Məhkəmə qərarları › İş №2(006)-4867/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4867/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4867/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «borc» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 1260 manat dəyərində olan “Hisense” markalı televizor satmışdır. Alqı-satqı müqaviləsinin 3.4cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 100 manat etməklə, hər ay üçün 96,67 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 100 manat ödəniş etmiş, qalan 1160 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “xxxx” MMC-nin xeyrinə 1160 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada göndərilmiş bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən «xxxx» MMC Cavabdeh “Hisense 49N2170” markalı televizoru 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 96,67 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1260 manat təşkil edir. İş üzrə «xxxx» MMC tərəfindən verilmiş arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 1260 manat əsas borcundan bu günədək 100 manat ödəniş etmiş, 1160 manat əsas borcu qalmışdır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 1260 manat olan “Hisense 49N2170” markalı televizor pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış televizor Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği tam ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 1160 (bir min yüz altmış) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1190 (bir min yüz doxsan) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 1160 (bir min yüz altmış) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1190 (bir min yüz doxsan) manat məbləğində pul tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar