Məhkəmə qərarları › İş №2(006)-4928/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4928/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4928/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “artıq ödənilmiş kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “artıq ödənilmiş kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-805/2018 nömrəli əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixli, 07-xx-xx- 078638 nömrəli kredit müqaviləsi üzrə 2023.55 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi barədə əmr edilmiş, əmr qanuni qüvvəsini aldıqdan sonra Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, əmrlə müəyyən edilmiş borcun ödənilməsinin təmini məqsədilə onun pensiyasından tutulmalara başlanılmış, bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilərək qanuni qüvvəsini almışdır. İddiaçının iddiasına görə onunla bağlanmış kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşdüyündən, aralarında yeni müqavilə bağlanmalı olmasına baxmayaraq, icra sənədi üzrə icra tədbirləri davam etdirilmiş, bununla da ondan artıq ödənişlər tutulmuşdur. Hazırda iddiaçının tələbi ondan ibarətdir ki, həmin müqavilə üzrə cavabdehlərə ödədiyi artıq kredit məbləği hesablanaraq cavabdehlərdən alınıb ona verilsin. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, iddiaçı onunla bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü mübahisələndirərək, icra sənədi üzrə icraata xitam verilməli və onunla yeni müqavilə bağlanmalı olduğunu, lakin buna baxmayaraq, barəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə əmrinə əsasən pensiyasından tutulmaların davam etdirildiyini bildirərək, tutulmuş artıq məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, onun bu tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar icra icraatı qaydasında ərizə ilə (8 indeksi ilə) icra tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1 və 114.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “artıq ödənilmiş kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, ərizənin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “artıq ödənilmiş kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın (qəbz №: **********). İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında ərizə ilə (8 indeksi ilə) məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar