Məhkəmə qərarları › İş №2(006)-4989/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4989/2024

07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4989/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onların Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun yanında saxlanılmış, həmçinin uşağın saxlanması üçün aliment qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün hər ay 80 manat aliment qət edilmişdir. Uşağı cəmi 80 manatla saxlamaq çox çətindir. Ona məhkəmə tərəfindən təyin edilmiş alimentin artırılmasını istəyir. Uşaq böyüdükcə tələbatı da artır. Ona görə də alimentin artırılmasını xahiş edir. Bildirir ki, cavabdehin aylıq normal qazancı vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-739/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 1772 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olması, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01457 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etmiş olsalar da, mediasiya prosesinin davam etdirilməsi barədə qərar qəbul etməmişlər (mediator: E.Məmmədov). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Eyni zamanda, məhkəmə gedişatı zamanı iştirakı təmin edilmiş cavabdeh aliment məbləğinin dəyişdirilməsinə (artırılmasına) etirazının olmadığını bildirmiş və ondan tələb olunan məbləğdə aliment ödəməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-739/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-739/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar