Məhkəmə qərarları › İş №2(006)-4803/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4803/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4803/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və 1122 (bir min yüz iyirmi iki) manat əsas borc, 168,30 (bir yüz altmış səkkiz manat, otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1290,30 (bir min iki yüz doxsan manat, otuz qəpik) manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 nömrəli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 0 % dərəcəsi ilə 1698 (bir min altı yüz doxsan səkkiz) manat məbləğində kredit verilmiş, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, R.A,Qasımov götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmiş və ona 16 noyabr 2020-ci il tarixli, 12793/20 saylı, 10 fevral 2021-ci il tarixli, 13882/21 saylı və 22 fevral 2021-ci il tarixli, 13979/21 saylı pretenziya məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: BOKT "xxxx" QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavədən (ödəniş cədvəlindən) görünür ki, bank tərəfindən borcluya şəxsi istehlak məqsədi ilə 18 müddətinə, illik 0% dərəcəsi ilə 1698 (bir min altı yüz doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnn banka 1290,30 (bir min iki yüz doxsan manat, otuz qəpik) manat məbləğində borcu vardır. BOKT "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanan 16 noyabr 2020-ci il tarixli, 12793/20 saylı, 10 fevral 2021-ci il tarixli, 13882/21 saylı və 22 fevral 2021-ci il tarixli, 13979/21 saylı xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh oğlu banka olan borcunu 5 gün ərzində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. 27.11.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 20.05.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 18 ay müddətinə, illik 0% dərəcəsi ilə 1698 (bir min altı yüz doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. Cavabdeh BOKT "xxxx" QSC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa, məhkəmə iddia tələbinin 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə sadalanan normaların və 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 saylı kredit müqaviləsinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1122 (bir min yüz iyirmi iki) manat əsas borc, 168,30 (bir yüz altmış səkkiz manat, otuz qəpik) cərimə borclu olmaqla, cəmi 1290,30 (bir min iki yüz doxsan manat, otuz qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (iyirmi manat, qırx qəpik) manat dövlət rüsumu BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 15.04.2020-ci il tarixli, 360-EMB-0645-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1122 (bir min yüz iyirmi iki) manat əsas borc, 168.30 (bir yüz altmış səkkiz manat, otuz qəpik) cərimə borclu olmaqla, cəmi 1290.30 (bir min iki yüz doxsan manat, otuz qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (iyirmi manat, qırx qəpik) manat dövlət rüsumu BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar