Məhkəmə qərarları › İş №2(006)-5060/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5060/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5060/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləği cavabdehdəndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh, tərəflərin birgə nikahından doğulmuş 2008-ci il təvəllüdlü qızının saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2008-ci il tarixli 209 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş qızı Cəfərova Fidan yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 108 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda qızının 13 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş məbləği uşağının heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2013-cü ildə hər uşaq üçün 105 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə, ümumiyyətlə, maraqlanmır. Hətta məhkəmə qətnamə ilə müəyyən edilən alimenti belə vaxtında ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də, iddiaçı “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 iyul 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 23 may 2008-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 iyul 2013-cü il tarixdə verilmiş 171646 №-li Nikahın Pozulması haqında Şəhadətnamədən görünür ki, iddiaçı və cavabdeh arasında nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2009-cu ilin oktyabr ayının 16-sında 251№-li qeyd edilmişdir və onlar arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(006)- 7950//2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 23 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyil və ona görə İddiaçı aliment məbləğini 200 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı bu tələbi əsaslıdır və 23 may 2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(006)-7950//2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 23 may 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(006)-7950//2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar