Məhkəmə qərarları › İş №2(006)-4903/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4903/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4903/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 23.01.2021-ci il tarixli 3M-17 reyestr nömrəli kredit müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh qanunsuz faizə pul verməklə bağlı fəaliyyətinin araşdırılması üçün xüsusi qərardad qəbul edərək, prokurorluğa göndərilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 40.800 (qırx min səkkiz yüz) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona borc məqsədilə 25.500 manat pulu aylıq 10 % olmaqla 23.01.2020-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Kontorunda reyestrdə 3M-16 nömrəsi ilə qeydiyyata alınmış borc müqaviləsi əsasında borc vermişdir. Borca vermiş 25.500 manat pul vəsaitini 6 aylıq, ayda 2.550 manat olmaqla (25.500 x 10 %) 15.300 manat pul vəsaitini əlavə hesablanmış faiz borcu kimi eyni gündə ikinci bir 3M-17 nömrəsi ilə qeydiyyata alınmış borc müqaviləsi imzaladaraq, heç bir hüquqi əsası olmayan və həmin müqavilə üzrə pul vəsaiti verilməyən etibarsız əqdi rəsmiləşdirmişdir. Sözügedən borc müqaaviləsi etibarsız əqddir və məhkəmə qərarı əsasında ləğv edilməsi mütləq və zəruridir. Bütün bu qeyd etdikləri bütünlükdə iddiaçı X1 şəklində təqdim etdiyi börc müqaviləsi adı ilə göstərilən kağız parçasının «etibarsız və yalan əqd» olmasını sübuta yetirib və bundan əlavə olaraq X7 qanunsuz faiz fəaliyyəti ilə məşğul olduğu və hədə-qorxu gəldiyinə görə barəsində «xüsusi qərardad» elan edilib, yerli prokurorluğa göndərilməlidir. Sözügedən qətnaməni rəsmi qaydada 05.10.2019-cu il tarixdə məhkəmədən götürmüşdür. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, onunla ilk iddia üzrə İddiaçı arasında 23.01.2020-ci il tarixdə 2 müqavilə bağlanmışdır. Hazırda mübahisələndirilən müqavilə üzrə sonuncu ondan 15.300 manat vəsaiti borc almışdır. Elə həmin tarixli digər müqavilə üzrə isə ilk iddia üzrə İddiaçı ondan 25.500 manat borc almışdır. Hər 2 müqavilə üzrə cəmi 40.800 manat 6 ay sonra geri qaytarılmalı idi. Lakin müddət çatdıqdan sonra dəfələrlə müraciət etməsinə baxmayaraq, hər dəfə bir bəhanə ilə müddət almışdır. Ancaq son danışıqlarında sonuncu pulları qaytarmaq imkanının olmadığını qəti olaraq bildirmişdir. Beləliklə, ilk iddia üzrə İddiaçı faktiki olaraq, külli miqdarda vəsaitini qaytarmaqdan imtina edir. Hesab edir ki, bu müqavilə öhdəliklərinin pozulmasıdır və 40.800 manat vəsaitin ona qaytarılması barədə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X6 ilk iddiaya və qarşılıqlı iddiaya iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X4 tələbini nəzərə alaraq, mülki işə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili X4 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı Notariat Ofisində bağlanmış 23 yanvar 2020-ci il tarixli 3M-16 reyestr saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6 ay müddətinə, 23 iyul 2020-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz, 25.500 manat borc almışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı Notariat Ofisində bağlanmış 23 yanvar 2020-ci il tarixli 3M-17 reyestr saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6 ay müddətinə, 23 iyul 2020-ci il tarixədək hər ay 2.550 manat qaytarmaq şərti ilə, faizsiz, 15.300 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh 25.500 manat və 15.300 manat olmaqla, cəmi 40.800 manat borc almış, aldığı borc məbləğlərinin qaytarılmasını təmin etməsinə dair borc verən qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, 40.800 (qırx min səkkiz yüz) manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. İlk iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi əqd – 23.01.2021-ci il tarixli 3M-17 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Eyni zamanda tərəflər arasında bağlanılmış hər iki müqavilənin 3-cü bəndində tərəflərin kreditin faizsiz verilməsini şərtləşdirdikləri qeyd edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi verilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası rədd edilməli; ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 40.800 (qırx min səkkiz yüz) manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. 40.800 (qırx min səkkiz yüz) manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar