Məhkəmə qərarları › İş №2(006)-4915/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4915/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4915/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun restrukturizasiya edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ASC-yə olan 981,21 dollar borcunun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixində 551 nömrəli Fərmanına uyğunlaşdıraraq restrukturizasiya olunması və qalıq məbləğinin 1 manata vurularaq yekun borc məbləğinin müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun "xxxx" ASC-yə 981,21 dollar borcu olmuşdur. (Laçın Rayon Məhkəməsinin 18 aprel 2017-ci il, 2(047)-386/2017-ci il qətnaməsi). Bu tipli kreditlərlə bağlı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixində 551 nömrəli Fərmanı olmuşdur. Bu fərmanın 6.1. bəndində banklara tövsiyə olunub ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni yaradılmış kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bundan başqa, məlum formanın 6.2. bəndində qeyd olunub ki, keçmiş kreditlərin restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay ərzində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin etmək üçün tədbirlər görsünlər. Fərmanla bağlı bütün hüquqi işlər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına tapşırılmışdır. Fərmanın icrası müddətində Maliyyə Bazarlarına Nəzarət in metedologoyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılovun bir çox çıxışı və müsahibələri olmuşdur. Həmin çıxışlarda hər bir bank tərəfindən öz məlumat veriləcəyini, prezidentin fərmanının əhatə dairəsinə düşən bütün göndəriləcəyini, bağlanan banklar, bank olmayan kredit təşkilatı və yaxud ləğv olunmaqda olan banklarda krediti olan vətəndaşlara SMS Azərpoçtdan göndəriləcəyini şəxsən qeyd etmişdir. Banklar tərəfindən göndəriləcək həmin bildiriş əsasında banka yaxınlaşmağı qeyd etmişdir. Keçən dövr ərzində ona nə bank, nə də Azərpoçt tərəfindən heç bir bildiriş və ya göndərillməmişdir. Hazırda isə məhkəmə qərarını (Laçın rayon Məhkəməsinin 18 aprel 2017-ci il, 2(047)-386/2017-ci il qətnaməsi) əsas gətirərək (halbuki iş məhkəmədən geri çağrılmalı idi) onun kreditinin heç bir faizi silinmədən, yeni 5 illik müqavilə bağlanmadan qalıq məbləğini 1 manat 70 qəpiyə vuraraq ondan tələb olunur. Bununla bağlı xx.xx.2025-ci il tarixində etdiyi müraciətə Əmanətlərin Sığortalanması Fondunun 12- 5/2-38xx-xx-1155/2025 saylı,xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, restrukturizasiya məqsədi ilə müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixində başa çatmışdır. Əslində isə Əmanətlərin Sığortalanması Fondu vətəndaş müraciəti olmadan, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixində 55 nömrəli Fərmanını həmin tarixdə icra etməli idi. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmışdır. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(047)- 386/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 981.21 ABŞ dolları, faiz borcu üzrə 388.19 ABŞ dolları, cərimə üzrə 70 ABŞ dolları, cəmi 1439.4 ABŞ dolları məbləğinin ödəniş günü Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borcun və 20 manat dövlət rüsumunun Cavabdeh1 ASCnin xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixində 551 nömrəli Fərmanı:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydası: 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır.

Məhkəmənin mövqeyi: Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən istinad edilən Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli Fərmanı normativ hüquqi akt olmaqla, ümumi məcburi qüvvəyə malikdir və ölkə ərazisində bütün hüquq subyektləri üçün tətbiq edilir. Normativ hüquqi aktların hüquqi təbiətindən irəli gələrək, onların rəsmi dərc edilməsi ilə artıq belə bir hüquqi prezumpsiya yaranır ki, hər bir şəxs həmin aktın məzmunu barədə məlumatlı hesab olunur. Bu prezumpsiyanın əksi sübuta yetirilmədikcə, normativ aktdan xəbərsiz olma halı hüquqi nəticə doğurmur. Hüquq doktrinasında da qəbul olunduğu kimi, “ignorantia legis non excusat” — yəni qanunu bilməmək məsuliyyətdən azad etmir prinsipi, normativ hüquqi aktların icrası baxımından mülki dövriyyənin sabitliyini və hüquqi müəyyənliyi təmin edən əsas mexanizmlərdən biridir. Bu baxımdan iddiaçının Fərmandan xəbərsiz olması ilə bağlı məsuliyyətin bankın üzərinə qoyulması yolverilməzdir. Məhkəmə qeyd edir ki, sözügedən Fərmanda banklara fiziki şəxslərlə kredit öhdəliklərinin restrukturizasiyası ilə bağlı müddəa nəzərdə tutulmuşdur. Həmin müddəanın məzmunundan açıq şəkildə görünür ki, bu göstəriş imperativ norma deyil, bankların fəaliyyət istiqamətini müəyyən edən tövsiyə xarakterli hüquqi tənzimləmədir. Belə olan halda, restrukturizasiyanın həyata keçirilməsi bilavasitə borclunun iradə ifadəsindən və onun müəyyən edilmiş qaydada müraciət etməsindən asılıdır. Mülki hüquq münasibətlərinin iştirakçısı olan iddiaçı öz kredit münasibətləri çərçivəsində güzəştlərin tətbiqinə maraqlı olmalı, bu marağını isə hüquqla müəyyən edilmiş prosedur və müddətlər daxilində həyata keçirməli idi. Hüquqların reallaşdırılması passiv gözlənti ilə deyil, aktiv davranışla müşayiət olunmalıdır. Hüquq yalnız o halda müdafiə edir ki, şəxs özü hüququnun həyata keçirilməsində lazımi diqqət və qayğı göstərsin. Fərmandan irəli gələn məsələlərin icrası məqsədilə qəbul edilmiş xx.xx.2019-cu il tarixli Qaydalar isə hüquqi mexanizmin aydınlaşdırılmasına, tətbiq prosesində qeyrimüəyyənliyin aradan qaldırılmasına və restrukturizasiya prosesinin operativ və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir. Həmin Qaydalarda müraciət müddətinin müəyyən edilməsi təsadüfi olmayıb, uzunmüddətli qeyri-müəyyənliyin və hüquqi münasibətlərin qeyri-sabit vəziyyətdə qalmasının qarşısını almağa yönəlmişdir.Bu baxımdan müraciət müddətinin ötürülməsi iddiaçının öz davranışının nəticəsi olub, onun hüquqlarını vaxtında həyata keçirməməsi ilə şərtlənmişdir. Belə olan halda, hüquqi nəticələrin bankın və ya onun ləğvedicisinin üzərinə yüklənməsi nə hüquqi ədalət prinsipinə, nə də mülki dövriyyənin sabitliyi tələbinə uyğun gəlir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi və faktiki əsası mövcud deyil, normativ hüquqi aktların mahiyyəti və tətbiq mexanizmi düzgün qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun restrukturizasiya edilməsi ələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar