Məhkəmə qərarları › İş №2(006)-4948/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4948/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4948/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Bəliton kəndində şəxsi təsərrüfatında özünə məxsus iribuynuzlu hevyanları vardır. Hər gün özünə məxsus heyvanları otlağa buraxır. Fərdi həyətyanı torpaq sahədən 10000-lik elektrik enerji xətti keçir, həmin xətt dəmir turbadan ibarətdir. 07 iyun 2021-ci ildə həmin elektrik enerji xəttində olan nasazlıq nəticəsində naqilin şüşəsi qırılmış, dəmir dirəyin özünə yapışmış və elektrik enerjini yerə ötürmüşdür. Bunun nəticəsində ona məxsus iribuynuzlu heyvanı elektrik dirəyinə yapışaraq yanaraq ölmüşdür. Həmin heyvanın qarnında 8 aylıq balası olmuşdur. Həmin heyvanın diri çəkisi 350-400 kq olmuşdur. Birinci heyvanın öldüyünü görüb DİN-nin 102 xidmətinə 2 dəfə və Elektrik enerjinin qaynar xəttinə 3 dəfə zəng vurub demiş ki, elektrik xəttini söndürsünlər, lakin onun dediklərinə məhəl qoymamışlar. Təkrar 1 saat keçsədə, ikinci heyvanını da həmin yerdə tok vurmuşdur. Həmin heyvanın da diri çəkisi 250-300 kq olmuşdur. Bundan sonra o, kənd icra nümayəndəsinə və kəndin baytarına bu barədə müraciət etmiş, onlar hadisə yerinə gələrək heyvanlara baxış keçirtmişlər və bu barədə akt tərtib etmişlər. Beləliklə, 2 baş heyvanını elektrik vurma nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. O, maddi ziyanla bağlı bu barədə cavabdehə müraciət etsə də onlar, ona vurduqları maddi ziyanı könüllü olaraq ödəməkdən yayınır. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə İddiaçı xeyrinə vurulmuş maddi ziyan 3000 AZN (üç min) və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə qeyd etdiyi iki inəyin ümumi çəkisi 300 kq olmuş, iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı özü heyvanlara nəzarət etməli idi. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bəliton kəndi üzrə icra nümayəndəsi Allahverdi Ağayev, 9 saylı baytarlıq məntəqəsinin müdiri Cəbi Şirəliyev, baytar feldşeri Ələsgər Hadıyevin və Lənkəran rayonu, Horavenc kənd sakini İddiaçı tərəfindən tərtib edilən 7 iyun 2021-ci il tarixli Aktdan görünür ki, 7 iyun 2021-ci il tarixində Horavenc kənd sakini İddiaçı müraciəti ilə onun şəxsi təsərrüfatına məxsus ölmüş heyvanlara baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, elektrik dirəyi ilə cərəyan yerə ötürülmüş və nəticədə hər iki heyvan tələf olmuşdur. Ölmüş heyvanların dəri sətində yanğın üzvləri müşahidə olunmuşdur. Hər iki heyvan qara-ala rəngli, inək 5-6 yaş, diri cəkisi təqribən 240-250 kq, düyə bir yaş, diri cəkisi 100-120 kq, elektrik dirəyinin ətrafında torpaq örtüyündə yanmış halda olmuşlar. Hər iki baş heyvanın cəsədi təlimata uyğun zərərsizləşdirilmiş və yerə basdırılmışdır. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli, 10-54/7-1098 saylı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının apartından daxil olmuş məktubda bildirilir ki, Lənkəran rayonu, Beliton kəndində olan əraziyə iddiaçının iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərazidə yerləşən elektrik dirəyi və onun üzərində olan elektrik naqilləri X1 məxsusdur. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, 01/05-06/4614 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubunda bildirilmişdir ki, Bəliton kəndində yerləşən elektrik naqilləri 35/10 kilovotluq Sinovli yarımstansiyasından çıxan 10 kilovotluq Osaküçə hava xətti "xxxx" ASC-nin balansındadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 sentyabr 2021-ci il tarixli, 51 nömrəli arayışına əsasən Lənkəran bazarında iyun, iyul, avqust aylarında 1 kq inək ətinin qiyməti 9 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Baytarlıq İdarəsinin 16 sentyabr 2021-ci il tarixli, 123 saylı arayışından görünür ki, İddiaçı 07 iyun 2021-ci il tarixində 2 baş iribuynuzlu heyvanın ölməsi barədə Baytarlıq İdarəsinin əməkdaşlarına müraciət etmişdir. 07 iyun 2021-ci il tarixində baytarlıq idarəsinin əməkdaşları ölmüş 2 baş heyvanın cəsədlərinə baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, həmin 2 baş heyvan (boğaz inək diri çəkisi təqribən 360 kq və düyə 1.8 aylıq diri çəkisi təqribən 255 kq dəmir elektrik dirəyi ilə təmasda olmuşlar. Hər iki baş heyvan onlara ötürülən elektrik cərəyanı nəticəsində tələf olmuşdur. Heyvanların cəsədləri təlimata uyğun zərərsizləşdirilmiş. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, 07 iyun 2021-ci il tarixində Lənkəran rayonu, Bəliton kəndində elektrik enerji xəttində olan nasazlıq nəticəsində naqilin şüşəsi qırılmış, dəmir dirəyin özünə yapışmış və elektrik enerjini yerə ötürmüşdür. Bunun nəticəsində iddiaçıya məxsus 2 baş inək tələf olmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən vaxtında tədbir görülməməsi onun inəklərinin tələf olmasına səbəb olmuşdur. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Beləliklə iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 2 baş inəyin tələf olunmasına görə "xxxx" ASC məsuliyyət daşımış və buna görə də həmin heyvanların tələb olunmasına görə dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddiaçıya məxsus tələf olmuş iki inəyin ümumi çəkisi 300 kq olduğundan və hazırda Lənkəran mal bazarında 1 kq inək ətinin qiyməti 9 manat təşkil etdiyindən tələf olmuş inəklərə görə dəymiş ziyanın məbləği (9manat x 300kg = 2700) 2700 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,40 AZN (otuz manat, qırx qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyana görə 2700 AZN (iki min yeddi yüz manat) və 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar