Məhkəmə qərarları › İş №2(006)-4944/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4944/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4944/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğvi, kreditin və faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı «müqavilənin ləğvi, kreditin və faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5987,11 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh1 ilə 25.11.2019-cu il tarixli, 001FİZAM77981401 saylı zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyətlərini öz üzərlərinə götürmüşlər. Həmin müqaviləyə əsasən, cavabdeh yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 07 iyun 2021ci il tarixə İddiaçı ASC-yə 5987,11 AZN məbləğində əsas kredit borcu, 33,61 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 6020,72 AZN məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5987,11 AZN məbləğində əsas kredit borcu, 33,61 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 6020,72 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% olmaqla, 5987,11 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 25.11.2019-cu il tarixli, 001FİZAM77981401 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 07.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 güzəştli kredit razılaşması üzrə 07.06.2021-ci il tarixə 5987,11 AZN məbləğində əsas kredit borcu, 33,61 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu var. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış güzəştli kredit müqaviləsinə əsasən (28 fevral 2019-cu il tarixli 551 saylı fərman) bank tərəfindən ona 25.11.2019-cu il tarixində 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 5987,11 AZN məbləğində kredit verilmişdir. Kreditin məqsədi restrukturizasiya olunan borcun qalıq məbləğinin ödənilməsidir. Zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 6020,72 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5987,11 AZN məbləğində əsas kredit borcu, 33,61 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, həmçinin 30 AZN məbləğində dövlət rüsumu olmaqla, cəmi 6020,72 AZN məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 011CASA193290004 saylı, 25.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5987,11 AZN (beş min doqquz yüz səksən yeddi manat, on bir qəpik) məbləğində əsas kredit borcu, 33,61 AZN (otuz üç manat, altmış bir qəpik) məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu olmaqla, cəmi 6020,72 AZN (altı min iyirmi manat, yetmiş iki qəpik) məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar