Məhkəmə qərarları › İş №2(006)-4991/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4991/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4991/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmlakın girovdan çıxarılmasının cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmlakın girovdan çıxarılmasının cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №-li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobili kredit üzrə öhdəlik onun tərəfindən tam icra olunduğundan girovdan çıxarılması (azad olunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla LPO Cavabdeh1 ASC-nin Bakı filialı arasında bağlanmış 03.02.2009-cu il tarixli AV-843 saylı kredit müqaviləsinin təminatı 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsi olmuşdur. Qeyd edilən ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №-li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobili kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. Cavabdeh1 ASCnin Bakı filialı ilə bağladığı 03.02.2009-cu il tarixli AV-843 saylı kredit müqaviləsi üzrə 7.400 manat məbləğində kredit öhdəliyi onun tərəfindən tam icra olunmuşdur. 24 fevral 2021-ci il tarixdə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yazılı müraciət edərək, mülkiyyətində olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №-li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 03.02.2009-cu il tarixli AV-843 saylı kredit müqaviləsinin təminatı kimi girovdan çıxarılmasını xahiş etmişdir. Qeyd olunan qurum tərəfindən müraciətinə baxılmış və 02.04.2021-ci il tarixdə cavab olaraq tövsiyə olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin Bakı filialı arasında bağlanmış kredit və ipoteka müqaviləsinin, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərini Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri Babək prospekti 16) təqdim olunsun. 14 aprel 2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri Babək prospekti 16) rəsmi qaydada müraciətinin üzərindən 2 aydan artıq müddət keçdikdən sonra verilən 18 iyun 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO Cavabdeh1 ASC-yə guya onun 8.397 manat 07 qəpik məbləğində icra edilməmiş kredit öhdəliyi mövcuddur. Halbuki, 03.02.2009-cu il tarixli AV- 843 saylı kredit müqaviləsi üzrə öhdəliyi 13 avqust 2010-cu il tarixdə tam şəkildə ödənilərək icra olunmuşdur və bununla bağlı ona Cavabdeh1 ASC-nin Bakı filialı tərəfindən tam ödəniş olunması barədə xəzinə mədaxil orderi təqdim olunmuşdur. AV-843 saylı kredit müqaviləsinin təminatı olaraq 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş avtomobilinin üzərində girovun saxlanılması üçün heç bir əsas qalmamışdır. Mülki Məcəllənin 324.1, 269.1, 269.4, 269.5, 294.1.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi: - 03.02.2009-cu il tarixli AV-843 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tərəflər arasında 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçı (borc alan, ipotekaqoyan) İddiaçı mülkiyyətində olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №-li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. - İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmiş və bu barədə bankın filialı tərəfindən iddiaçıya ciddi hesabat sənədi olan 13 avqust 2010-cu il tarixli xəzinə mədaxil orderi verilmişdir. - Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan avtomobil ipoteka yüklülüyündən azad edilməmişdir. - İddiaçı pretenziya qaydasına riayət etməklə bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. - Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu iddiaçının bank qarşısında yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə mövcud olmayan borcuna əsaslanaraq, iddiaçının müraciətini təmin etməmiş, avtomobil ipoteka yüklülüyündən azad edilməmişdir. - Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ipoteka predmetinin hazırda ödənilmiş borca görə yüklü qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Cavabdehin nümayəndəsi iddiaçı ilə daha sonra yeni müqavilənin bağlanıldığını bildirsə də, bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi təminat altına alınan borc öhdəliyi yerinə yetirildiyindən aktuallığını itirmişdir. İpoteka müqaviləsinin qüvvədə qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobili kredit üzrə öhdəlik tam icra olunduğundan girovdan çıxarılmalıdır (yüklülükdən azad edilməlidir). Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 03.02.2009-cu il tarixli AV-843 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olan «Suzuki-Vitara» markalı, 2007-ci il buraxılışlı, JS3TD54V674114223 ban №-li, qara rəngli, ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtomobili kredit üzrə öhdəlik tam icra olunduğundan girovdan çıxarılsın (yüklülükdən azad edilsin). Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar