Məhkəmə qərarları › İş №2(006)-49/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-49/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-49/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» ASCnin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində keyfiyyətsiz inşa edilmiş yarımstansiyanın dam örtüyünün qoparaq oğlu İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salması nəticəsində dəymiş zərərə görə 1.305 manat 84 qəpikdən ödənilmiş 800 manatın çıxılmaqla qalan 505 manat 84 qəpik pul vəsaitinin, 13 ədəd bar verən ağacın məhv edilməsinə görə hər ağaca görə 850 manat olmaqla, 11.050 manatın, cəmi 11.555 manat 84 qəpik pul vəsaitinin; İddiaçı1 məxsus arı ailələrinin qırılmasına, bununla bağlı digər zərərlərə və əldən çıxmış gəlirə görə 13.420 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 25.005 manat 84 qəpik məbləğində pul vəsaitinin cavabdeh «xxxxxxxx» ASC-dən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» ASC-nin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində keyfiyyətsiz inşa edilmiş yarımstansiyanın dam örtüyünün qoparaq oğlu İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salması nəticəsində dəymiş zərərə görə 1.305 manat 84 qəpikdən ödənilmiş 800 manatın çıxılmaqla qalan 505 manat 84 qəpik pul vəsaitinin, 13 ədəd bar verən ağacın məhv edilməsinə görə hər ağaca görə 850 manat olmaqla, 11.050 manatın, cəmi 11.555 manat 84 qəpik pul vəsaitinin, ağaclardan gözlənilən bara görə 2.000 manatın; İddiaçı1 məxsus arı ailələrinin qırılmasına, bununla bağlı digər zərərlərə və əldən çıxmış gəlirə görə 13.420 manatın, zərər çəkmiş arı pətəklərinin bərpasına görə 150 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 27.115 manat 84 qəpik məbləğində pul vəsaitinin cavabdeh «xxxxxxxx» ASC-dən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə rayonda baş verən külək nəticəsində «xxxxxxxx» ASC-nin Lerik şəhərində inşa etdiyi yarımstansiyanın dam örtüyü qoparaq oğlu İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salmışdır. Bundan başqa, yarımstansiyanın metal təbəqələrdən ibarət olan dam örtüyü ərazidən keçən 35 00 kva-lıq elektrik xətlərinə dəyərək qısa qapanma baş vermiş, bunun nəticəsində də əlavə fəsadlar yaratmış, evin həyətyanı sahəsinə düşən dəmir təbəqələr Mahirin təsərrüfatına da külli miqdarda zərər vurmuşdur. Uzun illər ərzində böyük zəhmət nəticəsində həyətyanı sahədə əkib becərdikləri 13 ədəd meyvə verən ağaclar sınmış, təsərrüfatlarında olan 11 ədəd arı ailəsi olan pətəklərin aşması nəticəsində külək arı ailələrini aparmış, bunun nəticəsində arılarda olan balalar ölmüş, bundan başqa hər bir pətəkdə olan 20 ədəd çərçivədəki bal balaların ölməsi nəticəsində yararsız hala düşmüşdür. Hadisə baş verdikdən sonra, onlar müvafiq dövlət orqanlarına müraciət edilmiş və mütəxəssislərin və Lerik şəhərinin Ərazi Üzrə nümayəndəsini və onun müavininin, Lerik rayon Bələdiyyəsinin sədrinin iştirakı ilə zərər çəkmiş evə və arı təsərrüfatına baxış keçirilmiş, dəymiş zərərin həcmi müəyyənləşdirilmiş, müvafiq zərər aktı tərtib edilərək, mütəxəssislər tərəfindən imzalanmışdır. Hadisə yerində dəymiş zərərin həcmini təsdiqləyən fotoşəkillər çəkilmişdir. Dəymiş zərərin aradan qaldırılması üçün maddi yardımın göstərilməsi üçün Lerik rayon İcra Hakimiyyətinə müraciət edilmiş və İcra Hakimiyyətindən göndərilmiş xx xxx 2017-ci il tarixli 2/530 saylı məktubunda küləklə bağlı yaşayış evinə və digər sosial obyektlərə dəymiş ziyanın aradan qaldırılmasına görə icra hakimiyyətində heç bir vəsait nəzərdə tutulmadığından, evin dam örtüyü ilə bağlı köməkliyin göstərilməsinin onların imkanları xaricində olması bildirilmişdir. Daha sonra isə məktubda zərərlə bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Mütəxəssislər tərəfindən tərtib olunmuş zərər aktlarından görünür ki, Mahirin evinə dəyən zərərin məbləği 1.305 manat 84 qəpik təşkil edir. Bu məbləğdən özünü «xxxxxxxx» ASC-nin nümayəndəsi kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən 800 manat Mahirə əlbəəl verilmişdir. Qalan məbləğ isə bu günədək ödənilməmişdir. Səlahiyyətli orqanların vəzifəli şəxslərinin və mütəxəssislərin iştirakı ilə tərtib edilmiş zərər aktları ilə onun arıçılıq təsərrüfatına dəyən zərər məbləği 13.420 manat müəyyən olunmuşdur. Yuxarıda göstərilən zərər məbləğlərinin ödənilməsi barədə «xxxxxxxx» ASC-yə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, küləyin neçə bal olması, iddiaçının dağılan tikilisinin özünün hansı keyfiyyətdə olması, ziyanın səbəbinin nə olmasının dəqiq olmaması səbəbindən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, iddiaçıların hər ikisinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları var. xx xxx 2017-ci il tarixdə Lənkəran RTSL-in Lerik rayonu üzrə baş aqronomu X.İ.Ağayev, Lerik rayon Kənd Təsərrüfatı idarəsinin böyük məsləhətçisi M.M.Mustafayev, zərər çəkmiş şəxs İddiaçı1 tərəfindən tərtib olunmuş aktdan görünür ki, zərər çəkmiş şəxs İddiaçı1 ərizəsinə əsasən onun bağına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxsə məxsus olan bağda 4 ərik, 3 alma, 5 armud, 1 şaftalı ağacı və 11 arı ailəsi olan pətək zədələnmiş və tamamilə yararsız hala düşmüşdür. Vətəndaşın öz ərizəsində qeyd etdiyinə görə hadisəyə səbəb kimi cari ilin aprel ayının 14dən 15-nə keçən gecə baş verən güclü külək nəticəsində «xxxxxxxx» ASC-nin Lerik rayonu üçün inşa edilmiş yarımstansiyasının dam örtüyü – dəmir kümü, şalman reyka ilə birlikdə qopmuş və zərər çəkmişin bağına düşərək ziyan vurulması göstərilir. xx xxxxx 2017-ci il tarixdə Lerik rayon Arıçılıq Asossasiyasının sədri Ə.A.Salayev, ünvan 1 ünvanda yaşayan vətəndaş X4 və ünvan 1 ünvanda yaşayan zərər çəkmiş şəxs İddiaçı1 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, zərər çəkmiş şəxs İddiaçı1 şəxsi arıçılıq təsərrüfatına təbii fəlakət nəticəsində külli miqdarda ziyan dəymişdir. Belə ki, 2017ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək – qasırğa nəticəsində «xxxxxxxx» ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünü şalban və reykalarla birlikdə yerindən qoparmış və qonşuluqdakı fərdi yaşayış evinə, yəni İddiaçı2 evinin dam örtüyünü ciddi zədələyərək, İddiaçı1 həyətyanı sahəsinə – bağına düşərək çoxlu sayda meyvə ağaclarını sındırmaqla yanaşı, arıçılıq təsərrüfatında 11 arı ailəsi olan cərgənin arxasına düşmüş dəmir kümün bir hissəsi həmin arı ailələrinin içində yerləşdiyi pətəkləri aşıraraq yararsız vəziyyətə salmış, arıları məhv etmişdir. Beləliklə, arıçılıq təsərrüfatına ziyan dəymişdir. Həmin aktda müvafiq cədvəl qeyd olunmuşdur. Arı pətəklərinə və taxta çərçivələrə dəymiş ziyan nəzərə alınmamışdır. xx xxxxx 2017-ci il tarixdə İddiaçı2, X4 və tikinti üzrə mühəndis R.D.Bəndiyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanda yaşayan fərdi evin sahibi İddiaçı2 evinə təbii fəlakət nəticəsində ziyan dəymişdir. Belə ki, 2017-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək – qasırğa nəticəsində «xxxxxxxx» ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünü şalban və reykalarla birlikdə yerindən qoparmış və qonşuluqdakı fərdi yaşayış evinə, yəni İddiaçı2 evinin dam örtüyünün üzərinə düşmüş və evin damına cəmi 1.305 manat 84 qəpik maddi ziyan dəymişdir. xx xxx 2017-ci il tarixli, Lerik RİH başçısının Lerik şəhər ərazi üzrə nümayəndəsi, Lerik bələdiyyəsnin sədri, nümayəndənin müavini, Lerik şəhər sakinləri İddiaçı1 və X4 tərəfindən tərtib edilmiş aktdan göründüyü kimi, baş vermiş hadisə və hadisənin yaratdığı dağıntılar müfəssəl şəkildə qeyd edilmişdir. Akta hadisə yerinin fotoşəkilləri də əlavə olunmuşdur. İddiaçılar tərəfindən məhkəməyə həmçinin yuxarıdakı aktlarla məzmunca eyni olan xx xxxx 2020-ci il tarixli iki ədəd akt da təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 19204 saylı rəyindən görünür ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, yəni yarımstansiyanın damının ayrı-ayrı hissələrinin deyil, bütövlükdə dam örtüyünün qoparaq qonşu damın üstünə düşdüyünü nəzərə aldıqda, «xxxxxxxx» ASC-nin Lerik şəhərində yerləşən sözügedən yarımstansiyasının dam örtüyünün texniki və konstruktiv cəhətdən düzgün quraşdırılmadığı (konstruktiv elementlərinin binanın divarlarına etibarlı bağlanmadığı, hava axınının təmin edilmədiyi və s.) və bu səbəbdən də dam örtüyünün küləyin təsirindən bütövlükdə yerindən qopması müəyyən edilir. «xxxxxxxx» ASC-nin Lerik şəhərində yerləşən sözügedən yarımstansiyasının dam örtüyünün külək nəticəsində qopmasının dam örtüyünün tikinti norma və qaydalarına uyğun bərkidilməməsi səbəbindən baş vermişdir. Lerik rayonu ərazisində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 1.752 manat məbləğində olduğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 7/579-9/3157 saylı rəyindən görünür ki, Lerik Dövlət X7 heyvandarlıq sektorunun baş məsləhətçisi, X2 və Lerik rayon Arıçılıq Assosiasiyasının sədri X5 tərəfindən verilən akta əsasən iddiaçılara məxsus evin həyətində olan meyvə ağaclarının növü və onların məhsuldarlığı (kiloqram ilə) aşağıdakı kimi müəyyən olunmuşdur: Bitkinin adı Diametri Məhsulu 1əd.qiyməti ümumi dəyəri (sm-lə) (kq.) (manatla) (manatla)

1. Armud ağacı 50 85 300 300

2. Armud ağacı 48 82 290 290

3. Armud ağacı 46 80 280 280

4. Armud ağacı 42 78 260 260

5. Armud ağacı 52 87 320 320

6. Alma ağacı 39 70 200 200

7. Alma ağacı 42 78 260 260

8. Alma ağacı 40 74 240 240

9. Ərik ağacı 47 65 160 160

10. Ərik ağacı 46 64 160 160

11. Ərik ağacı 39 62 150 150

12. Ərik ağacı 42 63 150 150

13. Şaftalı ağacı 38 42 120 120

14. 11 Yeşik arı ailəsi 150 1650 Cəmi: 4540,00

Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində rəyin bioloji tədqiqat hissəsində və iş materiallarında olan mütəxəssis rəylərindən istifadə edilməklə 13 adda müxtəlif ağacların və 11 qutu arı ailəsinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.540 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, iddiaçılara məxsus sahədə baş vermiş qeyd edilən hadisə zamanı iddiaçılara maddi ziyan vurulmuşdur. İddiaçılar dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsələr də, onlara vurulmuş maddi ziyan qismən ödənilmişdir. Belə ki, özünü «xxxxxxxx» ASC-nin nümayəndəsi kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən 800 manat məbləğində pul vəsaiti şəxsən İddiaçı2 verilmişdir. İddiaçı2 dəymiş maddi ziyanın məbləği ekspert rəyinə əsasən 1.752 manat, iddia tələbində göstərilən məbləğin 1.305 manat 84 qəpik təşkil etdiyi nəzərə alındıqda, cavabdeh «xxxxxxxx» ASC tərəfindən İddiaçı2 dəymiş ziyanın tam şəkildə ödənilmədiyi müəyyən olunur. Digər İddiaçı1 vurulmuş 4.540 manat ziyandan isə cavabdeh tərəfindən ümumiyyətlə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan yarımstansiya inşa edilərkən, dam örtüyünün quraşdırılması zamanı tikinti norma və qaydalarına riayət olunmamış, nəticədə dam örtüyü küləyin təsiri nəticəsində öz yerindən çıxaraq, öncə bir iddiaçının evinin damına, daha sonra digər iddiaçının meyvə ağaclarının və arı pətəklərinin üzərinə düşmüş və iddiaçılara maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi maddi ziyanın vurulmasına dair hissədə qismən əsaslıdır və iddiaçılara vurulmuş zərər cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 505 manat 84 qəpik və ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq İddiaçı2 ödənilməli, vurulmuş maddi zərərə görə 4.540 manat və ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq İddiaçı1 ödənilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 200 manat cavabdeh «xxxxxxxx» ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 505 manat 84 qəpik və ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq İddiaçı2 ödənilsin. Vurulmuş maddi zərərə görə 4.540 manat və ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq İddiaçı1 ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 manat cavabdeh «xxxxxxxx» ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar