Məhkəmə qərarları › İş №2(006)-4997/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4997/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4997/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Lerik rayonunun Göydərə kəndində yaşayır. 23 sentyabr 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatında olan iribuynuzlu heyvanları Lerik rayonu Göydərə kəndinin örüş sahəsinə buraxmışdır. Həmin gün təqribən 15 radələrində kənd sakinləri iddiaçıya bildirdilər ki, iribuynuzlu heyvanlarından biri elektrik vurması nəticəsində tələf olmuşdur. İddiaçı və digər kənd sakinləri hadisə yerinə çatana kimi və elektrik cərəyanının dayandırılması üçün müraciət edənə kimi digər heyvanın da elektrik cərəyanı vuraraq tələf olmuşdur. Həmin heyvanlardan birinin diri çəkisi 300 kq (erkək), digərinin çəkisi 400 kq (dişi) təşkil edirdi. Bu səbəbdən kənd sakinləri və ƏİN-in iştirakı, həmçinin baytarlıq idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin hadisə ilə bağlı fotoşəkillər və videoçəkiliş aparılmışdır. Sözügedən ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-in Lerik rayon filialına müraciət etsə də, ziyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, ərizəyə əlavə etdiyi Lerik rayon HSBX İdarəsinin Epizodik tədbirlər şöbəsinin müdirinində imzaladığı aktla və ƏİN-i və kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş aktla müəyyən olmuşdur ki, iddiaçıya məxsus iki baş iribuynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşlar. Həmçinin, ƏİN-si və kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan da görünür ki, iddiaçıya məxsus iki baş iri buynuzlu inək 23 sentyabr 2024-cü tarixdə Lerik rayon Göydərə kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olmuşlar. İddiaçıya məxsus iki baş iribuynuzlu heyvanların cavabdehin təqsiri üzündən ona görə tələf olmuşlar ki, elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtı-vaxtında nəzarət olunmamışdır. Həmçinin, elektrik xətləri yerlə çəkilmiş olsa belə, onda həmin xətlər ətrafdakılara təhlükə yaratmadan çəkilməlidirlər. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə olan halda iddiaçıya məxsus heyvanların tələf olmasına yaranmış səbəb elektrik xəttinin qırılıb yerə düşməsi ilə sübuta yetirilir. Hazırda cavabdehin təqsiri üzündən iddiaçıya 4700 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC-dən İddiaçı vurulmuş 4.700 manat ziyan pulunun və ödənilmiş 67 manat dövlət rüsumunun, cəmi 4.767 manat pulunub alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dəlalət edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən hadisə ilə bağlı sadəcə akt və fotoşəkillər təqdim edilmişdir. Təqdim edilən aktda heyvanların məhz elektrik cərərəyanının vurması nəticəsində tələf olması qeyd edilsə də, bununla bağlı yarma protokolu məhkəməyə təqdim edilməmişdir. Yəni, həmin heyvanların elektrik cərəyanının vurması nəticəsində tələf olması məlum deyildir. Bundan başqa, həmin elektrik xətlərinin həqiqətən cavabdehə məxsus olması da heç bir sübutla təsdiq edilməyib. Ola bilsin ki, həmin xətlər başqa bir quruma aiddir və ya şəxsi xətlərdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən elektrik xətlərinin cavabdehə aid olmamasına dair onların hər hansı bir sübutları yoxdur. 4.İş üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə iclasında müəyyən edilmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə Lerik rayonu, Göydərə kənd sakini İddiaçı məxsus iki baş iribuynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Hazırda iddiaçı hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi 4.700 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan ƏİN-in səlahiyyətlərini icra edən Q.Əlinasib, Lerik rayon HSBX İdarəsinin Epizoodik tədbirlər şöbəsinin müdiri A.Helman, Lerik rayon Göydərə kəndi üzrə özəl baytar həkimi R.Rövşən, Lerik rayon Göydərə kənd sakini Ş.Elman və Lerik rayon Göydərə kənd sakini-heyvan sahibi S.Şəmsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Lerik rayon Göydərə kənd sakini İddiaçı müraciətinə əsasən onun şəxsi təsərrüfatında olan 2 baş ölmüş iribuynuzlu heyvanlarını müayinə edərkən həmin iribuynuzlu heyvanların Göydərə ərazisindən keçən yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə inəyin üstünə düşməsi nəticəsində 1 heyvanın təxminən 300 kq diri çəkidə olan erkək, digər 1 heyvanın təxminən 400 kq diri çəkidə olan inəyin ölməsi məlum olmuşdur. 8.Mülki işin materiallarında olan AR Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilən 25 sentyabr 2024-cü il tarixli, 5-65-20/2- 63/2024 nömrəli arayışdan görünür ki, İddiaçı ərazinin Göydərə kəndində yaşayır. 9.Mülki işin materiallarında olan AR Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilən 25 sentyabr 2024-cü il tarixli, 5-65-20/2- 62/2024 nömrəli arayışdan görünür ki, İddiaçı 02 saylı təsərrüfatbaşına uçot kitabının 92-ci səhifəsində 185 nömrə ilə qeydə alınmış və şəxsi təsərrüfatında 8 baş iribuynuzlu heyvan vardır. 23 sentyabr 2024-cü il tarixdə Göydərə kəndinin ərazisindən keçən yüksək gərginli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində İddiaçı şəxsi təsərrüfatından olan 2 baş iribuynuzlu heyvanını elektrik cərəyanı vuraraq tələf olmuşdur. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı tərəfindən 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan Lerik rayon prokuroruna İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı dəfələrlər elektrik şəbəkəsinin direktorunun qəbulunda olmuş, hətta yazılı müraciət etmiş, lakin heç bir nəticəsi olmayıb. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 21 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də bugünkü günə kələ ətinin 1 kq. 15 manat, düyə ətinin 1 kq isə 12 manat təşkil edir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Lerik rayonu, Göydərə kənd ərazisindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. 14.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin yaxınlığından keçən Lerik rayonu, Göydərə kəndində yerləşən elektrik dirəkləri və xətlərinin "xxxx" ASC-nin balansında olub-olmamasına dair məlumatın təqdim edilməsi ilə bağlı 2(006)-4997/2024 nömrəli məhkəmə işi üzrə 05 noyabr 2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evi 1960-1970-ci illərdə istismara verilmiş 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 19.Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 20.Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 21.Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. 22.Hazırki iş üzrə İddiaçı məxsus iki baş iribuynuzlu heyvanın cavabdehə məxsus elektrik naqillərinin qırılması nəticəsində tələf olması və nəticədə, iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır (əksi cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir). Məhkəmə qeyd edilən halı nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının tələbi əsaslı hesab edilməli və qismən təmin edilməlidir. 23.Belə ki, iş materiallarından göründüyü kimi tələf olan heyvanlardan erkək olanın təmiz çəkisi 300 kq, dişi olanın təmiz çəkisi isə 400 kq-dır. Bugünki günə kələ ətinin qiyməti 1 kq 15 manat, düyə ətinin qiyməti isə 1 kq 12 manat təşkil edir. Odur ki, göründüyü kimi iddiaçıya hər iki heyvanın da tələf olması nəticəsində iddiaçıya ümumilikdə 4.650 manat məbləğində maddi ziyan dəymişdir (erkək heyvanın təmiz çəkisi 300 kq : 2 = 150 kq x 15 = 2.250 manat; dişi heyvanın təmiz çəkisi 400 kq : 2 = 200 kq x 12 = 2.400 manat). Məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən çəkinin bir kiloqramının qiymətinin hesablanma qaydası heyvanın ümumi çəkisinin yarısı ilə müəyyən edilir. 24.Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 4.650 (dörd min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. 25.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia qaldırılması üçün ödənilən 67 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 27.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 4.650 (dörd min altı yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 28.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 29..Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 4.650 (dörd min altı yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar