Məhkəmə qərarları › İş №2(006)-4921/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4921/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4921/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh1 ASC-yə qarşı "kredit borcunun silinməsi və borcun olmaması barədə məlumat verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh1 ASC-yə qarşı "kredit borcunun silinməsi və borcun olmaması barədə məlumat verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ona qarşı iddia irəli sürərək ondan kredit borcunun və ona hesablanmış faizlərinin ödənilməsi və tutmanın əmlaka yönəldilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1845/2013 saylı, 11 iyun 2013-cü il tarixli qətnaməsi (hakim M. İ.Hacıyevənin sədliyi ilə) ilə “ZaminBank" ASC-nin ona qarşı 20 fevral 2008-ci il tarixdə "xxxx" ASC-nin Biznes filialından götürülmüş 70.000,00 (yetmiş) manat məbləğində əsas borcdan 24 yanvar 2013cü il tarixinə qalan 21.970,00 (iyirmi bir min doqquz yüz yetmiş) manat məbləğində əsas kredit borcunun və həmin tarixə kreditdən istifadəyə görə 15.804,00 (on beş min səkkiz yüz dörd) manat məbləğində faiz borcunun, 7.901,00 (yeddi min doqquz yüz bir) manat cərimə, eləcə də bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 31,00 (otuz bir) manat dövlət rüsumunun, cəmi 45.706,00 (qırx beş min yeddi yüz altı) manat məbləğinin məndən tutularaq "xxxx" ASC-nin Biznes filialının hesabına ödənilməsi, ipotekada olan "Kogel" yarımqoşqu markalı, 2001-ci il buraxlışlı, WDVK8670212K303678 ban nömrəli, Refrijerator tipli, sarı rəngli, **-ZA-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin, “Mercedes Benz" markalı, 2005-ci il buraxılışlı, WDB954032K330946 ban nömrəli, "Yəhərli dartıcı" tipli, qırmız rəngli, **-VT-*** dövlət qeydiyyat nişanı olan avtomobilin açıq hərrac yolu ilə satılması və satışından əldə olunan vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, həmin qətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmmə-xətşunaslıq eksperetizasının 5375 nömrəli, 10 may 2013-cü il tarixli ekspert rəyinə əsasən onun adından "xxxx" ASC-nin Biznes filialının müdirinə yazılmış 13 fevral 2008-ci il tarixdə kreditin ayrılması üçün ərizənin sonundakı imza, 24 nömrəli, 20 fevral 2008-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ küncündəki imza və 2-ci vərəqəsində "İddiaçıM" yazılarının qarşısındakı imza, 24 saylı, 20 fevral 2008-ci il tarixli ipoteka müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ künçündəki imza və 2-ci vərəqəsində "İddiaçıM" yazılarının qarşısındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmin qətnamə ilə "xxxx" ASC-nin mənə qarşı olan "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsinin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442,462.1 və 739.1-ci maddələri təşkil etmişdir. Bundan sonra, "xxxx" ASC-dən ona bildirilmişdir ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onun adıma açılmış saxta kredit müqaviləsi üzrə olan kredit borcunu bank əməliyyat sistemindən silmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun **********861 saylı, 08 sentyabr 2023-cü il tarixli ona ünvanlanmış olduğu bildirişi ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC onun adına açılmış saxta kredit müqaviləsi üzrə olan kredit borcunu bank əməliyyat sistemindən silməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 09 oktyabr 2023-cü il tarixdə almış olduğu SF24428 saylı kredit reyestrindən çıxarışa əsasən onun "xxxx" ASC-yə aktiv kredit öhdəliyinin olduğu qeyd olunmuşdur. Yaranmış mübahisənin aradan qaldırılması məqsədi ilə onun adına qeyd olunmuş kredit borcunun bank əməliyyat sistemindən silinməsi və onun kredit borcunun olmaması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi vəzifəsinin cavabdehə qoyulması üçün 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu **********421 saylı, 20 oktyabr 2023-cü il tarixli borc öhdəliyinin olub-olmaması barədə ona cavab məktubu ilə bildirmişdir ki, məhkəmə tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə borcun bank əməliyyat sistemindən silinərək sıfırlanmasına dair hər hansı öhdəlik qoyulmamışdır.

3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlərin əsl cavabdeh LPO Cavabdeh1 ASC ilə əvəz edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdeh bank ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Buna səbəb isə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası tərəfindən cavabdeh bankla bağlanmış müqavilələrdəki imzanın ona məxsus olmamasının müəyyən olunması olmuşdur. Daha sonra o banka müraciət edərək, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsı ilə ona aid olmaması müəyyən olunmuş borcun bank əməliyyat sistemindən silinməsini xahiş etsə də, onlar bunu icra etməmişlər. Bununla da, onun hüquqları kobud surətdə pozulmuşldur. Nəticədə o məcbur qalıb, məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 18.02.008-ci il tarixli kredit müqavilələrin, kassamədaxil orderlərinin kim tərəfindən imzalanması, kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən aparılması və verilmiş 70 min manatın kim tərəfindən mənimsənilməsini müəyyən etmək üçün xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan ləğv prosesində olan LPO Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış **********861 saylı, 08 sentyabr 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, LPO Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli BİZ**********2540000 saylı müqavilə üzrə ona 43 ay müddətinə, illik 24 % olmaqla 70.000 manat məbləğində kredit verilmiş, və onun xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə, 66.552,18 manat məbləğində borcu qalmışdır.

8. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1845/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı 20 fevral 2008-ci il tarixdə "xxxx" ASC-nin Biznes filialından götürdüyü 70.000 (yetmiş min) manat məbləğində əsas borcdan 24 yanvar 2013-cü il tarixinə qalan 21.970 (iyirmi bir min doqquz yüz yelmiş) manat məbləğində əsas kredit borcunun və həmin tarixə kreditdən istifadəyə görə 15804 (on beş min səkkiz yüz dörd) manal məbləğində faiz, borcunun, 7901 (yeddi min doqquz yüz bir) manat cərimə, eləcə də bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 45706 (qırx beş min yeddi yüz altı) manatın cavabdeh İddiaçı tutularaq "ZaminBank” ASC-nin Biznes filialının hesabına ödənilməsi, ipotekada olan "kogel” yarımqoşqu markalı, buraxılış ili 2001-ci il ban WDVK8670212K303678 tip "Refrijerator”, rəngi "sarı” 10-ZA- 845 dövlət qeydiyyat nişanı olan avtomobilin "Mercedes Benz” markalı, buraxılış ili 2005-ci il, ban Wdb9540321k330946, tip “Yəhərli dartıcı”, rəngi “qırmızı” **-VT- *** dövlət qeydiyyat nişanı olan avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

9. İş materiallarında olan Azərbaycan Kredit bürosunun xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 21.969,81 manat, faiz məbləği 31.272,17 manat borcu var.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Əmanətlərin Sığortalanması Fonduna müracət edərək, kredit müqaviləsi bağlamadığını və kredit borcu götürmədiyini və kredit borcunun adından çıxarılmasını bildirmişdir.

11. İş materiallarında olan LPO Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı 20 oktyabr 2023-cü il tarixli **********421 saylı borc öhdəliyinin olub-olmaması barədə məktubdan görünür ki, bank İddiaçı Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 1845/2013 saylı qətnaməsində borcun silinməsi barədə banka öhdəlik qoyulduğunun göstərilmədiyi bildirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO Cavabdeh1 ASC İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-1845/2013 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı 20 fevral 2008-ci il tarixdə "xxxx" ASC-nin Biznes filialından götürdüyü 70.000 (yetmiş min) manat məbləğində əsas borcdan 24 yanvar 2013-cü il tarixinə qalan 21.970 (iyirmi bir min doqquz yüz yelmiş) manat məbləğində əsas kredit borcunun və həmin tarixə kreditdən istifadəyə görə 15804 (on beş min səkkiz yüz dörd) manal məbləğində faiz, borcunun, 7901 (yeddi min doqquz yüz bir) manat cərimə, eləcə də bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 45706 (qırx beş min yeddi yüz altı) manatın cavabdeh İddiaçı tutularaq "ZaminBank” ASC-nin Biznes filialının hesabına ödənilməsi, ipotekada olan "kogel” yarımqoşqu markalı, buraxılış ili 2001-ci il ban WDVK8670212K303678 tip "Refrijerator”, rəngi "sarı” 10-ZA- 845 dövlət qeydiyyat nişanı olan avtomobilin "Mercedes Benz” markalı, buraxılış ili 2005-ci il, ban Wdb9540321k330946, tip “Yəhərli dartıcı”, rəngi “qırmızı” **-VT-*** dövlət qeydiyyat nişanı olan avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra Azərbaycan Kredit bürosu tərəfindən LPO Cavabdeh1 ASC-yə aktiv kredit öhdəliyinin olduğuna dair məktub göndərilmiş, iddiaçı isə imzaların ona məxsus olmadığının məhkəmə qətnaməsi ilə təsdiq edildiyini, hər hansı kredit müqaviləsi bağlamadığını, adından kimlərinsə saxta kredit müqaviləsi bağladığını və onun hər hansı bir öhdəliyinin olmadığını iddia edir və kredit borcunun adından silinməsini xahiş edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

17. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

18. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

19. Məhəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

20. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Yasamal rayonu xx.xx.2013-cü il tarixli, 2(004)-1845/2013 saylı qətnaməsindən də göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə xx.xx.2008-ci il tarixli kredit müqaviləsindəki və məxaric orderindəki imzaların İddiaçı məxsus olmadığı öz təsdiqini tapdığından, iddiaçının LPO Cavabdeh1 ASC-yə hər hansı borcu və öhdəliyi olmadığı üçün iddia təmin edilməlidir.

21. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

22. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

23. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

24. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2008-ci il tarixli BİZ**********2540000 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin üzərinə qoyulmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixli BİZ**********2540000 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin (ləğvedicisi kimi X2 vasitəsilə) üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar