Məhkəmə qərarları › İş №2(006)-4982/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4982/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4982/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 01 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay üçün 200 (iki yüz ) manat sabit pul məbləğinin və bu günədək ödənilməmiş aliment borcunun məbləğinin müəyyənləşdirilib Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-291/2015 saylı, 06 may 2015-ci il tarixli Qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh ilə birgə nikahlarından 18 iyun 2012-ci il tarixdə X3 və 01 avqust 2014-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin 2(006)-291/2015 saylı, 06 may 2015-ci il tarixli Qətnaməsinə əsasən övladları hər ikisi ananın himayəsində qalmışdır. Uşaqların bütün maddi təminatı və təlim-tərbiyəsi ilə iddiaçı özü məşğul olur, Cavabdeh ata kimi öhdəsinə düşən vəzifələri yerinə yetirmir və birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh bu zamana qədər uşaqları ilə maraqlanmamış, onlarla görüşməmiş, övladlarıın təlim-tərbiyə işində iddiaçıya köməklik göstərməmişdir. Nəsimi rayon məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(006)-291/2015 saylı Qətnaməsinə əsasən Cavabdeh 01 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat və 01 avqust 2014-cü il təvəllüdlü X4 üç yaşına çatanadək 50 (əlli) manat aliment alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Belə ki, Cavabdeh 2020-ci ilin avqust ayında dələduzluq cinayəti törətməkdə təqsirli bilinərək həbs olunmuş,məhkəmənin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verilmiş yə o, hazırda Bakı səhəri Binəqədi rayonu ərazisində yerləşən 11 X8 Müəssisəsində cəzasını çəkir. Nəsimi rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(006)-291/2015 saylı Qətnaməsinə əsasən Cavabdeh 01 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi barədə Qətnamə çıxarılıb icraya yönəldilməsinə baxmayaraq, cavabdeh 2020-ci ilin iyun ayından hazırkı vaxtadək aliment borclarını ödəmir və cavabdehin bu günə 1440 (bir min dörd yüz qırx) manat, yəni xeyli miqdarda ödənilməmiş aliment borcu yığılmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə ödəməkdən qəsdən yayınır və həmin vaxtdan bəri cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün alimenti ala bilməmişdir. Dəfələrlə Nəsimi rayon məhkəməsinə və Nəsimi rayonu İcra xidmətinə etdiyi müraciətlər heç bir nəticə verməmiş, aliment borcu ödənilməmiş qalıb. Uşağın bütün qayğısını və maddi ehtiyacını iddiaçı ödəyir, uşaqlar böyüdükcə onların maddi ehtiyacı və tələbatı da artır, cavabdeh isə övladına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçının üzərinə düşür, bu da ona çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması və ödənilməmiş aliment borcunun məbləğinin müəyyənləşdirilib cavabdehdən tutulmasına dair’' iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2016-cı il tarixli, AZ- İ seriyalı, 245313 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 14.09.2016-cı il tarixdə nikahları pozulmuş və bu barədə akt qeydləri kitabında 14.09.2016-cı il tarixdə 216 nömrə ilə qeyd edilmişdir. Nikah pozulandan sonra kişiyə “Səfərov”, qadına isə “Qasımova” soyadı verilmişdir. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2014-cü il tarixli, AZ-İİİ seriyalı, № 370769 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01.08.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16.08.2014-cü il tarixdə 681 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(006)-291/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment tələbinə dair» ilk iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış və 667 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 18 iyun 2012-ci il təvəllüdlü X3 və 01 avqust 2014-cü il təvəllüdlü X4 adlı uşaqları anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 01 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat və 01 avqust 2014-cü il təvəllüdlü X4 üç yaşına çatanadək 50 (əlli) manat aliment alınıb İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı “uşağın himayəsində qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. 25.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan MR, Şərur rayonu, Alışar kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 01 avqust 2014-cü il təvəllüdlü X5 üçün 120 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli 2(006)-291/2015 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2021-ci il üçün uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 01 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli 2(006)-291/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 01 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli 2(006)-291/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar