Məhkəmə qərarları › İş №2(006)-5031/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5031/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5031/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın ödənilməsi, Cavabdeh3 onun xeyrinə 10.000 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 30.000 ABŞ dolları (51.000 manat) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən sahəsi 103,7 m2 təşkil edən qaraj sahəsi (obyekt) Şamayılova Yalta adlı bir qadının istifadəsində olmuşdur. Sonradan həmin qadın Amerikada yaşamış və orada rəhmətə getmiş, qaraj sahəsindən istifadə isə onun oğlu Cavabdeh3 keçmişdir. 2013-cü ilin iyun ayında həmin qaraj sahəsi Nurəddin İbrahimov adlı bir şəxs və onun reyder dəstələri tərəfindən hücuma məruz qalmış, 107,3 m2 sahəsi olan daş qaraj qanunsuz olaraq dağıdılaraq yerlə yeksan edilmişdir, qarajın içindəki əmlaklar isə talanmışdır. Bu qanunsuzuqlarla əlaqədar faktiki olaraq Amerikada yaşayan Cavabdeh3 onu və Cavabdeh2 özünə nümayəndə tutaraq Amerikadan onlara etibanamə göndərmişdir. Onlar da həmin etibanamə əsasında sonuncunun pozulmuş hüquqlarını məhkəmə, polis və prokurorluq orqanlarında bütün prosesi və sair xərcləri isə Benyaminov onlara etibanamə verərək onlara tapşırıq verərkən onlar qarşısında öhdəçilik götürmüşdür ki, qaraj sahəsini udduqları təqdirdə çəkdikləri bütün məhkəmə xərclərini ödəyəcək. Hətta dəqiq bir məbləğ də demişdi. Hərəsinə 10.000 manat verəcəkdi. Dadaşovun özü də onunla ayrıca razılaşma müqaviləsi bağlamışdır. Onun da ev problemi olmuşdur. O, pararel olaraq həm Dadaşovun öz şəxsi işlərini, həm də Benyaminovun işini aparırdı. Amma tam pulsuz və nisyə formada. Cavabdeh2 rus dilli olduğu üçün azərbaycan dilində qanunları məhkəmədə olduğu kimi başa sala bilmirdi. Həm də yaza bilmirdi. Məhkəmədə danışanda isə yalnız çaşırdı. Buna görə də, ondan istifadə etmək qərarına gəlmişdi. Hətta Dadaşov gəlib onun ofisində oturaraq bu işləri aparmaqda ona kömək edirdi. Bu məqsədlə də onlar işə başlamışlar və Benyaminovun işi ilə bağlı bütün məhkəmə, prokurorluq və polis orqanlarında qarajla əlaqədar işlərini aparmışlar. O, həmin iş üzrə Benyaminovun əsas nümayəndəsi idi. Bütün ərizə və şiayətləri o yazırdı. Bu işə həm də özündən pul qoyurdu. Beləliklə, uzun sürən məhkəmə proseslərindən sonra o, Səbail rayon məhkəməsinin 24 aprel 2014-cü il tarixli qətnaməsi ilə, o zaman artıq sökülmüş mübahisəli daş qarajın əvvəlki yerində bərpa olunmasına dair qətnamə çıxartdırmışdır (ərizəyə əlavə olunur). Bu məhkəmə prosesi zamanı iddia ərizəsinin hazırlanması və məhkəmə prosesində iştirak edərək, əks tərəf apellyasiya şikayəti verdiyi üçün qarajla əlaqədar həmin mübahisəni 09.10.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsində də udmuşdur (qətnamə əlavə olunur). Daha sonra 08.02.2015-ci ildə Ali Məhkəmədə kassasiya qaydasında baxılmış və qərar onları qane etmişdir (qərar əlavə olunur). Bütün məhkəmə proseslərində nümayəndə kimi iştirak etmiş və işi tam qələbə ilə başa çatdırmışdır. Ümumiyyətlə, qarajla bağlı məhkəmə və icra 5 il çəkmişdir. Bu məhkəmə işinə görə o, özündən xeyli vəsait xərcləmişdir. Külli miqdarda borca düşmüşdür. İşini gücünü atıb qarajın işini aparırdı. Bütün məhkəmələrdə mübahisəni udandan sonra qətənaməni də icra eləmişlər. Daş qarajı əvəlki yenidən tikdirmişlər. Daha sonra onlar həmin qarajı Benyaminovun adına mülkiyyət kimi, Bakı Reyest İdarəsindən qeydiyyatdan keçirtmişlər. Daha sonra Dadaşov ona bildirmişdir ki, bu qaraj işindən o çoxlu pul qazanıb, ona da vermək istəyir. Daha doğrusu, dedi ki, pul qoyub qarajın ətrafındakı 16 sot torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyəti vasitəsi ilə özəlləşdirib, qarajla birgə sata bilərlər. Bu iş üçün isə təqribən 60 min ABŞ dolları lazım olduğunu bildirmişdir. Deyir əgər o, həmin pulun yarısını versə, o zaman bu işin sonunda həmin qaraj və torpaqlar 500 min dollara satılar və ona 50 min, və hətta 100.000 Amerika dolları pul düşə bilər. Yarısını da o qoyacaqdır. Həm də aralarında şəriklik müqaviləsi var idi. Onun deməsinə görə bu işdə ona kömək edən də var. Onun dostu və tələbə yoldaşı olan «El Holdinq»in rəhbəri Muradov Elçin onlara kömək edəcək. Guya torpağı o alacaq. O, sonuncuya demişdir ki, apardığı məhkəmələrin vəkil pulunu versə bəsidir, lazım deyil ona belə oyunlar. Xusüsən də o hörmətli adamların adlarını çəkmək lazım deyil. Bu qorxulu məsələdir. Sonra iş düzlməsə o, sonunculardan verdiyi pulunu necə ala bilər? Axı onlar Mehriban xanımın qohumlarıdır. Dadaşov isə onu inandırmaq üçün onun yanında Elçin Muradov və onun Konstitusiya Məhkəməsində hakim işləyən qardaşı Mahir Muradova telefon zəngləri edərək, Mahir müəllimə hətta «privet Mahirçik» deyə müraciət edirdi. Dadaşov həm də formal olaraq E.Muradovun «El Holdinq»ində maaş alırdı. Oranın işçisi idi. Onu da deyir ki, onlar bundan əvvəl də Dadaşovla bir yerdə məhkəmə işlərində kifayət qədər birgə işləmiş və xeyirləri olmuşdur. Gəlirləri isə bölmüşlər. Ailəvi tanışlıqları var idi. Evində olmuşdu. Bu faktlardan sonra Dadaşova inanmamaq mümkün deyildi. Həm də sonuncunun söz verdiyinə görə o, sonuncuya 30.000 dollar verməklə ən azı 50.000 dollar ala bilərdi. Axırda Dadaşov onu inandırmışdır. Buna görə də, o, özünə məxsus olan Biləcəridəki 1 otaqlı mənzilini banka qoyub oradan pul görürüb sonuncuya vermək istəmişdir. Sonuncu hətta onu qohumunun işlədiyi «AMAY»ın yanındakı hansısa İran bankına da aparmışdır. Lakin orada ona kredit verməmişlər. Axırda Dadaşov mənzili ona dəyər dəyməzə satdırmışdır. Lakin mənzilin pulu 30 min dollar etmədiyinə görə o, bir dostundan 6.000 dollara qədər borc alaraq, pulu 30 min dollar etmiş və 2016-cı ilin may ayında şahidlərin yanında Bayılda şəxsən Cavabdeh2 vermişlər. Sonuncu isə həmin an pulu almış və yenə onları əmin etmişdir ki, bu pulu torpaq sahələrini sənədləşdirmək üçün Elçin müəllimə verəcək. Sonradan məlum olm uşdur ki, Dadaşov Bəxiyar onları aldadırmış, sonuncu, Cavabdeh3 sonuncuya verdiyi etibanamə əsasında həmin qarajı onun sonuncuya verdiyi pullardan istifadə etməklə 19 sentyabr 2017-ci idə baldızı Cavabdeh1 adına saxta yollarla alğı-satqı etmiş və bu barədə həmin xanımın adına BTİdən texniki pasport almışdır. Pulların qalan hisəsəini isə xanımlara və eyş-işrətə sərf edirmiş. O, biləndə ki, Dadaşov onu aldadıb, sonuncudan izahat istəmişdir. Lakin artıq gec idi. Sonuncu onu aldatmışdır. Əslində, isə Cavabdeh1 həmin qarajın alğı-satqısına görə banka da pul ödəməmişdir. Bu formal əqd idi. Bütün bunlar Cavabdeh2 fırıldaqları imiş. Buna görə də, o, Dadaşovun bu əməllərinə görə Səbail rayon Polis İdarəsinə şikayət etmişdir. Təhqiqat zamanı şahidlər təsdiq etmişlər ki, o, həqiqətən də torpağın sənədləşdirilməsi ilə bağlı Bayılda Dadaşova 30.000 dollar pul vermişdir. Bu izahatlar təhqiqat materiallarında öz əksini tapmışdır. Lakin təhqiqat gedən zaman «El Holdinq»dən ona zəng vurub ora çağırmışlar. O da getmişdir. Holdinq «Azura» binasının 30-cu mərtəbəsində yerləşir. Holdinqdə Elçin müəllimin köməkçisi Azər ona bildirmişdir ki, onu Elçin müəllim çağırtdırıb. Bilirlər ki, ora pul qoymuşdur, Elçin müəllim də qoyub. Elçin müəllim dedi ki, torpaq və qaraj satılan kimi sonuncular onu çağırıb pulunu verəcəklər. Amma şikayət etməsin. Beləliklə, onu arxayın edib yola salmışlar. O da daha şikayət etməmişdir. Amma istintaq materiallarında Dadaşovun ondan həmin pulları almasına dair kifayət qədər sübutlar var. Sadəcə olaraq bu iş mülki mübahisəli iş kimi qiymətləndirilmişdir. Amma o, hər ay «El Holdinq»lə telefon əlaqəsi yaradaraq işi ilə maraqlanırdı. Çünki belə çıxır ki, sonuncular həm şərikləri kimi ona söz vermişlər, həm də Dadaşov onların işçisi idi. Hər dəfə Elçin müəllimin köməkçi Azər onu arxayın edirdi. Pandemiya dövrünə kimi onu arxayın etmişlər. Pandemiyadan sonra isə məlum oldu ki, Dadaşov həmin obyekti sataraq pullarını özü və baldızı və sairləri ilə bölmüşdür. Onun 30 min dollarını və əlavə olaraq 10.000 manat məhkəmə xərclərini də mənimsəmişdir. O, bu barədə yenidən «El Hodinq»ə müraciət etmişdir. Bildirmişdir ki, sonuncular ona verdiyi sözü tutmayaraq onu aldatmışlar. Oradan isə məlum olmuşdur ki, guya Elçin müəllimin köməkçisi daha orada işləmir. Cavabdeh2 isə guya İsrailə qaçıb. Amma Azər onunla danışmış və demişdir ki, Dadaşov o zaman söz vermişdi ki, satan kimi pulunu verəcək. Nəyə görə verməyib bilmir. Nə isə, qrup şəklində dələduzluq. Lakin bütün bunlara baxmayaraq onda iddia ilə əlaqədar kifayət qədər sübut və dəlillər var. Şahidlər kifayət qədərdir. Hesab edir ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və digər cavabdehlər ona vurduqları ziyanı ödəməlidirlər. 30.000 dollar pulu və çəkdiyi 10.000 manat əlavə xərcləri ona qaytarılmalıdır. Bu fakt da həm qanunsuz əmlakı ələ keçirmə, öhdəçiliyin pozulması, həm də dələduzluq əlaməti sayılmalıdır. Cavabdeh2 bu işdə mülki məsuliyyəti ondan ibarətdir ki, sonuncu, 5 il ərzində onun etibarından istifadə edərək külli miqdarda pulunu əlindən almış və ondan vəkil kimi istifadə etmiş və istədiyinə nail olmuşdur. Benyaminovun ona verdiyi etibanamədən süi-istifadə edərək öz xeyrinə bütöv bir saxtakarlıq labirinti yaratmışdır. Bu labirinti yaratmaqda onun məqsədi Benyaminova məxsus qarajı və ona bitişik ərazini yalnız özü mənimsəmək və onun çəkdiyi məhkəmə xərclərini və qonorarı verməməkdir. Hələ bunlardan əlavə olaraq Dadaşov işi düzəldən Elçinə Muradova vermək adı ilə də ondan əlavə olaraq 30.000 ABŞ dolları pul almışdır. Həmin pullarını və 5 illik 10.000 manatlıq çəkdiyi məhkəmə xərclərini qaytarmalıdır. Buna görə də, sonuncunun işini 3 instansiya məhkəmələrində qələbə ilə başa çatdıdıb, sökülmüş obyektini yerindəcə bərpa etdiyinə görə Benyaminovdan 10.000 manat, ondan 16 sot torpağın sənədləşdirilməsi adı ilə mənzilini satdırıb ondan 30.000 ABŞ dolları pul alaraq sonra da öhdəliyini icra etməyib pullarını mənimsəyən Cavabdeh2 30.000 ABŞ dolları, milli valyuta ilə 51.000 manat pulunu tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh2 və digərlərinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair verdiyi iddia tələbini tam olaraq müdafiə edir. İddiası əsasən cavabdehlərin ona vurduqları maddi ziyanla bağlıdır. Ona vurulmuş ziyanın təşkilatçısı və icraçısı isə bilavasitə Cavabdeh2dur. Bütün bu ziyanları Cavabdeh2 təşkil edib. Belə ki, ilk olaraq bildirir ki, Cavabdeh2la onlar 2012-ci ildən tanışdır. Həmin vaxt Dadaşov onun etibarından sui-istifadə edərək onun Bakı şəhəri Azərbaycan prospekti 65 ünvanda yerləşən icarəyə götürdüyü ofisdə onunla bərabər işləmək istədiyini bildirmişdir. Onun həmin ofisi həm «Vəkilin səsi» hüquq qəzetinin redaksiyası, həm də Hüquq məsləhətxanası idi. Dadaşovun isə öz ofisi və hüquqi xidmətlə bağlı vergidən alınmalı olan VÖEN-i yox idi. Buna görə də, onun vasitəsilə pul qazanmaq istəyirdi. Qərara gəlmişlər ki, bir yerdə şərik kimi işləsinlər. Bu barədə onlar iki tərəfli yazılı «razılaşma» da bağlamışlar. Razılaşmada onların bir yerdə görəcəkləri konkret məhkəmə işləri göstərilmişdi. Bütün qazancları bərabər bölünməli idi (bu «Razılaşma»nın surəti işə əlavə olunub). O vaxtdan da hər ikisi onlara müraciət edən bir çox şəxslərə məhkəmələrdə nümayəndəlik etməyə başlamışlar. Ofisin kirayə pulunu da bərabər ödəyirdilər. Məhkəmədəki nümayəndəlik üçün insanlar onların hər ikisinə eyni etibarnamə verirdilər. Bundan sonra o, iddia ərizələri tərtib edir, sənədləri toplayıb məhkəmələrə təqdim edir və məhkəmə prosesində iddiaçı, yaxud da cavabdehləri təmsil edirdilər. Bütün işləri əsasən özü aparırdı. Çünki Bəxtiyar rusdilli olduğu üçün azərbaycan dilində qrammatik yaza və çıxış etməyi bilmirdi. Əldə etdikləri puldan ofis xərcini ödəyir, vergi verir və qalanları da aralarında şərik kimi bölürdülər. Onların şəriklikləri barəsində kifayət qədər sübutlar var. Həmin sübutlar onlara verilmiş etibanamələri, qətnamə və qərarları, həm də «razılaşma»nın surətlərini işə əlavə edir. Onlar Dadaşovla bu qayda ilə təqribən 6 il bir yerdə işləmişlər. Bir yerdə xeyli miqdarda məhkəmə işlərinə çıxmışlar. Dadaşov isə onların birgə şərikliklərini bilə-bilə danır. Cavabdeh2 «babulya» adlı rus qadının mənzilini necə ələ keçirtdi? Dadaşov həmişə öyünürdü ki, onun «adamı» Birinci xanımın qohumu olan Elçin və Mahir Muradovlardır. Ona heç kim və heç nə edə bilməz. Buna görə də, o, dövlət orqanlarını bu yollarla qorxudaraq Nəsimi rayonu Mirzağa Əliyev küçəsi 236 saylı evin 22 saylı mənzilini miliyyətcə rus olan qadının 2 otaqlı mənzilini qanunsuz olaraq zəbt elədi. Dadaşov həmin qadının həmin mənzilini ələ keçirərək ailəsi ilə bərabər ora qeydiyyata düşmüş və orada yaşamağa başlamışdı, sonradan isə rus qadının həmin mənzilini öz adına özəlləşdirmişdi. Daha doğrusu, qadının kimsəsizliyindən istifadə edərək onun mənzilini zəbt etmişdi. Qadını isə toyuq hininə oxşar bir yerdə saxlayırdı. Sonra isə qadın öldü. Bu sonuncunun ona məlum olan ilk cinayəti idi. Sonradan həmin mənzilin yerləşdiyi ərazi Bakı İcra Hakimiyyəti tərəfindən plana düşdüyü üçün söküldü. Dövlət isə Dadaşovun ailəsinə mənzilin hər m2-inə görə 1500 manat vermək istəyirdi. Dadaşov isə dövlətdən daha çox pul almaq üçün ondan hüquqi yardım istəmişdir. O da sonuncuya imtina etməmişdir. Sonuncuya bildirmişdir ki, bunu etmək üçün saxtakarlıq edib saxta sübutlar əldə etmək və məhkəmə qətnaməsi əldə etmək lazımdır. Amma qazancın yarısı ona düşməlidir. Beləliklə, onlar Dadaşovla birlikdə saxta bir plan qurmuşlar. Bu məqsədə çatmaq üçün Dadaşov məhkəmələri aldadaraq saxta sübutlar təqdim etmişdir. Sonuncu Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə yaşadığı 60 m2-ə yaxın mənzilə görə 62.000 manat əvəzinə 162.000 pul almaq barəsində qanunsuz məhkəmə qərarı çıxartdırdı. Bu haqda aşağıda daha ətraflı: Dadaşov saxta yollarla məhkəməni necə aldıb qanunsuz qərar ala bildi? Bunun üçün Dadaşov ilk olaraq məhkəməyə iddia verdi ki, guya həyat yoldaşı Nigarla boşanmadan mənzili öz aralarında bölmək işəyirlər. Daha sonra isə qiymətləndirmə şirkətlərindən biri onun mənzilini baha qiymətlə qiymətləndirməli idi. Bundan sonra məhkəməyə iddia verilməli və mənzilin qiyməti bazar qiyməti ilə məhkəmə tərəfindən müəyyən edilməli idi. Xülasə, bir neçə məhkəmədən sonra Dadaşov mənzilin hər m2-inə görə 4.050 manat pul aldı. Amma nə arvadını boşadı, nə də onunla mənzili böldü. Dövlətdən isə 60 m2-lik mənzilə görə 162.000 manat pul almışdır. Bu işin nümayəndəsi isə o idi. Razılaşmaya əsasən bu işin sonunda pulu alan kimi Dadaşov qazancı onunla bölməli idi. Amma Dadaşov öhdəçiliyinə əməl etmədi. Bundan sonra Dadaşov həmin 162 min manatın bir hisssəinə özü üçün «Jeep» avtomobili aldı. Pulun bigər hisssəinə isə ailsi üçün Kubinkada ev aldı. Dadaşovun 2-ci mənzili ilə əlaqədar ikinci maxinasiyası. Bundan sonra Dadaşov əvvəlki mənzilə görə etdiyi saxtakarlığı hazırda yaşadığı Bakı şəhəri Əlibəy Hüseynzadə küçəsi dalan 10 ev 13 barədə də tətbiq etməyə başladı. Yenə də məhkəməyə saxta iddia verərək guya yolaşı ilə boşanmadan evi öz aralarında bölmək istədiyini bildirdi və yenə də saxta mütəxəsis rəyi alaraq məhkəmə qətnaməsi ilə müəyyən etdi ki, onun evinin qiyməti 635.000 manatdır. Yəni ki, ev dövlət tərəfidən söküləndə bu qədər pul ala bilsin. Amma yenə də nə Dadaşov arvadını boşadı, nə də evi naturada böldü. Bütün bu sxem Dadaşov tərəfindən düşünülmüş dələduzluq idi. Onun məqsədi dövlətdən saxta yollarla daha çox pul qoparmaq idi. İkinci evinə görə isə Dadaşov saxta yollarla dövlətdən 635.000 manat pul alması barədə qətnamə çıxartdırdı. Həmin qətnamə isə hələ də öz qüvvəsindədir. Bu isə Dadaşovun dövlət büdcəsinə qarşı törətdiyi ikinci cinayət idi. Bu cinayət barəsində, yəni maxinasiya yolu ilə dövləti və məhkəmələri aldatmaq yolu ilə dövlətə külli miqdarda ziyan vurma hadisəsini o, həm məhkəməyə, həm də prokurorluğa məlumat verməli olmuşdur. Həmin hər iki cinayət faktları Nəsimi rayon Məhkəməsi tərəfıindən müəyyən edilərək, Dadaşov barəsində 28.06.2019-cu il tarixli 2(006)-3647/2019 saylı xüsusi qərərdad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildi. Amma Dadaşovun bildirdiyinə görə, o, yenə də Muradovların yardımından istifadə edərək, cinayət məsuliyyətindən qurtara bildi. Əslində Muradovların bu işlə heç bir əlaqəsi yox idi. Dadaşov sadəcə olaraq onların adından istifadə edirdi. Bu işdə açıq-aydın dələduzluq və korrupsiya faktı var. Daha bir fakt: O, Dadaşovla birgə şərik kimi Tarverdiyev Kamran və onun ailə üzvlərinə məxsus torpaq sahələri ilə bağlı prokurorluq və məhkəmələrdə birgə nümayəndəlik etmiş və həmin işi qələbə ilə başa çatdırmışlar. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi nümayəndələrə verilməli olan qanorar kimi onların hər ikisinə bərabər olaraq 45.000 manat pul kəsmişdir. Həmin pullar isə hər birinə avtomobil verilməklə bərabər olaraq naturada ödənmişdir. Lakin Dadaşov hətta bu işdə də ona bir şərik kimi «atmaq istədi», amma alınmadı. Bu isə onu daha da hirsləndirdi və ondan qisas almağa sövq elədi. Dadaşovun sahibkar F.Əliyevdən 35.000 manat alaraq onu aldatması. Dadaşovun bundan əlavə sahibkarlıqla məşğul olan Əliyev Firudin adlı bir şəxsdən də onun hüquqlarını məhkəmədə udacağı vədi ilə 35.000 manata qədər pul alması faktı baş vermişdir. Dadaşov həmin sahibkara vəd etmişdir ki, onun Ədliyyə Nazirliyində köməkçi dostu var və həmin adam nazir vasitsi ilə guya onun işini məhkəmə vasitəsi ilə düzəldəcək. Lakin Dadaşov sahibkarın 35.000 manat pulunu mənimsəyərək onun üçün heç bir şey etmədi. Sonradan həmin puldan cəmi 14 min manatını qaytardı. Qalanlarını isə hələ də qaytarmayıb. Onunla şərik olduğu halda, sahibkardan bu qədər pul aldığını hətta o da bilməmişdir. Həmin hadisələrdən sonra Dadaşov onun cinayət əməlini məhkəmədə açdığına görə ondan qisas almış və Bayıldakı (Cənub Dərə küçəsi 6) Benyaminova məxsus əmlakın bərpa edilməsi və obyektin ətrafındakı 16 sot torpağın guya sənədləşdirilməsi ilə bağlı ondan aldığı 30 min dollar pulu və 10 min manat məhkəmə və sair əlavə xərclərini ona verməkdən imtina etmişdir. Halbuki, razılaşmaya görə sonuncu ona hətta 50.000 ABŞ dolları verməyi söz vermişdi. Hazırda isə cavabdeh utanmadan onun iddiasındakı faktları inkar edərək onun özünü «dələduzluqda» ittiham edir. Doğrudur, onun Dadaşovun cinayətlərinə görə pollislə problemi olmuşdur. Amma polis hər dəfə ondan üzr istəyərək onu dindirmiş və sərbəst buraxmışdır. Hətta polis onu qanunsuz saxladığı üçün mənəvi ziyanın əvəzi kimi Nəsimi rayon Məhkəmiəsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ona 1000 manat kompensasiya ödənmişdir. Bu barədə məhkəmə qətnaməsi əlavə edir. O ki qaldı onun əsas iddiasına, iddia tam əsaslıdır və bütün cavabdehlər və 3-cü şəxs qanunla onun qarşısında maddi məsuliyyət daşıyır. Sonuncuların hər biri ona qarşı qanunsuzluq etmiş və ona birgə maddi ziyan vurmuşlar. Benyaminov hazırda ABŞ-da yaşasa da, ona bütün məhkəmə instansiyalarında hüquqi xidmət göstərdiyinə görə və işi qələbə ilə sona çatdırdığına görə onun məhkəmədə çəkdiyi xərcləri muzdla bərabər 10.000 manat pulunu verməlidir. Dadaşov isə ondan həmin obyekti bərpa etmək və torpaq sahəsini sənədləşdirmək adı ilə aldığı 30.000 dolları geri qaytarmalı və daha 20 min dollar ona ödəməlidir. «El Holdinq» isə bu işdə əsas rollardan birini oynayırdı. Dadaşovun özü də bu Holdinqdə işləyir. Bu holdinqin əməkdaşı və prezident köməkçisi Azər adlı bir şəxs onu Holdinqin baş ofisinə dəvət edərək onunla Elçin Muradovun adından danışaraq ona söz vermişdir ki, pulu Cavabdeh2 alınaraq ona veriləcək. Sonuncunun telefon danışıqları da onda vardır. Dadaşov məhz sonunculara vermək adı altında ondan 30 min dollar pul almışdı. «El Holdinq»in əməkdaşları da onu öz ofislərinə çağırıb sonuncuların da bu obyektdə marağı oldduğunu bildirmiş və söz vermişdilər ki, obyekt satılan kimi öz xərclərini də götürüb onun pullarını da məhz sonuncular verərlər. Dadaşovun ondan 30 min dollar pul alması faktı Səbail rayon Polis İdarəsinin müstəntiqi tərəfindən də araşdırılmışdır. Araşdırma zamanı Hacıyev Asif və Bayramov Emin adlı şəxslər bu faktı təsdiq ediblər. Sonuncular müstəntiqin yanında Bəxtiyarın şəxsən ondan 30 min dollar pul alması və ona vəd verməsini təsdiq ediblər. Bu barədə təhqiqat materialları var. Cavabdeh2 Amerikada yaşayan Cavabdeh3 məxsus obvekti saxta yolla ələ keçirtdi. Dadaşov Benyaminovun ona verdiyi etibanamə əsasında etibardan süi-istifadə edərək ona məxsus obyekti saxta yollarla baldızı Cavabdeh1 adına keçirtdi. Bu qaraj əvvəllər Şamayılova Yaltaya, sonradan isə oğlu, cavabdeh Benyaminov Azəriyə məxsus idi. Onlar Dadaşovla isə yalnız məhkəmədə nümayəndəlik etməli idilər, sonra isə öz pullarını almalı idilər. Benyaminov Dadaşova daha heç bir səlahiyyət verməmişdi. Dadaşovun bu obyekti baldızına satmağa səlahiyyəti yox idi. Bayıldakı qaraj adlanan obyektin məhkəmə qaydasında geri alınıb bərpa edilməsi ilə bağlı o, Səbail rayon prokurorluğunda, həm də bütun məhkəmə instansiyalarında nümayəndə kimi iştirak etmiş, bu işə külli miqdarda pul sərf etmiş və işi udmuşdur. Bu işə onu ilk vaxtlarda Dadaşov cəlb etmiş və onunla birgə şəriklik razılaşması bağlamış, daha sonra isə Benyaminov da ona sonuncunun işini məhkəmə və sair orqanlarda aprarmaq üçün etibanamə vermişdir. Həm Dadaşov, həm də Benyaminov ona söz vermişdilər ki, işi udduğu tərzdə ona məhkəmə xərclərindən əlavə həm də muzd ödəyəcəklər. Bu isə faktiki olaraq «tapşırıq müqaviləsi» demək idi. Mülki Məcəllənin 777- 786-cı maddələrinə görə isə tapşırıq müqaviləsi həm yazılı, həm də şifahi bağlana bilər. Lakin nə o, nə də Benyaminov bilə bilməzdilər ki, Dadaşov onları, xüsusən də onu aldadaraq nəinki ona çatacaq haqqını verməyəcək, həm də ondan 30 man dollar pul alıb mənimsəyəcək. Faktiki olaraq Dadaşov Benyaminovun ona verdiyi etibarnamədən suiistifadə edərək sonuncuya məxsus həmin obyekti etibarnamədən sui-istifadə etmək yolu ilə formal olaraq baldızı Kərimovanın adına alğı-satqı etməklə, obyekti öz mülkiyyətinə keçirmişdir. Halbuki, Benyaminov Bəxtiyara həmin obyektin onun öz baldıdızın adına alğısatqı etməsinə səlahiyyət verməmişdi. Əslinə qalsa, Dadaşovun baldızı Cavabdeh1 də bu alğı-satqıdan xəbəri olmamşıdır. Dadaşov bu alğı-satqını Bakı şəhəri 14 saylı Notariat Kontorunda saxta yollarla etmişdir. Dadaşovun ondan rahatlıqla 30 min dollar alması məhz onunla sonuncu arasında 6 il ərzində yaranmış etibarın nətitcəsi idi. Benyaminov kimi o da sonuncuya öz əmlakını etibar etmişdi. Sonuncu isə həm Benyaminovun əmlakını mənimsədi, həm də onun 30 min dollarını mənimsəyib. Dadaşovun məhkəmədəki izahatında qeyd edir ki, guya sonuncu ona hər bir məhkəmə içün üçün 100 manat pul verib, onu nümayəndə kimi işlədib. Yalan deyir. Çünki əslində sonuncu da bütün işlərdə onun kimi nümayəndə idi. Onlara pulu müştərilər verirdi. Həm də o, sonuncu ilə şərik kimi işləyib yalnız işin sonunda qonorar, yaxud da faiz alırdılar. Bir dəfə isə, daha doğrusu Tarverdiyevlərin işi üzrə onlar ikisi 45.000 manat pul alaraq onu aralarında bərabər bölmüşlər. Dadaşov məhkəmədə olduğu kimi 2019-cu ildə Səbail rayon polis idarəsində də ondan 30 min dollar alması faktını danırdı. Lakin Səbail rayon Pİ İŞ-nin müstəntiqi Vüqar Hüseynovun apardığı təhqiqat materiallarında və tərtib etdiyi 15 iyul 2015-ci il tarixli qərarında Hacıyev Asif və Bayramov Emin adlı iki nəfər şəxs izahat verərək təsdiq etmişlər ki, Cavabdeh2 2016-cı il may ayının sonunda ondan nağd olaraq 30 min dollar pul almış və bildirmişdir ki, həmin pullar torpaq sahələrini sənədləşdirib ona aldığı 30 min dollann əvəzinə 50-100 min dollar pul verəcək. Lakin təhqiqat zamanı Dadaşov bu faktı danaraq onun guya sonuncuya 3 min manat borclu olduğu üçün sonuncuya böhtan atdığını bildirmişdir. Lakin Binəqədi rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 5289 saylı qətnaməsi ilə məlum oldu ki, Dadaşov yalan deyirmiş. Onun sonuncuya heç bir zaman 3 min manat borcu olmayıb. Dadaşov özünü pullarını qaytarmamaq üçün məsuliyyətdən yayındırmaq istəyir. Onun cavabdehlərə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair verdiyi iddiası əsasən iki nəfərə qarşıdır. Tərəflərdən birincisi X2 adlı bir şəxsdir ki, hansı ki, onun Bakı şəhəri Bayıl qəsəbəsində sökülüb yerlə yeksan edilmiş 100,3 m2-lik obyektini məhkəmə qaydasında bərpa edib özünə qaytarmaq üçün onu özünə nümayəndə tutmuşdur. O da bütün məhkəmə instansiyalarında şəxsən iştirak etməklə və sair hüquqmühafizə orqanlarında nümayəndəlik etməklə sonuncunun mülkiyyət hüququnu öz vəsaiti və zəhməti ilə bərpa etmişdir. Sonuncu isə öhdəçiliyini pozaraq çəkdiyi xərclərin əvəzini və işi qələbə ilə bitirdiyinə görə ona söz verdiyi kimi verməli olduğu 10.000 manat pulu indiyə kimi ödəməmiş və ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Onun cavabdeh X1rşı iddia tələbi odur ki, bu adam Mülki Məcəllənin 777-786-cı maddələrinə uyğun olaraq onunla tapşırıq müqaviləsi bağlamışdır. Daha sonra notariat qaydasında ona etibarnamə verərək sonuncuya məxsus Bayıl qəsəbəsində yerləşən 100,3 m2 sahəyə malik obyektlə bağlı məhkəmədə sonuncunun nümayəndəsi olmasını tapşırmışdır. Bu zaman sonuncu ona əvvəlcədən heç bir məbləğ ödəməmiş və yalnız bildirmişdir ki, bütün məhkəmə xərclərini özü ödəsin, işi udduğu halda isə sonuncu ona həm məhkəmə xərclərini ödəməli, həm də işi udduğuna görə əlavə muzd ödəməli idi. Bu isə təqribən hazırkı məzənnə ilə 10.000 manat etməli idi. Həmin zaman sonuncunun obyektinin bazar qiyməti 250 min ABŞ dolları təşkil edirdi. Onlar bu razılaşmanı öz aralarında qəbul etmişlər. Bundan sonra sonuncu bu tapşırıqları həyata keçirmək üçün Cavabdeh2 yanında ona 22 iyun 2013-cü ildə etibarnamə verdi. Göründüyü kimi, onların sazişləri Mülki Məcəllənin normalarına uyğun idi. Belə bir razılaşmanı Cavabdeh3 yalnız onunla bağlamışdır. Sonradan Dadaşov bildirdi ki, guya Benyaminov onunla da belə bir danışıq aparmışdır. Həm də həmin zaman o, professional şəkildə insanlara məhkəmələrdə hüquqi yardımlar edir, onlara nümayəndəlik edirdi. Bununla bağlı onun hələ 1998-ci ildən vergi orqanlarında icazəsi var. 2006-cı ildən isə hüquq məsləhətləri üzrə VÖEN də var. Onlar bu razılaşmanı qəbul etmişlər və işə başlamışlar. Təqribən 3-4 il ərzində o və köməkçisi Cavabdeh2 Benyaminov Azarinin işini Səbail rayon Məhkəməsində, daha sonra Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə aparmışlar. Bundan əlavə o, Beyaminovun hüquqlarını Sabail rayon prokurorluğunda və icra şöbələrində də müdafiə etmişdir. Sonda icra məmurlarının köməyi ilə Benyaminovun o zaman sökülüb yerlə yeksan edilmiş obyektini əvvəlki yerindəcə bərpa etdirmişlər. Bununla da onun missiyası bitmişdir. Amma bundan sonra Benyaminov Azərini tapa bilməmişdir. Dadaşov yalandan deyirdi ki, guya o Amerikaya gedib. Guya bir daha gəlməyəcək. Lakin sonradan ona bəlli oldu ki, Dadaşov yalan danışır. Benyaminov Azarı çox axtarsa da, tapa bilmirdi. Dəfələrlə evinə getmiş, amma qapını ona açmamışdır. Benyaminovun bu hərəkəti götürdüyü öhdəliyi pozması və ona maddi və mənəvi ziyan vurması demək idi. Hazırkı mülki işin materiallarından sübut olunur ki, o, sonuncunun 250 min dollarlıq obyektinə görə nə qədər məhkəmələrə çıxmış, prokurorluq və polislərdə işlər qaldırmış və sənədlər hazırlamış, sonda isə işi udaraq obyekti hazır bir vəziyyətdə bərpa etmişdir. Buna görə də hesab edir ki, Cavabdeh3 ona 10.000 manat pul verməlidir. Cavabdeh2 isə əvvəldən həm onu, həm də Benyaminovu soymaq məqsədi ilə bu işə girişibmiş. Bu adam həm ondan, həm də Benyaminovdan öz məqsdələri üçün istifadə etməsi və bunu həyata keçirməsi danılmaz faktdır. Dadaşov aldatma yolu ilə onun sonuncuya etibar etdiyini görüb ondan ayrıca olaraq 30.000 ABŞ dollar pul almışdır. Sonuncu, Benyamonovun sonuncuya verdiyi etibarnamədən suiistifadə edərək nəinki sonuncunun obyektini mənimsədi, hətta onun da 30.000 dollarını alaraq onu aldatdı. Guya sonuncu, Benyaminova məxsus qarajın ətrafındakı 16 sot torpağı da özəlləşdirərək, oranı bir neçə milyona satarıq ona da aldığı 30 min əvəzinə 50 min dollar pul verəcək. Dadaşov onu o qədər inandırdı ki, Biləcəridəki mənzilini sataraq üstünə əlavə də pul toplayıb 30.000 dollar pulu Dadaşova vermişdir. O, sonuncuya inanmaya bilməzdi, çünki o vaxta qədər Dadaşov belə maxinasiyalı işləri çox görmüşdü və qazandığından ona da pul vermişdi. 30 min dolları isə Dadaşov ondan şahidlərin yanında almışdır və onların da yanında söz vermişdir ki, bu pullar məhz obyektə bitişik olan 16 sot torpaq sahəsinin özəlləşməsi və sonradan oranı sataraq ona aldığı 30 min əvəzinə 50.000 dollar verəcək. Bu barədə Səbail rayon Polis İdarəsinin müstəntiqinin materiallarında ətraflı yazılıb. Pul sonuncuya veriləndən bir müddət sonra o, hiss elədikdə ki, sonuncu nədənsə özünü çox şübhəli aparır. Daha doğrusu, gündə bir qadınla haralarasa keyfə gedir, onlar üçün implant diş vurdurur, burunlarını əməliyyat etdirir, hətta bir qız üçün balaca bir avtomibil də almışdı. Sən demə Dadaşov pullarını bu qızlara xərcləyirmiş. Amma ona isə deyirmiş ki, pulları Elçin müəllimə vermişdir, işlərini düzəltmək üçün. Qızlar da onun sonuncu ilə işlədiyini bilib, sonuncu ilə keçirdiyi kef məclislərinin fotolarını ona göndərirdilər. Aralarında hətta intim fotolar da var idi. Lakin o, etik nöqteyi nəzərdən erotika şəkilləri cırıb məhv edir, ya da telefonundan silirdi. Ona isə xəbərdarlıq edirdi ki, əgər işi apara bilmirsə, heç olmazsa pullarını qızlara sərf etməsin. Sonuncu isə hər dəfə onu arxayın edir, yalandan söz verirdi. Son zamanlarda isə and içirdi ki, pulu «El holdinq»ə vermişdir. O da sonuncunun dediklərini yoxlamaq üçün həmin holdinqə zəng vurmuş və orada onu qəbul etmişlər. Hətta «El-Holdinq»in məsul işçisi Bayramov Azər adlı şəxs də onu yanına çağıraraq dəfələrlə bildirmişdir ki, Benyaminova məxsus torpaq və qaraj sahəsinə onlar da guya pul qoyublar, ora satılan kimi «şef» deyib ki, onun pulu veriləcək. Bu barədə Azəar müəllim dəfələrlə ona səsli mesaj da göndərib. Deməli «El Holdinq»də Bəxtiyarla əlbir imişlər. Amma sonradan məlum oldu ki, Dadaşov pulları xərcləyib, amma özəlləşmə edə bilməyib. Buna görə də o, daha bir maxinasiyaya əl atdı, bildirdi ki, həmin torpaq sahələrini və qarajı özəlləşdirmək və satmaq üçün o saxta bir firma yaratmaq istəyir. Onu yaratsa firma adından özəlləşmə daha tez olacaq və satılıb pulu tez veriləcək. Beləliklə, sonuncu iki MMC yaratdı, «Sürpriz-7» və "xxxx" MMC-lərini yaradaraq daha heç nə eləmədi. Yenə onu aldatdı. Bundan sonra isə Dadaşov daha böyük bir cinayətə əl atdı, sonuncu Benyaminovun sonuncuya verdiyi etibarnamədən suiistifadə edərək (artıq etibarnamənin vaxtı keçirdiyinə görə) Benyaminovun obyektini ondan xəbərsiz öz baldızı Cavabdeh1 adına keçirtmək yolu ilə mənimsəmək qərarına gəldi. Ona da söz verdi ki, yeganə çıxış budur, əgər o, bu işdə sonuncuya kömək etsə, ona daha çox pul verəcək. Onun köməyi isə sonuncuya belə olmalı idi ki, baldızı Cavabdeh1 ona saxta bir etibarnamə verməli idi. O da Dadaşovla birləşib Benyamionova məxsus obyekti öz aralarında saxta alğı-satqı etmək yolu ilə Kərimovanın adına keçirməli idilər. Daha sonra isə Kərimova da sonuncunun adına keçirməli idi. Əslində Cavabdeh1 Dasdaşovun oyuncağı kimi idi, Dadaşov sonuncudan və ondan sadəcə olaraq istifadə edirdi. Beləliklə, Kərimovanın adından Dadaşov onun adına etibarnamə təşkil elədi və daha sonra notariat yolu ilə Dadaşovla Benyaminovun obyektinə dair aralarında saxta alğı-satqı edib, Benyaminovun əmlakını onun razılığı olmadann Cavabdeh1 mülkiyyətinə keçirmişlər. Bu isə tam qanunsuz idi. Daha doğrusu, sonuncu ona etibar edilmiş sahəni özünün və ailəsinin mənafeyini verə bilməzdi. İkincisi də, Cavabdeh2 2017-ci ilin sonlarında həmin qarajı satarkən notariat kontorunda onun baldızı, hazırkı is üzrə Cavabdeh1 özü iştirak etməmişdir. Cavabdeh2 digər bir şəxslə əlbir olub Benyaminovun obyektini Kərimovanın adına alğı-satqı yolu ilə sənədləşdiriblər. Bu faktı yoxlamaq üçün həmin alğı-satqı sənədləri məhkəməyə gətirilməlidir. Dadaşovun ondan 30 min ABŞ dolları pulu alması barədə isə şahidlər və faktlar vardır. Bu faktı Səbail RPİ-nin müstəntiqi araşdıraraq bu mübahisənin mülki xarakter daşıdığı qənaətinə gəlmişdir. Həmin materiallar tələb olunmalıdr. Çünki orada şahidlərin izahatları var. Bundan əlavə Dadaşovun ona 30 min dollar (hətta 50 min) borclu olması faktını «EL Holdinq»in əməkdaşı Bayramov Azər də bilir və dəfələrlə onunla danışıq apararaq ona səs yazısı da göndərib ki, Dadaşov Bəxtiray söz verib ki, obyekt və torpağı satan kimi onun pulunu verəcək. Göstərdiyi kimi, Dadaşovun təhriki ilə mənzilini satması barədə sübut onun şahidin yanında sonuncuya 30 min ABŞ dolları pul verməsi, həm də «El Holdinq»in əməkdaşının da bu faktı etiraf etməsi və sair sübutlar bu faktı təsdiq edir. Hesab edir ki, həm polisin apardığı təhqiqat materialları, həm də Dadaşovla onun baldızı Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi barədə sənədlər tələb olunmalıdr. Və sair. Buna görə də, o, verdiyi iddianı tam müdafiə edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiacı İddiaçı ona qarşı guya borc və öhdəçiliyin pozulması ilə əlaqədar iddia qaldırmışdır. Bildirir ki, həmin iddia əsassızdır və böhtan xarakterli uydurmadır. O, İddiaçı ilə 2012-ci ildə tanış olmuşdur. Sonuncu, özünü ona vəkil kimi təqdim etmişdir və bundan başqa sonuncu ona bildirmişdir ki, «Vəkilin Səsi» qazetinin təsisçisidir. Sonradan ona məlum olmuşdur ki, sonuncu nəinki Vəkillər Kollegiyasının üzvü, hətta, qeyd etdiyi qazetin heç vaxt təsisçisi olmamışdır. Bağırzadənin ofisi, «beş mərtəbə» deyilən ərazisində yerləşirdi. Həmin ofis, yaşadığı ünvana yaxın olduğu üçün, o, həmin ofisdən müştəriləri və tanışları ilə görüşmək məqsədi ilə tez-tez istifadə edirdi. İddiaçı icarə əsasında işlətdiyi ofisə görə ödədiyi icarə pulunun yarısını özü ödəyirdi. Həmin dövrdə müştərilərinin bir neçə inzibati və mülki işlərini aparırdı, həm də dostlarının müxtəlif əmlaklarına da nəzarət edib sənədləşdirmə işlərini aparırdı. Müvəkkillərinin mülkiyyətlərinə aid olan bir sıra əmlaklarına Baş etibarnamə almışdı, təxmini həmin əmlakların ümumi dəyəri yeddi rəqəmli idi. Sözügedən qeyri-yaşayış obyektinin - qarajın işini, dostları tərəfindən rəsmi qaydada verilmiş Baş etibarnamə əsasında 1997-ci ildən aparırdı. Bu əmlakla bağlı məhkəmə işləri iki dəfə keçirilmişdir. İlk dəfə 2007-ci ildə birinci instansiya məhkəməsindən başlayaraq, Ali Məhkəməyə kimi uzanıb və nəticədə 2010-cu ilin may ayında həmin əmlaka mülkiyyət hüququ verilməklə, Sabail rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir (qətnamə əlavə edilir). İkinci dəfə isə, 2013-ci ildə, sözügedən əmlak-qaraj, nəməlum şəxslər tərəfindən qeyri-qanuni sökülmüşdür. O, məhkəmə qaydasında, növbəti dəfə, bu əmlakın bərpası ilə bağlı məşğul olmuşdur. Həmin dövrdə onun icraatında çoxlu inzibati və mülki işlər olduğu üçün, məhkəmə proseslərinin hamısında fiziki olaraq iştirak edə bilmirdi. Həmin dövürdə İddiaçı işi az idi və sonuncu ofisdə oturub beş manatdan iyirmi manata kimi qiyməti olan müştərilərin ərizələrini tərtib edirdi, ofisin qarşısında hətta lövhə yerləşdirmişdir «Xidmətlərin preyskurantı». Bununla yanaşı, həmin dövürdə İddiaçı icarə əsasında işlətdiyi ofisdə, ən azı həftədə bir-iki dəfə qalmaqallar və müştərilər ilə davaya çevrilən mübahisələr baş verir və hər dəfə sonuncunu ya ərazi üzrə Polis bölməsinə, ya da Yasamal rayon Polis İdarəsinə şikayətçilərin ərizələri əsasında izahat vemək üçün dəvət edirdilər. O, Bağırzadədən soruşanda ki, bu hadisələrin izahını versin, sonuncu bildirirdi ki, «Mən, etibarnamə əsasında müştərilərin işini aparmışam, onlar isə mənim zəhmət haqqımı verməkdən imtina edirlər» - cavab verirdi. Bildirdiyi məlumatların həqiqliyini yoxlamaq üçün, Yasamal rayon Polis idarəsinə, ya da ərazi üzrə Polis bölməsinə sorğu verilərsə, bu faktlar (2012-2016-ci ilərə aid) təstiqlənər. Ona sonradan məlum olmuşdur ki, İddiaçı belə işlərdə özünəməxsus dələduzduq sxemi varmış. Həmin sxem çox sadə idi: Müştəri özü Camala müraciət etdikdə, o bir gün vaxt istəyir, sonra bildirir ki, işi müştərinin xeyrinə bitirə bilər və müştəriyə bu əməyinin qarşılığında xidmət haqqını (2-3 min arasında) bildirib pulu alır. İşi uduzduqdan sonra, təbii ki müştəri pulun qaytarmasını tələb edir. Bağırzadə dərhal başlayır müştəri ilə dava-dalaş etməyə və pulu qaytarmaqdan imtina edir. Müştəri hüquq-mühafizə organlarına şikayət etdikdə, bəzən onlardan qabaq, yəni müştərini qabaqlayaraq, mülki icraat qaydasında iddia qaldırır və iddia ərizəsini məhkəmə dəftərxanasından qeydə aldıqdan sonra, polisə təqdim edərək, bu işi mülki iş kimi qələmə verir. Poliş belə olan halda araşdırmanı dayandırır və şikayətçiyə rəsmi olaraq cavabında yazır ki, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Bununla da cinayət məsuliyyətindən yayınır və nəticədə isə dələduzluq yolu ilə əldə etdiyi məbləği mənimsəyir. Bu sxemdən uzun illərdi faydalanır. Yazdıqlarının hamısı Yasamal rayon Prokurorluğunda və Baş Pİ-də olan məlumatlara əsaslanır. Təəssüf ki, həmin dövrdə onun bunlardan xəbəri yox idi. Həmin dövrdə o, dəfələrlə, Bağırzadəyə deyirdi ki, belə müştərilərə baş qoşmasın və ərizələri yazmaqla məşğul olsun, bu onda yaxşı alınır. O bu insana maddi cəhətdən kömək etmək fikrinə gəlmişdir ki, belə qalmaqallı işlərdən uzaq olsun. Yuxarıda bildirdiyi kimi, bəmin dövrdə onun çoxlu məhkəmə işləri olduğu üçün, məhkəmə proseslərinin vaxtları üst-üstə düşən zaman, fiziki olaraq, proseslərdə iştirak edə bilmirdi. Bunu bilən Bağırzadə, öz köməyini təklif etmişdir və bildirmişdir ki, proseslərin vaxtı üst-üstə düşəndə o proseslərdə tək iştirak edə bilər və onun tərəfindən verilən bütün təlimatlardan kənara çıxmamaq şərti ilə bu işlərin öhdəsindən gələ bilər. Hər məhkəmə prosesində iştirakı üçün, qarışıqlıqlı şifahi razılaşmaya görə, o, sonuncuya 50 manatdan 100 manata qədər zəhmət haqqı ödəyirdi. Məsələn, sözügedən qaraj məsəlləsində məhkəmədə ümumi olaraq 5, ya da 6 dəfə iştirak edib. Faktiki olaraq onun bu iştirakı formal xarakter daşıyırdı. Qarajla bağlı prosses, 2013-cu ilin iyul ayında başlamış, 2015-ci ilin aprel ayında yekunlaşmışdır. Bundan sonra 2016-ci ilin yay aylarında, sözügedən qaraj, cavabdehlərin vəsaiti hesabına bərpa edilmiş, 2017-ci ilin avqust ayında isə qarajın sahibi Benyaminovun tapşırığı əsasında, notarial qaydada 20 min manata, vətəndaş Cavabdeh1 satılmış və adına rəsmiləşdirilmişdir (alğı-satqı müqaviləsi əlavə edilir). İşin belə nəticələnməsi haqqında İddiaçı məlumatlı idi. O, qarajın alğı-satqı müqaviləsi notarial kontorunda bağlananda həmin vaxt orada olmuş və tərəfindən bonus kimi sonuncuya 500 manat da verilmişdir. Nədənsə İddiaçı, hadisədən bir il beş ay keçdikdən sonra, 2018-ci ilin noyabr ayından başlayaraq, onun haqqında şər-böhtanlarla dolu hüquq-mühafizə organlarına ərizələr yazır və bu günə kimi şərlə dolu şikayətlər yazmaqda davam edir. Onun münasibəti İddiaçı ilə 2018-ci ilin noyabr ayından korlanmışdır. Səbəbi isə onun yaxın dostuna çatası olan vəsaitin İddiaçı tərəfindən, qabaqcan razılaşmanın şərtlərini pozaraq mənimsəməsi olmuşdur. Təəssüf ki, hər-hansı rəsmi sübut olmadığı üçün, yani razılaşma şifahi olduğu üçün, hüquq-mühafizə organlarına müraciət etmək perspektivi az olduğundan, tərəfindən hüquq-mühafizə organlarına müraciət edilməmişdir. İddiaçı, bu günə kimi ondan borc şəklində aldığı və müxtəlif yollarla onu aldadıb mənimsənmiş məbləğ ümumilikdə 53 min manat təşkil edir, bunları mübahisələndirmək üçün bu hadisələrin şəhidlərini cəlb etməlidir. Təəssüf ki, etik nöqteyi-nəzərdən bunu etməyi uyğun hesab etmir. Həm də bu məbləğlərin bir hissəsi borc şəklində veriləndə, «kişi sözünə» inanaraq verilmişdir, şəxsi tərəfindən ilk dəfədir ki, bunları səsləndirir. Bu məbləğdən ançaq 1 min manatını məhkəmədə mübahisələndirmək perspektivi olmuşdu. O, Binəqədi rayon məhkəməsində iddia qaldıraraq bu epizodu mübahisələndirmişdir. Təəssüf ki, məhkəmə təqdim etdiyi notarial qaydada təstiq edilmiş sübutları və işə aid olan digər materialları diqqətlə tədqiq etməmiş, onlara düzqun hüquqi qiymət verməmiş və nəticədə aralarında olan münasibətlərin hüquqi təbiətini Mülki Məcəllənin «Tapşırıq» adlanan XL fəsilin normaları ilə tənzimlənməməsi haqqında məhkəmə qətnaməsi çıxarılmışdır və bu qətnamə qanuni qüvvəsini almışdır (İddia ərizəsi və Binəqədi rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli qətnaməsi əlavə edilir). Onun belə sərt mövqeyini görəndə, İddiaçı uydurma əsaslarla Nəsimi rayon məhkəməsində, qabaqdangəlmişdik edərək, iki iddia qaldırır. Həmin iddialar uydurma və şər-böhtanlar əsasında hazırlanmışdır. Bu iddialara qanuni görüntü yaratmaq məqsədi ilə Camal hətta saxtalaşdırmış sübutlardan da geniş istifadə etməkdən də çəkinməmişdir. Birinci iddia təmin edilməmişdir, qətnamə hakim Cəmilə Musayeva tərəfindən çıxarılmışdır. Digər uydurma və əsassız iddiası ilə bağlı işə baxan hakim Solmaz Mustafayevanın icraatında olmuş və aşağıdakı kimi qət edilmişdir «İddiaçı, Cavabdeh2 qarşı öhdəçiliyin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddiası təmin edilməsin». Qeyd edir ki, sözügedən iddia ərizəsi, icraatda olan hazırkı iddiadan fərqli olaraq, başqa uydurulmuş fakt əsasında hazırlanmışdır. Lakin əsasları və predmeti eynilik təşkil edir (Hakim S.Mustafayeva tərəfindən çıxarılmış 28.06.2018-ci il tarixli Qətnamə əlavə edilir). Bundan başqa, icraatda olan hazırkı iddia tələbi ilə eynilik təşkil edən, uydurulmuş həmin fakt əsasında, İddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Sabail rayon Pİ-yə də 17.04.2019-ci ildə müraciət etmişdir. Həmin ərizə əsasında toplanılmış materiallar Bakı şəhəri Səbail RPİ-nin baş müstəntiqi V.Hüseynov tərəfindən araşdırılmış, 15.07.2019-ci il tarixdə isə qərara alınmışdır ki, cinayət işi başlanması rədd edilsin (Bakı şəhəri Səbail RPİ-nin baş müstəntiqinin 15.07.2019-ci tarixli Qərar əlavə edilir). Məlumat üçün bildirir ki, sözügedən qərar məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və apellyasiya məhkəməsi tərəfindən qüvvəsində saxlanılmışdır. Qeyd edir ki, iraatda olan hazırkı iddia tələbinin faktiki əsası cinayət materiallarında tədqiq edilmiş eyni faktiki əsası təşkil edir. İnanmaq çətindir ki, İddiaçı bir hüquqşunas kimi MPM-nin 82.4-cü maddəsindən xəbəri yoxdur. Sözüqedən maddədə göstərilir: «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyati hissəsində məcburidir». Bundan başqa, İddiaçı öz adından yazdığı şər-böhtanlarla dolu ərizələrlə kifayətlənməyərək, yuxarıda bəhs edilən qarajın sahibi Cavabdeh3 İsaakoviçin imzasını saxtalaşdıraraq, Azərbaycan Respublikası Prezident Administrasiyası Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinə, 06 may 2019-cu il tarixli şikayət ərizəsi göndərmişdir. Həmin saxta imzalı ərizədə, guya Cavabdeh3 (onun dostu), onu dələduzluqda təqsirləndirir. Bu məsələ ilə bağlı Polis tərəfindən araşdırmalar başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 2010-cu ildən bu günə kimi ABŞ-a köçərək, Los Anceles ştatında yaşayır və həmin tarixdən Azərbaycan Respublikasına gəlməmişdir. Bundan başqa araşdırma zamanı toplanmış material üzrə məhkəməxətşünaslıq ekspertizası keçirilmişdir. Ekspertiza rəyinə görə: «qeydiyyata alınmış ərizədə «Cavabdeh3» qarşısındakı imza - Cavabdeh3 İsaakoviç tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir». Bu məsəllə ilə əlaqədar ABŞ-dan Cavabdeh3 İsaakoviç tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına ünvanlanan apostil edilmiş və notarial qaydada təstiq olunmuş ərizəsinə əsasən, həmin əmlakla bağlı, Cavabdeh2 tərəfindən edilən hərəkətlər onun tapşırığına uyğun həyata keçirilmişdir kimi ifadəsini təstiqləmişdir. Bundan sonra müstəntiqin qərarı ilə bu işlə də bağlı cinayət işi başlanması rədd edilmişdir (Qərar əlavə edilir). Bu cür şər-böhtanlara dözməyərək, o, Sabail rayon Prokurorluğuna 19 mart 2019-cu il tarixdə ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, İddiaçı əməllərində CM-nin 296-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin olub-olmaması haqqında araşdırma aparılsın və hərəkətinə hüquqi qiymət verilsin. Təəssüf ki, bu günə kimi araşdırma davam edir və cavab yoxdur (ərizə əlavə edilir). İddiaçı iddiasında bildirir ki, guya o nə vaxtsa Cavabdeh3 tərəfindən etibarnamə alıb, onun tapşırığı ilə nümayəndəsi olmuşdur və Azriyin onun qarşısında hər-hansı öhdəçiliyi var. Bu, İddiaçı növbəti yalanıdır. Cavabdeh3 heç bir zaman ona etibarnamə verməmiş və qarşısında nəinki öhdəçiliyi olmamış, hətta onu tanımamışdır. Belə bir etibarnaməsi var isə məhkəməyə təqdim etməlidir. Bundan başqa, İddiaçı iddia ərizəsində bildirir ki, qarajın alıcıs, onun qohumu Cavabdeh1, guya ona hər hansı tapşırıq verib və hanısısa öhdəçiliyi pozub. Lakin ərizədən bilinmir ki, məhz hansı tapşırığı, ya da öhdəçiliyi bu şəxs pozub, baxmayaraq ki, Cavabdeh1 iddiaçı ilə tanış da deyildir. Cavabdeh1 bu işə cəlb edilməsinin əsl səbəbi, halal pulunu Camaldan tələb etdiyinə görə ondan qisas almaqdır. Bundan başqa, iddia ərizəsinin Elçin Muradovla bağlı hissəsində göstərilən xüsusatlarla bağlı aşağıdakiları bildirməyi vacib sayır: a) o, heç bir zaman C. Bağırzadənin yanında olarkən nəinki kiməsə zəng vurub, hətta telefon zənglərinə onun yanında cavab verib danışmamışdır. Çünkü onun xasiyyətinə qısa müddətdə yaxşı bələd idi. Bu cür insanları el arasında bir sözlə ifadə etsək «... nə gəldi danış» kimi xarakterizə edirlər; b) «mahirçik» sözünü isə ola bilsin dilindən eşitmiş olsun, doğrudur onun böyük oğlunun adı Mahir olduğundan ailədə hamı onu «Mahirçik» kimi səsləyir; c) iddiaçı, adını çəkdiyi Elçin Muradov onun tələbə dostudur, bu günə kimi onunla əlaqəsi var, amma heç bir zaman nə qarajın, nə də ki, başqa problemli olan işlə əlaqədar olaraq o, sonuncuya müraciət etməmişdir. Qarajın alğı-satqısı ilə bağlı sonuncunun hər-hansı nə niyyəti, nədə ki istəyi olmamışdır, çünkü bu kimi xırda işlər onun zənnincə sonuncunun maraq dairəsindən çox uzaqdır. Qarajın məsələsi ilə bağlı o, ilk dəfə İddiaçı «EL Holdinq»in direktoru ilə görüşəndən sonra məlumatı olmuşdur. Holding direktorunun vəzifəsini icra edən Azər müəllim, ilk görüşdə, İddiaçı dinləyib və ona vəd etmişdir ki, Elçin müəllimə məlumatı çatdırar və cavab əlan kimi Camal ilə əlaqə saxlayar. Elçin müəllimin tapşırığı ilə Azər müəllimin İddiaçı çatdırdığı cavab belə olmuşdur: «Bəxtiyar müəllimi 40 ildir ki tanıyır, onun indiyədək kiməsə söz verib icra etməməsi ilə heç vaxt rastlaşmayıb. İddiaçı isə tanımır və o bildirdiyi məssələ haqqında məlumatı yoxdur». Təqribən bir ay bundan qabaq, İddiaçı növbəti dəfə cəhd edib ki, Azər müəllimlə əlaqə saxlasın. Bu dəfə o Holdinqin yeni təyin edilmiş direktoru ilə görüşmüş və bildirmişdir ki, Bəxtiyar, ya da onun əvəzinə Elçin müəllim ona pul verməzsə, mətbuatda və sosial şəbəkələrdə onların adlarını hallandıracaqdır. Faktiki olaraq belə çıxır ki, İddiaçı onları hədələyir. «EL holdinq»in yeni direktoru, Mail müəllim, ona cavab olaraq bildirib ki, bir daha Holdinqin rəhbərliyini hədələrsə, onlar hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Bu söhbət barədə o, üç həftə bundan öncə xəbər tutmuşdur. Bundan başqa, iddiaçı ərizəsində göstərir ki, «Axırda Dadaşov mənzilimi dəyər dəyməzə satdırdı». Yəni demək istəyir ki, guya o, sonuncunun evini dəyər-dəyməzə satdırmışdır. Bununla əlaqədar aşağıdakiları qeyd edir: a) bir hüquqşunas kimi, Camal bilməlidir ki «alğı-satqı müqaviləsi», tərəflərin müstəqil iradəsini ifadə edir; b) mənzilinin 2016-ci ilin may ayında 25 min manata satdığı barədə məlumat, ona 2017-ci ilin sentyabr-oktyabr aylarında məlum olmuşdur, təbii ki, ona olan borcları qaytarmaq fikri olmadığı üçün, evinin satıldığını ondan gizli saxlamışdır; c) mənzilinin təcili satmasının əsl səbəbi isə aşağıdakıdır: 2015-ci ilin noyabr ayında Yasamal rayon Prokurorluğu tərəfindən şikayətçilərin ərizə-müraciətləri əsasında, altı ya da yeddi müxtəlif epizodlarla, faktlar üzrə CM-nin 178-ci maddəsi ilə İddiaçı qarşı cinayət işi başlanmışdır. İddiaçı bu iş üzrə şübhəli şəxs sayılmış və Yasamal rayon məhkəməsinin qərarı ilə həbs edilmişdir. Bundan sonra, Camalın özü və həyat yoldaşı ona müraciət edib bildirmişlər ki, müstəntiq sonuncunu o şərt ilə həbsdən azad edər ki, sonuncu şikayət edənlərin pullarını bir ay ərzində hissə-hissə olaraq ödəsin. Həmin zaman, İddiaçı qarşı cinayət təqibinin davam etdirilməsinin təhlükəsi gerçək idi. Yəqin ki, bütün bunlar və qarşılaşdığı reallıq, Bağırzadələrə bir otaqlı evini, ona 2017-ci ildə bildirdiyi kimi, 25 min manata satmağa vadar etmişdir. Qeyd edir ki, tərəfindən, həmin dövrdə, şikayətçilərin birinə (Aygün Bəhramovaya) Camalın tapşırığı əsasında verdiyi 3000 manat pulunu və digər ondan borc aldıqları məbləğləri də Bağırzadə qaytarmaqdan imtina etdi. Bundan başqa, iddiaçının iddia ərizəsindən bilinmir, sonuncu ona 30 min dollar pulu borca verib ya da iş görməyi üçün aldanaraq verib, sonuncu hələ də özü üçün bunu dəqiq müəyyənləşdirməyib ki hansı istiqamətdə şər-böhtanlarını davam etsin. Gah ərizəsində göstərir ki, o, sonuncu ilə hansısa müqavilə bağlamışdır (yəqin ki, o hakim S.Mustafayevanın icraatında olan iddiasına əlavə etdiyi saxtalaşdırmış müqaviləni nəzərdə tutur), gah da yazır ki, guya Cavabdeh3, ondan və Cavabdeh1 hanısısa tapşırıq alıb. İddia ərizəsində göstərilən faktlar uydurma və şər-böhtandır. Bir də tam məsuliyyətlə bildirir ki, nə onun dostu Cavabdeh3, nə də qohumu Cavabdeh1, Bağırzadəni tanımırlar və təbii ki, ona heç vaxt, heç bir tapşırıq verə bilməzdilər. O, heç bir zaman nəinki, İddiaçı, hətta başqa bir insandan, bu yaşına kimi pul borc almamışdır. Onun İddiaçı ilə hər hansı birgə fəaliyyət haqqında nə şifahi, nə də yazılı, hər-hansı müqaviləni heç bir zaman bağlamamışdır və bu günə kimi heç kimlə şəriklik münasibətlərində olmamışdır. Nə E.Muradov, nə də ki «EL Holdinq»in məhsul əməkdaşları, heç bir zaman Bağırzadəyə hansısa məbləğin ödənməsi ilə bağlı hər-hansı vəədlər verməmişlər. İddia tələblərinin rədd edilməsinin hüquqi əsasları olaraq bildirir ki, 1) iddiaçının 30 min dollar ona qarşı pul tələbi ilə bağlı, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail RPİ-nin baş müstəntiqinin 15.07.2019-cu il tarixli «Cinayət işinin başlanmasının rəddd edilməsi haqqında» Qərarı - bu tələbin faktiki əsasının olmadığını təstiq etmiş; 2) iddiaçının 10 min manat digər tələbi ilə bağlı isə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15.10.2019-ci il tarixli Qətnaməsi ilə aralarında olan münasibətlərin hüquqi təbiətini MM-nin «Tapşırıq» adlanan XL fəsilin normaları ilə tənzimlənməməsini müəyyən edərək, sözügedən tələbin hüquqi əsasının olmadığını təstiq etmişdir. İddiaçı iddia ərizəsinin həqiqi motivi: İddiaçı özünün ona olan 53 min manat borcunu qaytarmaqdan yayınmaqdır və borcu qaytarmasını tələb etməsinə görə ondan bu üsulla qisas almaq məqsədi daşıyır. Məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs «El Holdinq»ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar