Məhkəmə qərarları › İş №2(006)-4947/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4947/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4947/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "depozit müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə qalıq kompensasiya məbləğinin geri qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "depozit müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə qalıq kompensasiya məbləğinin geri qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 dekabr 2015-ci il tarixdə bağlanmış 130 saylı Müddətli Depozit müqaviləsinə əsasən banka həmin tarixdən 12 ay müddətində əmanətin saxlanma müddətindən asılı olaraq illik 10 % hesabı ilə 30.000 ABŞ dolları məbləğində əmanət pul qoyulmuş və ötən müddət ərzində istər əmanətdən, istərsə də əmanətə hesablanmış faizlərdən hər hansı bir məbləğdə olursaolsun vəsait çıxarılmamışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli Qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş Lisenziya ləğv edilmişdir. İddiaçı sığorta hadisəsinin baş verməsi barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kütləvi informasiya vasitələrində əmanətçilərə kompensasiya ödənilməsinin yeri və vaxtı haqqında elan verdikdən sonra Fondun nümayəndələrinə müraciət etmiş və 02 avqust 2016-cı il tarixdə ona 30.000 ABŞ dollarından cəmi 19.230 ABŞ dolları ödənilmişdir, qalan 10.922 ABŞ dolları olan məbləğ ləğv prosesində olan "xxxx" ASC qarşısında yuxarıda qeyd olunan məbləğdə kreditor tələbi qeydə alınmışdır. Tərəflər arasında bağlanan Müddətli Depozit müqaviləsinin 7-ci maddəsinə əsasən Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir. 03 dekabr 2015-ci il tarixdə iddiaçı cavabdeh Bankla müqavilə bağlayan zaman Azərbaycan Respublikası Milli Bankının Qərarına əsasən 21 fevral 2015-ci il tarixdən 1 ABŞ dolları 1 manat 5 qəpik müəyyən olmuşdur. Bu səbəbdən iddiaçı məhz 30.000 ABŞ dolları Banka əmanət etdi ki, bütün məbləğ sığortalansın, çünki qeyd olunan məzənnə ilə iddiaçının əmanəti cəmi 31.500 manat təşkil edirdi. Lakin, 21 dekabr 2015-ci il tarixdən 1 ABŞ dolları 2-ci dəfə devalvasiya olunaraq 1 manat 55 qəpik müəyyən olunması qərara alınmışdir. Bu səbəbdən də, iddiaçıya cəmi 19.230 ABŞ dolları qaytarılmışdır və 5 ildir iddiaçı qalan 10.933 ABŞ dolları məbləğində əmanətini geri ala bilmir. İddiaçı rəsmi olaraq Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, bildirdi ki, onun qalıq olan əmanət məbləğini geri qaytarsınlar, lakin Fond onun tələbinin 21 oktyabr 2016-cı il tarixdə qeydə alınmasının və növbəlik qaydasında ödəniləcəyini bildirmişlər. Bu da iddiaçının hüquqlarını pozur. İddiaçının 75 yaşı var, şəkər xəstəsidir. İddiaçı 40 ildən çox müəllimə işləmiş və əmək veteranıdır. Göstərilənlərə əsasən iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 130 saylı Müddətli Depozit müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə qalıq 10.922 ABŞ dolları olan kompensasiya məbləğinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçının əmanət kimi qoyduğu pul vəsaitlərinin sığortalı hissəsi ona qaytarılmışdır. Hazırda iddiaçının tələb etdiyi əmanətin qalıq hissəsi isə sığortalanmadığından kompensasiya şəklində ona verilməsi mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 03.12.2015-ci il tarixli, 130 saylı müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 30.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10 % ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. İş materiallarındakı ləğv prosesində olan "xxxx" ASC-nin “kreditor tələblərinin qeydiyyatı” barədə 21.10.2016-cı il tarixli, 0048 saylı qəbzindən görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında 10922 ABŞ dolları məbləğində olan kreditor tələbi qeydə alınmışdır. İşin materiallarında olan sənədlərdən müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar iddiaçıya Banka qoyduğu 30.000 ABŞ dolları əmanət məbləğindən 19.230 ABŞ dolları qaytarılmışdır. Bununla da iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş həddə, yəni 30.000 manatdan çox olmayaraq kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Göründüyü kimi iddiaçının əmanət kimi banka yerləşdirdiyi pul məbləğinin sığortalı hissəsi (30.000 manatın ekvivalenti olan 19.230 ABŞ dolları) ona cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmış, qalan hissə isə sığortalanmadığına görə növbəlilik qaydasında ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı əmanət müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Bankla həmin müqaviləni bağlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "depozit müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə qalıq kompensasiya məbləğinin geri qaytarılması tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "depozit müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə qalıq kompensasiya məbləğinin geri qaytarılması tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar