Məhkəmə qərarları › İş №2(006)-5024/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5024/2020

22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5024/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxx 2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1353/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə 1 saylı “Bakı Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2729 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat alimentin tutularaq ona verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin ailmentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5878/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi (hakim R.Ə.Səmədovun sədrliyi ilə), ilə, xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi, miqdarı dəyişdirilmiş alimentinin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat aliment tutularaq ona verilməsi, qətnamənin bu hissəsi dərhal icra olunması və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Uşaqların saxlanılmasında o, bir valideyn kimi iştirak etməyinə baxmayaraq onların maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşaqların maddi təminatının təmin edilməsi onun ilə yanaşı həm də cavabdehin də vəzifə borcudur. Uşaqların saxlanılmasında Cavabdeh uşaqlar üçün tutulan 308,00 manat azlıq təşkil edir. Göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5878/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 154,00 manat tutulması qət edilmiş alimentinin miqdarını hər uşağa görə hər ay sabit pul məbləğində 170,00 manata, cəmi isə 340,00 manata artırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-5878/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2018-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat aliment tutularaq İddiaçı verilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 142167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2018-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 860023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 2016-cı ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikahları pozulduqdan sonra onların birgə nikahdan olan övladları X4 və X1 üçün məhkəmə tərəfindən aliment tutulmuş, hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 170 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafelərini və onun saxlanılması üçün cavabdehdən ümumilikdə 274 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və uşaqlar üçün yaşayış minimumunun 170 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin məbləği artırılaraq, hər uşaq üçün 170 manat məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə alimentin miqdarının artırılaraq xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qanunda nəzərdə tutulduğu miqdarda hər uşağa hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul miqdarında aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə alimentin miqdarının artırılaraq xx xxxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qanunda nəzərdə tutulduğu miqdarda hər uşağa hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul miqdarında aliment tutulsun və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar