Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4839/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-5756|2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz), ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-5756|2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 234 (iki yüz otuz dörd) manat miqdarında aliment tutularaq xeyrinə ödənilməlidir. Həmin qərarın icrası hazırda Xəzər rayon icra şöbəsindədir. Sözügedən qətnamə cavabdeh tərəfindən ötən ilin oktybar ayından hazıradək qərəzli icra edilmir. Həmçinin Cavabdeh öz uşaqları ilə maraqlanmır. Evdar qadındır, heç bir yerdə işləmir, orta təhsillidir. Məlumat üçün bildirir ki, övladlarının saxlanılması üçün valideynləri ona maddi kömək göstərir. Onun maddi durumu o qədər çətinləşib ki, ona əvvəlki miqdarda təyin olunmuş alimentlə yuxarıda adlarını qeyd etdiyi uşaqlarını saxlaya bilmir. Yuxarıda göstərilənlərə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-5756|2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, xx xxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz), ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X8 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o vərəm xəstəsidir, həm də ikinci dəfə ailə qurmağı planlaşdırır. Aliment ödəməyə imkanın olmadığını nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 266722 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 148 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-5756/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qərara alınmışdır. “Məlumat bazası”ndan çıxarışın surətindən görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə “İTM-X5 Şirkəti” MMC-də 350 manat əmək haqqı ilə dəmirçi vəzifəsində işləyir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından iki uşağı anadan olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmuşdur, uşaqlar iddiaçının himayəsindədir. Xəzər Rayon Məhkəməsinin 2(003)- 5756/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında əks olunan hüquqi mövqeyin nəzərə alınmasının zəruri olduğunu qeyd edir. Belə ki, həmin qərarın 8.3-cü və 8.13-cü bəndlərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına əsasən məhkəmə hesab edir ki, xeyrinə aliment tutulan uşaqların sayının çox olması ilə aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün həmin Qərarda müəyyən edilən prinsiplər ağlabatan həddə nəzərə alınmalıdır. Belə ki, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5756/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-5756/2016 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4839/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4839/2020
15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver