Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4819/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə (X6 və Səbail rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «kredit müqaviləsi üzrə artıq hesablanmış faizin, dəbbə pulunun silinməsi və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə (X6 və Səbail rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «kredit müqaviləsi üzrə artıq hesablanmış faizin, dəbbə pulunun silinməsi və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış 2018/00511 saylı kredit müqaviləsi üzrə 12.788,56 manat məbləğində (8.100,20 manat əsas borc, 4.688,36 manat qeyri-dəqqiq hesablanmış ziddiyətli faizin) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 27.12.2018-ci il tarixli 2018/00511 saylı kredit müqaviləsinə əsasən borc alan İddiaçı cavabdeh "xxxx" BOKT MMC-dən illik 30 % olmaqla 36 ay müddətinə 24.000 manat kredit götürmüşdür. Cavabdeh əsassız olaraq ondan 24.000 manat götürdüyü kredit məbləğinin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2018/00511 saylı kredit üzrə 12.788,56 manat (8.100,20 manat əsas borc, 4.688,36 manat faiz) borcun ödənilməsini tələb etmişdir. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edərək 27.04.2021-ci il tarixli icra qeydi almış və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Hesab edir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydinə əsasən tələb olunan 12.788,56 manat məbləğində (8.100,20 manat əsas borc, 4.688,36 manat faiz) borc məbləği cavabdeh "xxxx" BOKT MMC tərəfindən öz maraqları nəzərə alınmaqla hesablandır və həqiqətə uyğun olmadığı, qanunsuz və əssasız olduğu üçün ləğv olunmalıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydinin mövcud olduğunu 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsindən edilən telefon zəngindən və buna görə çağırış əsasında məlumatı olmuşdur. Belə ki, cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərinə əsasən ondan 12.788,56 manat məbləğində (8.100,20 manat əsas borc, 4.688,36 manat faiz) borcu tələb edilir. Nəzərə alınsa ki, kredit məbləğinin təxminən yarı məbləğini qrafikə uyğun ödəmişdir, ödədiyi məbləğin müəyyən hissəsi əsas borca, digər hissəsi isə faizə silindiyi üçün təqribən onun cavabdehə olan borcu təxminən 9.500 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 9 saylı Notariat Ofisi 27.04.2021-ci il tarixli icra qeydinə əsasən 12.788,56 manat məbləğinin ondan tutularaq cavbdehə ödənilməsi tələb olunur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyətə səbəb məbləğin cavabdeh "xxxx" BOKT MMC tərəfindən öz maraqları nəzərə alınaraq hesablanması və həqiqətə uyğun olmamasıdır. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra sənədi bu qaydada icra edilə bilməz və onun icrası «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq məcburi dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 422.2, 422.2.2, 423.2-ci maddələrinə istinad edən iddiaçı əlavə olaraq qeyd etmişdir ki, kredit ödənişini gecikdirməsinin əsas səbəbi həmin müddət ərzində dünyaya yayılmış pandemiyanın Azərbaycanda da ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tətbiq olunmasından irəli gəlmişdir. Hesab edər ki, bu hall Mülki Məcəllənin tələbinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, faiz borcları hələ də qalmaqdadır buna görə də iddia əsassızdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Səbail rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və Səbail rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsinin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və Səbail rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı "xxxx" BOKT MMC ilə aralarında bağlanmış 27.12.2018-ci il tarixli 2018/00511 saylı kredit müqaviləsinə əsasən həmin Təşkilatdan 36 ay müddətinə, illik faiz dərəcəsi 30 % olmaqla, 24.000 manat məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üsulu kimi müqavilə tərəfləri və ipoteka qoyan X6 arasında 27.12.2018-ci il tarixli 2018/00511-İP saylı ipoteka müqaviləsi bağlanmış, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanda, 0,0235 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borc alan tərəfindən BOKT qarşısında götürülmüş öhdəliklər tam və vaxtında icra edilmədiyindən, BOKT notariat orqanına müraciət edərək, icra qeydi almış və icra qeydi icraya yönəldilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydində göstərilmiş borcun mübahisəli olduğunu bildirən iddiaçı, həmin icra qeydinin ləğv edilməsini, həmçinin artıq hesablanmış borc məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə icra qeydində göstərilən məbləğin mübahisəli olub-olmadığını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli 9/6321 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsingə göstərilənlərə əsasən İddiaçı tərəfindən BOKT-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 27 dekabr 2018-ci il tarixli 2018/00511 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə, İddiaçı 27 aprel 2021-ci il tarixə banka olan borcu ümumilikdə 10.600,85 manat məbləğində müəyyən edilir, o cümlədən: 27.04.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): - əsas borc üzrə – 7.074 manat 65 qəpik; - faiz üzrə – 3.526 manat 21 qəpik. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Ekspert rəyindən göründüyü kimi, icra vərəqəsinin verildiyi məbləğ mübahisəlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27.12.2018-ci il tarixli 2018/00511 saylı kredit müqaviləsi üzrə İddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə pul məbləği tutulmasına dair Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Aparılmış tədqiqatın dəyəri olan 150 manat cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə ondan tələb olunan məbləğləri ayrıca icraat qaydasında məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.12.2018-ci il tarixli 2018/00511 saylı kredit müqaviləsi üzrə İddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə pul məbləği tutulmasına dair Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli icra qeydi ləğv edilsin. Aparılmış tədqiqatın dəyəri olan 150 manat cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4819/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4819/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver