Məhkəmə qərarları › İş №2(006)-4898/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4898/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4898/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 200.000 (iki yüz min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X4 oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 19 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İddiaçı ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 61,939 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çəkidə narkotik vasitə heroin və 4,721 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən X2 iki ədəd bükümdə 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına, İddiaçı 3 ədəd bükümdə 42,362 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, "Jasmin park" yaşayış sahəsinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İddiaçı həmin gün saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, "Jasmin park" yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı İddiaçı əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 28,911 qram narkotik vasitə qurudulmuş marixuana, gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynində olan şalvarının sol arxa cibindən bir ədəd bükümdə 12,583 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq X2 04 fevral 2023-cü il tarixdə saat 04:33-də ünvan 2 ünvanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə 05:20- dən etibarən keçirilən şəxsi axtarış zamanı Allahverdi Qurbanovun əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,785 qram, 0,545 qram, 0,391 qram, ümumi təmiz çəkisi 4,721 qram psixotrop maddə metamfetamin və gödəkçənin sağ yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri İ olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından həmçinin görünür ki, İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun bu işə heç bir aidiyyəti olmamışdır. Onu Sumqayıtda başqa iş ilə bağlı tutmuşlar, o da həmin işi həll etmişdir. Bəzi adamlar ona xəbər göndərmişdir ki, bu işdən əl çəksin, hətta o izlənildiyini də hiss etmişdir. O, Allahverdini tanıyır. Allahverdi onunla eyni cəzaçəkmə müəssisəsində olmuşdur. Bir dəfə Allahverdi maşın almaq məqsədilə ona zəng edib "maşın verə bilirsənsə, mənə deyərsən" demiş, o da Allahverdiyə "gəl, mən sənə maşınımı verim, öz maşınımı dəyişəcəyəm" deyə bildirmişdir. İlk öncə Allahverdi qiymətlərə narazıçılıq etmiş, amma sonra öz aralarında məsələni həll edə bilmişlər. Sonra Allahverdi ona maşını sürüb yoxlamağı təklif etmiş, onlar Sumqayıt yoluna getmiş, o da sürüb göstərmiş, aralarında qiyməti danışmış, sonra o, Allahverdini öz evlərində düşürtmüşdür. Qayıdanda Allahverdi zəng edib evin açarının maşında qaldığını demiş, o da baxıb açarın doğrudan da maşında olduğunu görmüş və Allahverdiyə gözləməsini deməklə yenidən məhəlləyə getmiş və pəncərədən açarı Allahverdiyə vermişdir. Qayıdanda yolda onu yol polisi saxlamış, o da pəncərəni aşağı saldıqda yol polisi əməkdaşı ona "indi deyəcəksən ki, taksi sürücüsüyəm, niyə belə bərk sürürsən?" deyə bildirmiş, o da bərk sürmədiyini demişdir. Sonra əməkdaş ondan şirinlik istəyərək "sənədi də gətir" demiş, o gedib sənədi gətirmiş, maşından düşəndə "Lexus" markalı maşın, Allahverdigildən gələndə yolda gördüyü maşın onu saxlayaraq Allahverdigilin həyətinə aparmış, orada onu vurmağa nalayiq sözlər deməyə başlamışdır. Bir müddət keçmişdir ki, Allahverdini də gətirmişlər. Allahverdinin döyüldüyü üçün səsi çıxmamışdır. Polis əməkdaşları sonra onları Allahverdigilə apararaq evi axtarmağa başlamışlar. Allahverdigildən çıxıb onun maşınına oturaraq "sür, sizə gedirik" demişlər. O da "mənim evimdə heç nə tapa bilməzsiniz" deyə bildirmişdir. Onun evinə yollanmışlar, o da anasına gələnlərin iş yoldaşları olduqlarını, geyimlərini götürüb gedəcəklərini demişdir. Polis əməkdaşları onun evini axtarsa da, heç nə tapa bilməmişlər. Sonra o, polis idarəsinə aparılmış, orada da 2 gün döyülmüşdür. Allahverdidən bunun nə olduğunu soruşmuş, elə bilmişdir ki, bu, Allahverdinin işidir. Allahverdi də özünün heç nədən xəbəri olmadığını bildirmişdir. Sonra əməkdaşlar onlara “gəlin sizi yükləyək, biriniz götürün, gedin" təklifini vermişlər. Səhər saat 9-da bir nəfər içəri girərək onu döyüb çox pis hala salmışdır. Ona deyilmişdir ki, "sənə 30 qram narkotik maddə qoyacağıq". O, "niyə belə edirsiniz, mənim günahım nədir?" deyə soruşmuşdur. Polis əməkdaşları isə heç bir cavab verməmişlər. Onun üzərindən heç bir qanunsuz vasitə çıxmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2141/2023 nömrəli qərarından görünür ki, İddiaçı və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, İddiaçı və X1 həbsdə saxlama müddəti 2 (iki) ay uzadılmışdır. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxslər İddiaçı və X2 tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onların həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə İddiaçı barəsində bəraət hökmü çıxarmışdır. İddiaçı yuxarıda göstərilən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf ləyaqəti alçaldılmışdır. İddiaçıya qarşı uzun müddət işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. İddiaçıya ağır ittiham narkotik satma ittihamı irəli sürülmüşdür. Heç bir əsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi barəsində hökmlərin çıxması iddiaçıya bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Belə bir ittihamla yaşamamaq üçün dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmiş, intihar etmək istiəmişdir. Hələ də psixologiyası düzəlməmiş, reablitasiya olunmamışdır. Həbsdən sonra uzun müddətli depresiyalar yaşamışadır. Hesab edir ki, göstərilən dövlət orqanları iddiaçıya vurduqları zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində iddiaçı barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh etməyi zəruri hesab edir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, uzun müddət fiziki işgəncələrə məruz qalmışdır, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. Kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır. Himayəsində olan xəstə yaşlı anası açıq ürək əməliyyatı olmuş, iddiaçıya görə mənəvi əzab çəkmiş, məhrumiyyətlərlə üz-üzə qalmışdır. Azadlıq hüququnun məhdudlaşdırılması himayəsində olan uşaqlarına qayğı və diqqət göstərmək imkanından məhrum edilmişdir. Ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsi ağır vəziyyətə düşmüş və ehtiyac içində yaşamağa düçar olmuşlar. İddiaçının qanunsuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, narkotik satan kimi ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss həyəcan və dərin sarsıntıların hesab edir ki, əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının və məhkəmələrin qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi iddiaçıya və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Həbsdən əvvəl daimi iş yeri olmuş, təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində daimi işini itirmişdir, hesab edir ki, həbsdə qaldığı müddət ərzində əmək haqqı da hesablanaraq ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və üçüncü şəxs Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(060)-5/2024 saylı hökmündən görünür ki, İddiaçı AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir.Hökmdən müəyyən edilir ki, şəxs barəsində xx.xx.2022-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 fevral 2023-cü il tarixdə saat 03:30 dəqiqədə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində 04 fevral 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanılma müddəti 03 ay, yəni 04 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 01 ay - 08 ayadək, yəni 04 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(101)-157/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan İddiaçı və X1 təqsirliliyi sübuta yetirilmədiyinə görə onlar bəraət almış və həmin hökm qanuni qüvvəyə minmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülkİ-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına əsasən, İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə uzun müddət ərzində azadlığının əlindən alınması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi, həbsdə saxlanılması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə pul vəsaiti tutulmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(060)-5/2024 saylı hökmündən görünür ki, İddiaçı barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılarkən, sonuncu, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə icraat dövründə şəxsin barəsində olan digər cinayət işi üzrə o, xx.xx.2023-cü il tarixdə tutulmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə bəraət hökmü isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Beləliklə hazırki cinayət işi üzrə şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olmuşdur. Həmin qətimkan tədbirinin tətbiq olunduğu müddətin 02 ay 07 gün olmasını nəzərə alaraq məhkəmə bu dövr üçün iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını qanuni və ədalətli hesab edir. Bundan əlavə, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin gedişatında onun barəsində əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(101)-157/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Təqsirləndirilən şəxs olaraq İddiaçı 02 il 04 ay 14 gün müddətində həbsdə qalmasını nəzərə alaraq məhkəmə bu dövr üçün iddiaçının xeyrinə 28.500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini ümumilikdə 29.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, həbs olunmuş, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən ona dəymiş maddi ziyana dair heç bir sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı həbsdən əvvəl daimi iş yeri olduğunu, təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində daimi işini itirdiyini qeyd etsə də, iddia tələbinin bu hissəsi işin hər hansı halı ilə öz təsdiqini tapmır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 29.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 29.000 (iyirmi doqquz min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar