Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4822/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14-15 yaşlarında olan oğlan övladlarını normal qaydada böyüməsi üçün Cavabdeh aliment məbləğinin artırılaraq hər uşaq üçün 250 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə olan nikahları pozulmuşdur. Hal-hazırda oğlanları 14-15 yaşlarındadır. Mingəçevir şəhər məhkəməsi tərəfindən təyin olunmuş (hər uşağa 130 manat) aliment məbləği uşaqların heç bir tələbatını ödəmir. Uşaqların orta məktəbdə istifadə olununan dərs ləvazimatı, normal qidalanması, geyimləri və digər zəruri tələbatlarını bu məbləğlə qarşılamaq olduqca çətindir. Onu da əlavə etmək istəyir ki, övladları ilə kirayədə yaşayırlar. Uşaqların atası Cavabdeh ümumiyyətlə övladları ilə maraqlanmır. Oğlanlarının mənəvi ehtiyaclarını (valideyin qayğısı, sevgisi) və maddi ehtiyaclarını iddiaçı tək qarşılayır. Böyüdükcə uşaqların atasının diqqət və qayğısına ehtiyacının artmasına baxmayaraq ata onlara heç bir qayğı və diqqət göstərmir Hələ bu da az imiş kimi uşaqları özündən tam uzaqlaşdırmaq məqsədilə ona maddi zərər vurduqlarını iddia edərək şər atıb onları məhkəməyə vermişdir. Bu yolla ondan təzminat almaq istəyirdi. Şəki Apellyasıya məhkəməsinin ədalətli qərarı ilə övladlarının günahsızlığı sübut olundu. Ədalət bərpa olunsa da, bu hadisə uşaqlara ciddi mənəvi zərbə oldu. İddiaçı yeniyetmə yaşında olan oğlanları cəmiyyətdə cövlan edən arzuolunmaz vərdişlərdən qorumaq məqsədilə onları idman məktəblərinə yazdırmışdır və müəyyən uğurları da var. Bütün bunları yerinə yetirmək iddiaçıya maddi cəhətdən çox çətindir. Əlavə onu da qeyd etmək istəyir ki, Cavabdeh yüksək məvacib almaqla yanaşı həftə sonları toylarda musiqiçi kimi (tarda) iştirak edir, axşamlarda şəxsi maşını ilə taksi işləyir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılması və hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasında iştirak etmədiyini iddia ərizəsinə etirazda qeyd etmiş, lakin məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar anasının yanında qalmaqla yetkinlik yaşına çatana kimi hər uşağa 130 manat olmaqla cəmi 260 manat aliment tutulması qət edilmişdir. Aliment onun əmək haqqından hər ay tutularaq birbaşa iddiaçıya göndərilmişdir. Hazırda alimentin artırılması üçün heç bir əsas yoxdur. Belə ki, o, hal-hazırda ailə qurmuşdur. Hələlik uşaq yoxdur. İddiaçı tərəf isə bildiyinə görə ailə qurmamış, Mingəçevir şəhər Bülbül adına 2 saylı musiqi məktəbində fortepiano müəllimi işləyir və təxminən 600 manat əmək haqqı alır. O özü də həmin musiqi məktəbində tar müəllimi işləyir və hər ay 861 manat əmək haqqından 260 manat alimentə tutulur, faktiki olaraq 600 manat əmək haqqı alır. Başqa qazanc yeri yoxdur, həyat yoldaşı ilə birgə kirayədə yaşayır və hər ay 250 manat kirayə pulu verir. İddiaçı Həsənova X3 şəhəri, 20 Yanvar küçəsi ev 6B, mənzil 41 ünvanda daimi qeydiyyatda olmaqla uşaqlarla birlikdə Bakı şəhərində xalasının evində müvəqqəti yaşayır. İddiaçı hər ay ondan 260 manat aliment almaqla 600 manat musiqi məktəbindən əmək haqqı alır. Bundan əlavə Bakı şəhərində kosmetoloq-həkim kimi fəaliyyət göstərir. Onun aylıq qazancı kifayət qədərdir və uşaqların saxlanması üçün alimentin artırılmasına ehtiyac yoxdur. Sonda o, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh təkrarən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək ilkin etirazında qeyd etdiyi halları təkrarlamış və əlavə olaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsini, habelə xx.xx.2023-cü ildə "xxxx" ASC-dən 4500 manat kredit götürməsini və eyni zamanda "xxxx" ASC-də də kredit öhdəliyinin olmasını qeyd edərək bir daha iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Nikah evində xx.xx.2007-ci il tarixdə 343 nömrə ilə qeyd alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqlarının iddiaçı X2 yanında qalması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub X6 verilməsi qət edilmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 362316 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6- 0353 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərəfin iddia ərizəsinə etirazına əlavə etdiyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 51 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qed edilmişdir ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən həmin məktəbdə Tar ixtisası üzrə müəllim işləyir və hesablanmış aylıq əmək haqqı 1076 manatdır, ondan hər ay 260 manat aliment tutulur, ələ çatan əmək haqqı 602 manatdır. Cavabdeh tərəfin iddia ərizəsinə etirazına əlavə etdiyi Azərbaycan kredit bürosundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh qalıq məbləğləri 4198,29 manat və 1778,09 manat olmaqla aktiv öhdəlikləri mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Tərəflərin əvvəllər rəsmi nikahda olması, onların birgə nikahdan iki övladının olması, nikahın pozulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər uşağa 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı uşaqların tələbatlarının artmasını əsas gətirərək tutulan aliment məbləğinin hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. İşin araşdırılan hallarından aydın olur ki, hər iki tərəfin rəsmi və özlərinin iddia etdikləri kimi qeyri-rəsmi gəlirləri mövcuddur.Cavabdehin hətta 2005-ci ildən etibarən, yəni iddiaçı ilə nikah münasibətlərinə daxil olmadan da əvvəldən müntəzəm iş yeri olmuşdur, lakin tərəflər arasında ilkin olaraq alimentlə bağlı məsələyə qiymət verilərkən cavabdehdən sabit pul məbləğində aliment tutulması qət edilmişdir və hazırda da iddiaçı yenə də cavabdehdən alimentin məhz sabit pul məbləğində müəyyən edilməklə artırılmasını xahiş etmişdir. Hazırda da cavabdeh eyni iş yerində fəaliyyətini davam etdirir və ilkin olaraq alimentin müəyyən edildiyi 2020-ci ildən sonra cavabdehin ailə vəziyyətində dəyişiklik olsa da, maddi vəziyyətində hər hansı, xüsusilə də artımla bağlı dəyişiklik olması müəyyən edilmir. İddiaçının özünün də bildirdiyi kimi cavabdeh nikahda olduqları dövrdə olduğu kimi hazırda da tar müəllimi kimi həm fərdi qaydada tələbələrlə məşğul olaraq, habelə restoran tipli ictimai-iaşə obyektlərində keçirilən mədəni tədbirlərdə də musiqiçi kimi çıxış edərək gəlir əldə etməkdədir. İddiaçı qeyd edilən halların nəzərə alınaraq övladlarının tələbatlarının artması ilə əlaqədar olaraq təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə cavabdehin alimentin artırılmasına özünün kirayədə yaşaması, habelə kredit borcu üzrə öhdəliklərinin olması əsasları ilə etiraz etməsi ilə bağlı bildirir ki, qeyd edilən hallar vahid məhkəmə təcrübəsinə əsasən alimentin azaldılmasına mütləq əsas verən hallar olmadığı kimi həmçinin alimentin artırılmasına mane olan hallar kimi də nəzərə alına bilməz. Məhkəmə iddiaçının hər bir uşağın saxlanması üçün 250 manat məbləğində olmaqla, cəmi 500 manat məbləğində alimentin tutulmasını tələbini və cavabdehin isə rəsmi aylıq gəlirinin 1076 manat olmaqla, ondan əmək haqqının 1/3 hissəsində aliment tutulması ehtimalı halında həmin məbləğin (1076:3≈360) 360 manat təşkil edəcəyini, habelə iddiaçının özünün və cavabdehin də əlavə qazanc əldə edilməsi məqsədilə rəsmi iş yerlərindən başqa digər gəlir gətirən fəaliyyətlə məşğul olmasını, ümumilikdə uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətlərinə təsiri nəzərə alır. Məhkəmə həmçinin iş üzrə qərarın qəbul edilməsi tarixi baxımdan qanuni qüvvəyə minənədək icraya yönəldilməsi nəzərdə tutulan növbəti 2024-cü il üçün ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun da müəyyən edilməsini, bu faktın özünün də alimentin artımını labüd etməsini nəzərə alır və hər bir halda alimentin miqdarının artırılmasını məqsədəuyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (360-260=100 manat, 100 x 12 = 1200 manat, 1200- 1000=200; 200 x 1% = 2; 30+2 = 32 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4822/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4822/2023
08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver