Məhkəmə qərarları › İş №2(006)-5023/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5023/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5023/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Əşyanın lombardda girovu haqqında” 22.11.2015-ci il tarixli AFƏ 241168 saylı müqaviləyə görə 125 manat 50 qəpik dəyərində qızıl-zinət əşyalarının, ödəmiş olduğu 20 manat dövlət rüsumunun, sənədlərin hazırlanıb məhkəməyə verilməsinə görə xərclədiyi 30 manat, cəmi 175 manatın, qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadıqda isə onların dəyərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Lombard HQ” MMC (VÖEN **********) ilə onun arasında 22 noyabr 2015-ci ildə "Əşyanın Lombardda girovu haqqında” müqavilə (girov bileti Seiya AEƏ 241168) bağlanmış, 3 ədəd üzük (583 manat), cəmi çəkisi (təmiz çəki) 10 qram üçün ona 120 manat pul verilmişdir. Tərəflər arasında bağlanmış AEƏ 241168 saylı müqavilənin 6.1-ci bəndinə görə qızıl-zinət əşyalarına Lombarda girovu ilə təmin edilmiş ssuda məbləği, faiz və gecikmə məbləği qaytarıldıqdan sonra lombard tərəfindən girov əşyaları qirovqoyana qaytarılır”, O, müqavilənin 6.1-ci bəndinə əsasən aylıq faizləri və aldığım girov məbləğini cavabdehə ödəmişdir. Lakin cavabdeh lombarda girov verdiyi qızıl-zinət əşyalarını və ya onların dəyərini ona ödəməkdən imtina edir. O, cavabehdən aldığı pulu 11 fevral 2016-cı ildə AEP seriyalı 358424 saylı “Kassa mədaxil orderinin qəbzi” və 125 manat 50 qəpik ödəsə də, bu günədək qızıl-zinət əşyaları və ya onun dəyəri ona qaytarılmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 125 manat 50 qəpik dəyərində, əyarı 583, çəkisi 11,10 qram (təmiz çəkisi 10 qram) olan 3 üzükdən ibarət qızıl-zinət əşyalarının (qızıl-zinət əşyalarının qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin), ödəmiş olduğu 20 manat dövlət rüsumunun, sənədlərin hazırlanıb məhkəməyə verilməsinə görə xərclədiyi 30 manatın və ona dəymiş maddi və mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında əşyanın lombardda girovu müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Saxlanca qoyulan əşyalar lombarda verilir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. (Mülki Məcəllənin 302.1, 302.2, 302.3, 302.5, 302.6, 302.7 və 302.9-cu maddələri). AFƏ seriyalı 241168 nömrəli 22 noyabr 2015-ci il tarixli müqavilədən və AFƏ seriyalı 241168 nömrəli 23 noyabr 2015-ci il tarixli girov biletindən görünür ki, İddiaçı tərəfindən qızıl-zinət əşyaları (üç üzük) girov olaraq 120 manat müqabilində 8,4 ssuda üzrə faiz ilə "xxxx" MMC-yə təhvil verilmişdir. Müqavilənin 6.1-ci qızıl-zinət əşyalarının lombarda girovu ilə təmin edilmiş ssuda məbləği, faizi və gecikmə məbləği qaytarıldıqdan sonra lombard tərəfindən girov əşyaları girovqoyana qaytarılır. Bu müqavilə girov biletinin əlavəsi sayılır və onula eyni hüquqi qüvvəyə malikdir. AEP seriyalı 358424 nömrəli 11 fevral 2016-cı il tarixli, AEP seriyalı 360258 kassa nömrəli 19.12.2015-ci il tarixli, AEP seriyalı 360257 nömrəli 19.12.2015-ci il tarixli, AEP seriyalı 357921 nömrəli 23.01.2016-cı il tarixli və AEP seriyalı 357922 nömrəli 23.01.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 125,5 manat, 12,6 manat, 8,4 manat, 12,6 manat, 8,4 manat məbləğində ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında əşyanın lombardda girovu müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Girov qoyan (iddiaçı) girov müqaviləsi ilə təmin edilmiş əsas öhdəliyi, yəni götürdüyü pulun qaytarılmasına dair vəzifəsini lazımi qaydada icra etsə də, girov saxlayan (cavabdeh) girov qoyulmuş əşyaları geri qaytarmaq üzrə vəzifəsini icra etməmişdir. Məhkəmə, mülki işin materiallarında cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılmasını və ya əşyaların qaytarılmasını əngəlləyən hallarının mövcudluğunu təsdiq edən hər hansı sübutun olmadığını və qeyd edilən halları sübut etmək yükünü cavabdehin daşıdığını nəzərə alaraq belə qənaətə gəlməkdədir. Beləliklə, hazırki iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Ona görə də iddiaçıya məxsus və hal-hazırda cavabdehin sahibliyində olan mübahisəli əşyalar ona qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının özünə məxsus əşyalardan cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2016-cı il tarixdən məhrum olması ilə əlaqədar ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 125 manat 50 qəpik dəyərində əyarı 583, çəkisi 11,10 qram (təmiz çəkisi 10 qram) olan 3 üzükdən ibarət qızıl-zinət əşyaları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri, və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: İddiaçı həmçinin sənədlərin hazırlanıb məhkəməyə verilməsinə görə xərclədiyi 30 manat məbləğində xidmət haqqının və dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı sənədlərin hazırlanıb məhkəməyə verilməsinə görə 30 manat məbləğində xidmət haqqını ödədiyini iddia etsə də, bununla bağlı hər hansı bir maliyyə sənədini məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə məhkəmə xərci kimi ancaq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu nəzərə alır. Belə ki, iddia tələbinin 50%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ümumi dəyəri 125 manat 50 qəpik, əyarı 583, çəkisi 11,10 qram olan 3 üzük, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri və mənəvi zərər olaraq 200 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcinə görə 20 manatın 10 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar