədinin 18.l2.20l5-ci il tarixli qərarla “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsi ilə məhkəməyə geri qaytarıldığı qeyd edilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə "Cavabdeh" ASC arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə (borca) artıq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-110/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə qeyd edir ki, həmin kredit müqaviləsi üzrə də borcun mövcud olması halı öz əksini tapmamışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə qaytarılması halı borcun İddiaçı tərəfindən ödənildiyi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” MMC-nin Mərkəzləşmiş Kredit Reyestrində xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə gecikmə günləri silinməklə İddiaçı borcunun olmaması barədə məlumatların verilməsi ləğv prosesində olan “Cavabdeh" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “xxxx” MMC-nin Mərkəzləşmiş Kredit Reyestrində xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə gecikmə günləri silinməklə İddiaçı borcunun olmaması barədə məlumatların verilməsi ləğv prosesində olan “Cavabdeh" ASC-yə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-477/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-477/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver