Məhkəmə qərarları › İş №2(006)-4802/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4802/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4802/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası İsmayılov Ələkbər müxtəlif vaxtlarda 06.10.2017-ci il tarixli 2-22752-26 saylı bank əmanət müqaviləsi ilə 4000 manat və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqaviləsi ilə 4000 manat Cavabdeh1 ASC-nin Gəncə filialında 24 ay müddətinə cəmi 8000 manat əmanət yerləşdirmişdir. 06.10.2017-ci il tarixli 2-22752-26 saylı bank əmanət müqaviləsinin vaxtı bitdiyi üçün iddiaçı banka yaxınlaşıb atasının rəhmətə getdiyini və əmanəti atasının verdiyi etibarnaməyə əsasən götürmək istədiyini bildirərkən əvvəllər tanıdığı bankın mühasibi Təranə xanım ona yenidən əmanətin vaxtını uzatmağı təkidlə təklif etdi və iddiaçı da razılaşmışdır. Orta təhsilli olduğu və sənədləşmə işlərindən xəbər olmadığına görə etibarnaməyə insan öldükdən sonra xitam verildiyini bilmirdi. Lakin bankın əməkdaşları bunu bildikləri halda yenidən müqavilənin müddətini artıraraq iddiaçıya bunu izah etməmişlər. 2020-ci ildə Cavabdeh1 ləğv edilərək Əmanətlərin Sığortalanması Fondu bankın ləğv edicisi təyin edilmişdir. Həmin əmanətlərə dair iddiaçı notarial qaydada atasının vərəsəsi kimi tanınaraq iddiaçı tərəfindən Fonda 2021-ci ilin fevral ayında kompensasiya ilə bağlı rəsmi müraciət edilmişdir. İddiaçının müraciətinin cavablandırılması qanunvericiliyin tələblərinə zidd olaraq uzun müddət gecikdirilmişdir. Belə olan halda Fonda elektron qaydada da bir neçə müraciətlər edərək ərizənin cavablandırılmasını xahiş etmişdir. Nəhayət Fond tərəfindən 16.02.2021-ci il tarixli edilən ilkin müraciətlərinə cavab olaraq onlara **********437 saylı 30.04.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmin cavabda atasının adından iddiaçıya verilmiş etibarnaməyə atasının vəfatı ilə əlaqədar qanuna əsasən xitam verildikdən sonra bankla aralarında 06.10.2019-cu il tarixli yeni müqavilə imzalandığı üçün həmin müqavilənin 10.1-ci bəndinə istinadən onlara məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bankla aralarında 06.10.2019-cu il tarixli yeni müqavilə imzalanarkən iddiaçı rəsmi olaraq notarial qaydada atasının varisi tanınmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliyə aid müvafiq müddəalarına əsasən vərəsəliyi faktiki qəbul etmiş vərəsə olmuşdur və bunun təsdiqi olaraq da, vərəsə olması sonradan qanuna müvafiq şəkildə vərəsəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bu baxımdan istər atası tərəfindən əvvəlki müqaviləyə əsasən qoyulmuş 4000 manat əmanət, istərsə də sonradan atasının vərəsəsi kimi iddiaçını tərəfindən yeni müqaviləyə əsasən həmin əmanətin bankda saxlanılması məsələnin mahiyyətini dəyişmir, yəni həmin məbləğ bu günki gündə də bankda mövcud olmuş sayılır və bu inkar etməz bir faktdır. Bankla aralarında müqavilə imzalanarkən iddiaçı «de fakto» atasının vərəsəsi olmuşdur, sadəcə bu qanuna müvafiq qaydada həmin vaxt rəsmiləşdirilməmişdir. Digər tərəfdən hesab etsələr də, həmin vaxt atasının adından yeni müqavilənin imzalanmasına dair iddiaçının səlahiyyəti olmamışdır, bu halda qanunvericiliyin tələbinə əsasən vərəsəliyi faktiki qəbul etmiş kimi yenə də atasına məxsus və ona qaytarılası məbləğ vərəsəsi kimi iddiaçıya qaytarılmalıdır. Fonda müraciət edərkən də iddiaçı artıq qanuni vərəsə kimi tanınaraq həmin əmanətə görə kompensasiyanın verilməsini tələb etmişdir. Nəzərə alsalar ki, həm bankın ləğv edicisi, həm də əmanətlərin sığortaçısı qismində Fond özü çıxış edir bu halda yaranmış hər hansısa bir xırda mübahisə məhkəməyə müraciət etmədən də Fond tərəfindən həll edilə bilər. Belə ki, Fondun onlara ünvanladığı yuxarıda göstərilən cavabında da bank əmanət müqavilənin 10.1-ci bəndinə istinadən qeyd olunmuşdur ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilməlidir. Bundan əlavə 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqaviləsi üzrə heç bir qanun pozuntusunun və mübahisənin olmadığı bir halda Fond həmin müqavilə ilə əlaqədar da kompensasiyasının verilməsindən qanunsuz olaraq, buna dair heç bir əsas və dəlil gətirmədən imtina etmişdir. Göstərilənlərə əsasən ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya şəklində 8378 manatın ödənilməsi və 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin Gəncə filialı ilə əmanətçi X3 arasında bağlanmış 07.05.2018-ci il tarixli, 2-22752-28 saylı bank əmanəti müqaviləsindən görünür ki, X3 Cavabdeh1 ASC-yə müvafiq olaraq 24 ay müddətinə, illik 11% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin Gəncə filialı ilə əmanətçi X3 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 2-22752-30 saylı bank əmanəti müqaviləsindən görünür ki, X3 Cavabdeh1 ASC-yə müvafiq olaraq 12 ay müddətinə, illik 9% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiq edilmiş 31.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Cavabdeh1 ASC-nin Gəncə filialında onu təmsil etməyi, 2-22752-1 nömrəli hesab üzərində sərəncam verməyi, hesaba pul qoyub,pul çıxarmağı (artan faizlər daxil olmaqla) çıxardığına dair sənədlərə imza etməyi, onun adından istənilən növ ərrizə yazmağı və imzalamağı, sənədləşmə işlərini almağı, sənədləri təqdim etməyi, xidmət hallarını ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı 3 il müddətinə, 31.08.2021-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, X2 AZ76ATAZ******************** (2- 22752-30) nömrəli hesabında 4000 manat, AZ05ATAZ******************** (2-22752-28) nömrəli hesabında 4000 manat, AZ17ATZ******************** (2-22752-31) nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** (2-22752-22) nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** (2-22752-25) nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** (2022752-29) nömrəli hesabında 97,65 manat məbləğində pul vəsaitləri qalmışdır. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 976023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.12.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.12.2018ci il tarixdə 301 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: prostat vəzin xərçəngidir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ17ATZ******************** nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** nömrəli hesabında 97,65 manat məbləğində pul vəsaitlərindən ibarətdir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar.Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ76ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarında olan Gəncə regionda “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, 13.12.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X4 və qızı İddiaçı hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar.Şəhadətnamə verilən miras ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ05ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 30.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ASC-nin “Gəncə” filialı ilə X3 arasında bağlanmış 06.10.2017-ci il tarixli 2-22752-26 nömrəli bank əmanəti müqaviləsinəəsasən əmanətçi tərəfindən banka 24 ay müddətinə, illik 15% olmaqla 4000 manat sığortalı əmanət yerləşdirilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi kimi06.10.2017-ci il tarixli bank əmanəti müqaviləsinin müddəti 07.10.2019-cu il tarixdə bitmiş və X3 tərəfindən verilmiş etibarnamə əsasında əmanətçiyə məxsus əmanət məbləğini yeni şərtlərlə yenidən banka yerləşdirmişdir. Qeyd edirlər ki, həmin etibarnaməyə etibar edən şəxsin 2018-ci ildə vəfat etməyi səbəbilə xitam verilmişdir. Belə ki, Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnaməyə xitam verilməsi əsaslarından biridir. Bank əmanət müqaviləsinin 10.1-ci bəndinə əsasən müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll ediləcəkdir. İş materiallarında olan X5 tərəfindən yazılmış və Goranboy rayonu notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 23.008.2021-ci il tarixli ərizədən görünür ki, mərhum əri X1 miras qalmış əmlakla bağlı İddiaçı ilə aralarında heç bir mübahisə yoxdur. Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Talıbov M.M.tərəfindən verilmiş 29.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüquqa haqqında şəhadətnaməyə əsasən ona çatası paydan qızı İddiaçı xeyrinə imtina edir və əmanətlərin bütövlükdə onun tərəfindən alınmasına razıdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə İsmayılov Ələkbər oğlu arasında 06.10.2017-ci il tarixli 2-22752-26 saylı bank əmanət müqaviləsi ilə 4000 manat və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqaviləsi ilə müqavilələr bağlanmış, X3 isə 13.12.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 06.10.2017-ci il tarixli, 2- 22752-26 saylı bank əmanət müqaviləsinin vaxtı bitdiyi üçün iddiaçı atası Ələkbər İsmayılov tərəfindən verilmiş etibarnaməyə əsasən əmanətin vaxtını uzatmağa razılıq vermişdir. 29.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC-nin Gəncə filialı tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışa əsasən miras qoyan X2 adına qalmış AZ17ATZ******************** nömrəli hesabında 20 manat, AZ03ATAZ******************** nömrəli hesabında 150,67 manat, AZ85ATAZ******************** nömrəli hesabında 110 manat, AZ43ATAZ******************** nömrəli hesabında 97,65 manat, AZ76ATAZ******************** nömrəli hesabında 4000 manat, AZ05ATAZ******************** nömrəli hesabında 4000 manat məbləğində pul vəsaitləri miras kimi X2 arvadı X4 və qızı İddiaçı adına qeydiyyatdan keçmişdir. Məryam Quliyeva ona çatası paydan qızı İddiaçı xeyrinə imtina etmiş və əmanətlərin bütövlükdə onun tərəfindənə alınmasına razıdır. Hazırda iddiaçı (əmanətçinin vərəsəsi) cavabdehdən 8378 manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X8 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X8 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X7 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə hesab edir ki, X2 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X3 06.10.2017-ci il tarixdə banka 24 ay müddətinə 4000 manat əmanət yerləşdirmişdir. Həmin əmanətin vaxtı 07.10.2019-cu il tarixdə bitdiyinə görə bank müqavilənin vaxtını uzatmış və iddiaçı etibarnaməyə əsasən həmin müqaviləni imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə hazırki mülki iş üzrə mübahisə predmeti olan əmanət müqavilələri ilə əlaqədar bağlanmış əqdə hüquqi qiymət verərək hesab edir ki, X3 13.12.2018-ci il tarixdə vəfat etdiyindən, 07.10.2019-cu il tarixdə bağlanmış müqavilə isə etibarnamə əsasında həyata keçirildiyi tərəflər bildirsədə belə bir hissə müqavilədə aşkar edilməmişdir. Odur ki, 07 oktyabr 2019-cu il tarixli əmanət müqaviləsi X3 öldüyündən müqavilə bağlandığı andan etibarsız əqddir. Məhkəmə həmçinin müqavilənin etibarnamə ilə bağlanması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki: AR Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnaməyə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əgər əqd etibarnamə əsasında bağlanmış olsaydı belə həmin 07.10.2019-cu il tarixli əmanət müqaviləsi etibarnaməyə xitam verildiyindən yenə etibarsız hesab edilməli idi. Məhkəmə qeyd edir ki, 06.10.2017-ci il tarixli əmanət müqaviləsinin uzadılması müddəti bitmiş etibarnamə üzrə uzadılsada 07.10.2019-cu il tarixli müqavilə bağlandığı andan etibarsız olmuşdur. Lakin uzadılmaya əsas olmuş 06.10.2017-ci il tarixli müqavilə etibarlı əqd olduğundan bank tərəfindən əmanətin istənildiyi təqdirdə qaytarılması öhdəliyi isə mövcud olaraq qalmaqdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 13.12.2018-ci il tarixdə vəfat etmiş, onun qanuni vərəsələri – arvadı X5 və qızı İddiaçıdır. Məryam Quliyeva ona çatası paydan iddiaçının xeyrinə imtina etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 hesabında qalan 8378 yəni, iki müqavilə üzrə ümumilikdə 8000 manat və hesabda qalan qalıq məbləğlər üzrə isə 378 manat onun vərəsəsi İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində əmanət, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 (səkkiz min dörd yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 06.10.2017-ci il tarixli, 2-22752-26 saylı və 07.05.2018-ci il tarixli 2-22752-28 saylı bank əmanət müqavilələri üzrə 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində əmanət, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8408 (səkkiz min dörd yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar