Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4831/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC-nin Bravo-2 filialına qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc öhdəliklərinin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC-nin Bravo-2 filialına qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc öhdəliklərinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 10.09.2018-ci il tarixli, 115GTKR 9948759AA saylı kredit müqaviləsi, həmçinin həmin tarixdə **********01944115 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq bir müddət kredit borcunun aylıq ödənişini vaxtlı-vaxtında icra etsə də, lakin 01.05.2019-cu il tarixdə qanunsuz və əsassız olaraq işdən azad edildiyi üçün, kredit borcunun aylıq ödənişlərinin vaxtlı-vaxtında icra edə bilməmişdir. Qeyd edilən əsaslardan sonra "xxxx" ASC tərəfindən Masallı rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan 10.09.2018-ci il tarixli 115GTKR9948759AA saylı kredit müqaviləsinə əsasən 1675,62 manat əsas, 373,52 manat faiz borcu olmaqla, cəmi 2049,14 manat məbləğində borcun, 10.09.2018-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən isə 220,99 manat əsas, 73,47 manat faiz olmaqla, cəmi 294,46 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)- 998/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin iddia tələbi təmin edilmiş, daha sonra müvafiq qətnamə qanuna müvafiq qaydada icra edilməsi üçün Masallı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan əlavə, iddiaçı qanunsuz və əsassız olaraq işdən azad edildiyi üçün və işə bərpa edilməsi ilə əlaqədar olaraq iddia ərizəsi və ona əlavələrlə Binəqədi rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmədiyi üçün həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12319/2019 saylı, 24.10.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh təşkilatın müvafiq əmri ləğv edilməklə iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilmişdir. Cavabdeh (işəgötürən) tərəfindən Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2122/2020 saylı, 24.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin müavfiq qətnaməsi dəyişdirilmədən qüvvədə saxlamışdır. Müvafiq məhkəmə qərarlarından sonra iddiaçı 01.10.2020-ci il tarixdə işə bərpa edilmişdir. Yuxarıda qeyd edilənlərdən sonra 30.12.2020-ci il tarixdə Cavabdehın Bravo-2 filialına gedərək məhkəmə qərarı ilə yeni işə bərpa edildiyini, himayəsində dörd azyaşlı övladlarının olduğu və göstərilən səbəbləri nəzərə alaraq, əmək haqqı kartının blokdan çıxarılmasını və «İcra haqqında» Qanuna müvafiq olaraq əmək haqqının 50% miqdarının təşkil edən hissəsini kredit ödənişinə yönəldilməsini xahiş etmişdir. Bütün bu sadalanan səbəblərə baxmayaraq Cavabdehın Bravo-2 filialı iddiaçını aldadıb ona bildirərək qeyd etmişdir ki, «Sizin əmək haqqı kartınızdan tutulmanın 50 faizinin həyata keçirilməsi mümkünsüzdür. Lakin əmək haqqı kartınızı bir şərtlə blokdan çıxarda bilərik ki, Sizinlə yeni müqavilə bağlansın və yeni müqaviləyə əsasən aylıq ödənişi həyata keçirərək əvvəlki borcunuzu bağlaya bilərsiniz». O, deyilənləri nəzərə alaraq Cavabdehın Bravo-2 filialı ilə iddiaçı arasında 30.12.2020-ci il tarixli yeni müqavilə bağlanmışdır. Müqavilənin bağlayıb müvafiq sənədləri aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, bank əməkdaşı onu aldatmış, Masallı rayon Məhkəməsinin 2(050)-998/2020 saylı, 16.06.2020-ci il tarixli icra sənədinə əsasən onun Cavabdeha borcu kredit müqaviləsi (əsas 1675,62+faiz 373,52) və kredit xətti (əsas 220,99+faiz 73,47), həmçinin məhkəmə rüsumu 30 manatı da nəzərə aldıqda onun ümumi borcu 2373,06 manat olduğu halda, Bank onunla illik faiz dərəcəsi 25,04 % olmaqla, 2782,75 manat məbləğində 36 aylıq müddətinə illik faiz dərəcəsi 25,4 % olmaqla yeni müqavilə bağlamışdır. Həmin müqaviləyə 1203,72 manat məbləğində faiz, habelə 409 manat məbləğini də müqavilə bağlanarkən bank əməkdaşı əlavə etmişdir. Göründüyü kimi Masallı rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddiaçının Cavabdeh ASC-nə 2737 manat borcu olduğu halda, bank tərəfindən ona 3986 manat məbləğində yeni borc məbləği yazılmışdır. Bütün bu sadalanan halları və əsasları nəzərə alaraq iddiaçı tərəfindən Cavabdeh ASC-nə və digər cavabdehə 17.02.2021-ci il tarixdə rəsmi müraciət etsə də, etdiyi müraciətləri nəticəsiz qalmışdır. Bundan başqa, iddia ərizəsinə əlavə etdiyi Cavabdeh ASC-nin Bravo-2 filialının müdirinə ünvanladığı ərizədən də göründüyü kimi, iddiaçı tərəfindən banka gündəlik təlabat məqsədləri üçün 2782 manat məbləğində kredit ayrılması üçün müraciət edilmiş, bank isə həmin krediti rəsmiləşdirərək və əlavə illik 25,4 % hesablayaraq iddiaçının banka olan borcuna silmiş və ona heç bir kredit ayrılmasından vəsait təqdim etməmişdir. Göstərilənlənə əsasən iddiaçı ilə Cavabdehın Bravo-2 filialı arasında bağlanmış 30.12.2020-ci il tarixli, RGTK3318361A207 saylı kredit müqaviləsinin ləğv edilməsi, 01.01.2021-ci il tarixdən başlayaraq iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilən pul məbləğlərinin Masallı rayon Məhkəməsinin 2(050)-998/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsində göstərilən borc öhdəliklərinə silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək bildirdi ki, yeni bağlanmış kredit müqaviləsi üzrə pulu almadığı, müqavilənin şriftlərinin balaca yazıldığından oxumadığını və faizlərin yüksək yazıldığına əsaslanaraq ddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə 10.09.2018-ci il tarixdə 115GTKR 9948759AA saylı kredit və həmin tarixdə **********01944115 saylı kredit xətti müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən müvafiq olaraq illik 25,32% olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş və 300 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı qeyd olunan müqavilələr üzrə öhdəliklərini icra etmədiyindən bank tərəfindən İddiaçı qarşı iddia qaldırılmış və Masallı rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli 2(050)-998/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh İddiaçı 10.09.2018-ci il tarixli, 115GTKR9948759AA saylı kredit müqaviləsinə əsasən 1675,62 manat əsas, 373,52 manat faiz borcu olmaqla, cəmi 2049,14 manat məbləğində borcun, 10.09.2018-ci il tarixli **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən 220,99 manat əsas, 73,47 manat faiz borcu olmaqla, cəmi 294,46 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı borcunu ödəməkdə çətinlik çəkdiyi uçün Banka müraciət edərək ona yeni kreditin verilməsini və həmin kredit üzrə əldə olunan vəsaitin borcuna silinməsini xahiş etmişdir. Buna əsasən iddiaçı ilə 30.12.2020-ci il tarixli, RGTK3318361A207 saylı kredit müqaviləsi bağlanaraq ona 2782,75 manat məbləğində kredit verilmiş və həmin məbləğ iddiaçının banka olan borcu üzrə silinmişdir. İddiaçı iddia ərizəsində qətnamə ilə ondan tutulmalı olan borcun 2373,06 manat olduğu halda Bank tərəfindən ona 2782,75 manat kreditin verildiyini, həmin pulun borca silinərək ona heç bir vəsaitin verilmədiyini qeyd etmişdir. Qeyd olunan qətnamə qət edilərkən yuxarıda göstərilən 10.09.2018-ci il tarixli kredit müqavilələrinin müddətləri bitməmişdi və qətnaməyə əsasən yalnız həmin tarixə olan borcun tutularaq Banka ödənilməsi qət olunmuşdur. Buna görə də həmin qətnamə ilə qeyd olunan kredit müqavilələri ləğv edilməmişdir. Qeyd olunan kredit müqavilələri ləğv edilmədiyindən və qətnamə ilə yalnız qətnamə çıxarıldığı günə hesablanmış borc tutulduğundan iddiaçıya həmin müqavilələr üzrə borc hesablanması davam etdirilmiş və 30.12.2020-ci il tarixə kredit müqavilələri üzrə müvafiq olaraq 2413,31 manat və 341,89 manat, cəmi 2755,2 manat borcun qaldığı müəyyən edilmişdir. İddiaçı göstərilən borcun bağlanması üçün ərizə ilə müraciət edərək ona 2782,75 manat (27,55 manat yeni kredit üzrə xidmət haqqı nəzərə alınmaqla) məbləğində kreditin verilməsini xahiş etmişdir. İddia ərizəsinin «Bank tərəfindən mənə yeni borc məbləği yazılmışdır» hissəsi əsassızdır. Həmçinin iddiaçı kredit müqaviləsinin ləğv edilməsini və qətnamə ilə tutulmalı olan borc öhdəliklərinin silinməsini tələb etsə də, buna dair əsaslar təqdim etməmişdir. Qeyd olunan tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsini imzalayarkən iradə ifadəsini göstərərək, Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin Bravo-2 filialına ünvanlanmış 30.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün 2782,75 manat məbləğində 26 ay müddətinə nağd pul kreditin verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərin əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin Bravo-2 filialına ünvanlanmış 30.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ona rəsmiləşdiriləcək kreditin hesabına 09.10.2018-ci il tarixli 115GTKR9948759AA saylı kredit müqaviləsi üzrə olan 2413,31 manat, 09.10.2018-ci il tarixli **********01944115 saylı kredit müqaviləsi olan 341,89 manat borcu vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 30.12.2020-ci il tarixli RGTK3318361A207 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Bravo-2 filialı İddiaçı 36 ay müddətinə illik 25,04% olmaqla 2782,75 manat kredit vermişdir. İş üzrə Masallı rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(050)-998/2020 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı 10.09.2018-ci il tarixli 115GTKR9948759AA saylı kredit müqaviləsinə əsasən 1675,62 manat əsas,373,52 manat faiz borcu olmaqla, cəmi 2049,14 manat məbləğində borc, 10.09.2018-ci il tarixli, **********01944115 saylı kredit xətti müqaviləsinə əsasən 220,99 manat əsas, 73,47 manat faiz borcu olmaqla, cəmi 294,46 manat məbləğində borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.06.2020-ci il tarixli, 2(102)-2122/2020 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə pulun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 01.05.2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçının 11.06.2018-ci il tarixli əmək müqaviləsi üzrə tutduğu işə bərpa edilməsi, cavabdeh tərəfindən 01.05.2019-cu il tarixdən başlayaraq işə bərpa ediləcəyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin 24.06.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 30.03.2021ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-nin Bravo-2 filialı ilə İddiaçı arasında 30.12.2020-ci il tarixdə 36 ay müddətinə illik 25,04 faiz dərəcəsi ilə 2782,75 manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin kredit müqaviləsində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası, öhdəliklərin gecikdirilməsinə görə tətbiq olunan faiz (dəbbə pulu) qeyd edilmişdir. Kredit müqaviləsində faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borclarının sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borclarının istənilən hesabında bloklaşdırıla bilər. Müraciəti nəzərə alaraq Bank tərəfindən kredit müqaviləsi üzrə güzəşt imkanları araşdırılmış, lakin güzəşt edilməsi mümkün hesab edilməmişdir. Hazırda iddiaçı, Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini və qətnamə ilə tutulmalı olan borc öhədliklərinin silinməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbində 30.12.2020-ci ila tarixli kredit müqaviləsinin ləğv edilməsini qeyd etsədə, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında müqavilənin etibarsız hesab edilməsi əsaslarından çıxış etmişdir. Odur ki, iddianın mahiyyəti qeyd olunan müqavilənin etibarsız hesab olunması olduğundan məhkəmə əqdlərin etibarsız hesab edilməsi hissəsinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından göründüyü kimi, iddiaçı kredit müqaviləsini mübahisələndirərkən əqdin etibarsızlığına dair qanunvericilikdə müəyyən edilmiş və yuxarıda qeyd edilən əsaslara istinad etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olduğu kimi, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə iddianın digər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 01.01.2021-ci il tarixdən banka ödədiyi məbləğlərin qətnamə ilə tutulmalı olan borc öhdəliklərinə silinməsini iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ilə Kapital Bank arasında bağlanmış 10.09.2018-ci il tarixli kredit müqavilələrinə əsasən bank məhkəməyə müaciət etmiş və müvafiq pulun tutulması barədə yekun məhkəmə qətnaməsi qəbul edilərək qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Daha sonradan iddiaçının əmək haqqı kartı bloklanmış və iddiaçı blokun açılması üçün banka müraciət etmişdir. Daha sonradan iddiaçı ilə bank arasında 30.12.2020-ci il tarixli yeni müqavilə bağlanaraq əvvəlki borclar silinmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin cavabdeh X1-2 Filialına münasibətdə qeyd edir ki, filial hüquqi şəxs deyildir, hüquqi şəxsi təmsil edir və subyektiv cavabdeh ola bilməz. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC-nin Bravo-2 filialına qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc öhdəliklərinin silinməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC-nin Bravo-2 filialına qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc öhdəliklərinin silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4831/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4831/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver