Məhkəmə qərarları › İş №2(006)-4847/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4847/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4847/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimetin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7003/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası təmin edilmişdirş xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi onun yanında saxlanılması üçün hər ay 150 (yüz əlii) manat sabit pul məbləğində alimentin Cavabdeh oğlu tərəfindən ödənilməsi qət edilmişdir. X1 artıq xeyli vaxtdır ki, nevroloji xəstəliklə bağlı müalicə alır. Hər ay övladı üçün almalı olduğu dərman vəsaitlərinə xeyli miqdarda pul ödəməli olur. Maddi vəziyyəti ağırdır. Bu səbəbdən də bir ata olaraq övladının xərclərinə kömək etməsini istəyir. Bir ata olaraq övladının xərclərinə kömək etməsini istəyir. Məlumdur ki, uşaq böyüdükcə məsrəfləri də yetərincə artır. Bu səbəbdən də, “aliment məbləğinin həcminin artırılması” barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/2-01538/22 Arayışdan görünür ki, Cavabdeh oğlu mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində aliment ödəməyə razıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7003/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh oğlunun olması müəyyən edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Babəli qızına verilməsi, alimentin tutulmasının xx.xx.2017-ci il tarixdən hesablanması, aliment tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı tərəflərin əvvəllər rəsmi nikahda olması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X2 ananın yanında qalması, onun yetkinlik yaşına çatanadək 150 manat məbləğində aliment təyin edilməsi faktları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-7003/2017 saylı qiyabi qətnaməsi ilə tutulan alimentin miqdarı arıtırılaraq, Cavabdeh oğlundan hər ay hər 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-7003/2017 saylı qiyabi qətnaməsi ilə tutulan alimentin miqdarı arıtırılaraq, Cavabdeh oğlundan hər ay hər 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar