Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-506/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərtilə 1730 AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozmuş, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirməmişdir. 30.09.2021-ci il tarixinə borclunun "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinə ümumi 2451,12 AZN borcu vardır. Göstərilənlərə əsasən, "xxxx" X1 ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1601,45 AZN əsas borc, 849,67 AZN faiz borcu, ümumilikdə 2451,12 AZN məbləğində borcun və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiada göstərilən qiymət çox şişirdilib, bu qədər pulu ödəməyə imkan yoxdur. Yalnız əsas borcu ödəyə bilər. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan "xxxx" X1 MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 44%-lə 1730 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 8.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25 08.06.2019cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə əsasən 08.06.2020-ci il tarixinə "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinə 1601,45 AZN əsas borc, 849,67 AZN faiz borcu, ümumilikdə 2451,12 AZN məbləğində borcu vardır. 9.İş materiallarında olan "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «"xxxx" X1 MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, N219-0***- ******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 1730 AZN məbləğində kredit limiti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 08 iyun 2020-ci il tarixinə "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinə 1601,45 AZN əsas borc, 849,67 AZN faiz borcu, ümumilikdə 2451,12 AZN borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 13.İş materiallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqaviləsi bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 18.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 19.Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
20. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 72,61 AZN (yetmiş iki manat, altmış bir qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir.
22. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1601,45 AZN (bir min altı yüz bir manat, qırx beş qəpik) əsas borc, 849,67 AZN (səkkiz yüz qırx doqquz manat, altmış yeddi qəpik) faiz borcu, ümumilikdə 2451,12 AZN (iki min dörd yüz əlli bir manat, on iki qəpik) məbləğində borc və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. 23.Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1601,45 AZN (bir min altı yüz bir manat, qırx beş qəpik) əsas borc, 849,67 AZN (səkkiz yüz qırx doqquz manat, altmış yeddi qəpik) faiz borcu, ümumilikdə 2451,12 AZN (iki min dörd yüz əlli bir manat, on iki qəpik) məbləğində borc və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov