Məhkəmə qərarları › İş №2(006)-504/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-504/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-504/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nümayəndə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə vurulmuş zərərin əvəzi olaraq 56 saylı mənzilin sahibi Nümayəndə 10.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, əsl olmayan cavabdeh Nümayəndə əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır. Evləri 12 mərtəbəlidir və onun mənzili evin 4-cü mərtəbəsində yerləşir. Bu çoxmərtəbəli yaşayış evi istifadəyə veriləndən evin su, kanalizasiya qovşaqları çürüyərək, yararsız vəziyyətə düşdüyündən, müxtəlif vaxtlarda müxtəlif mənzillərin su, kanalizasiya sistemləri dəyişdirilmiş olsa da, mərkəzi şaxta hissəsi heç vaxt dəyişdirilib yenilənməmişdir. Ona görə də, onun mənzilinin üstündə yerləşən 56 saylı mənzildən onun mənzilinə illər uzunu su sızır ki, onun da mənzilinə yuxarıdan sızan su onun mənzilindən də aşağıdakı mənzilə sızır. Bu səbəbdən də, onun mənzilinin altında yerləşən 48-49-cu mənzillərə su sızmasına görə orada yaşayan X1 onu məhkəməyə vermişdir. Məhkəmədə iş baxışa təyin olunmuş, ekspert yerli baxış keçirən zaman sonuncuya onun mənzilindən yuxarıdakı 56 saylı mənzildən suyun sızdığını bildirmişdir. Onlar birlikdə həmin mənzilə qalxıb qapını döydükdə mənzilin qapısını açan olmamışdır. Ekspert isə daha yuxarı mərtəbələrdəki mənzillərə o, nə qədər israr etsə də, baxış keçirməmişdir. Beləliklə, su sızmanın mənbəyini müəyyən etmədən Ruviyyə Cəfərovanın mənzilinə vurulmuş zərərin guya onun mənzilindən suyun sızması nəticəsində yarandığını «müəyyən edib». Onun mənzilinə su sızmasının qarşısını almaq üçün cavabdehin mənzilinə daxil olub, su sızmasının oradan olub-olmamasını müəyyən etməyə çalışsa da, cavabdeh buna imkan verməmişdir. Onun mənzilinə suyun yuxarı mərtəbədən sızmasını müəyyən etmək üçün, eyni zamanda mənzilinin hansı hissəsinə nə qədər zərər vurulduğunu dəqiqləşdirmək üçün evlərinə xidmət edən korporativ təşkilatın rəhbərinə etdiyi rəsmi müraciət də cavabsız qalmışdır. Hazırda cavabdehin mənzilindən onun mənzilinə su sızması davam edir. Bunun nəticəsində mənzilinin mətbəxinin, hamamının tavan hissəsi, ara divarlar bütövlükdə nəmişlik içindədir ki, bunun təqsirini də cavabdehin mənzilindən su axıdılmasında görür. Mənzilinə dəyən zərəri müəyyən etmək üçün dəvət etdiyi fərdi qaydada fəaliyyət göstərən mütəxəssisin hesablamalarına görə mənzilinə dəyən zərəri aradan qaldırmaq və yaşayışa yararlı hala salmaq üçün on min manatadək vəsait tələb olunur. Cavabdehin mənzilindən su sızması nəticəsində ona dəyən zərərin vurulması onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu, onun qızına məxsus mənzildən iddiaçının mənzilinə su sızmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehin mənzilindən onun mənzilinə su sızmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli 10/16 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 56 saylı mənzilin kanalizasiya və su xətlərində, eləcə də, şaxta boşluğunda hər hansı bir qüsur aşkar edilmədiyindən, həmçinin mənzilin sanitar qovşağının su və kanalizasiya xətlərindən 30 dəqiqə ərzində su axıdılmasına baxmayaraq həmin ünvanda yerləşən 56 saylı mənzildə su sızması müşahidə olunmadığından 52 saylı mənzilə su sızmasının həmin ünvanda yerləşən 56 saylı mənzil ilə əlaqədar olubolmamasını və su sızmanın texniki səbəblərinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdikləri ekspert rəyi ilə də təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir (ödənilməlidir). Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün (ödənilsin). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar