Məhkəmə qərarları › İş №2(006)-5064/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5064/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5064/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sikmashvili Aleksandreya qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sikmashvili Aleksandreya qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müəyyən edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o, fərdi sahibkardır, iddiaçı hüquqi şəxs olan bankdan kreditin məhz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə sahibkar kimi götürdüyü əsas gətirərək hazırki mülki işin məhkəmə aidiyyəti üzrə müvafiq Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasın xahiş etmişdir. Məhkəmə xatırladır ki, MPM-nin 25.1-ci maddəsinə əsasən, Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə iş üzrə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək bu nəticəyə gəlir ki, hazırki iddia tələbi məhkəmə aidiyyatı üzrə məhkəməyə düzgün təqdim edilməmişdir və iş Bakı Kommersiya Məhkəməsinə baxılması üçün göndərilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş İnternet Vergi İdarəsinin elektron portalından çıxarışın surətindən müəyyən edilir ki, Cavabdeh1 fiziki şəxs olaraq fərdi sahibkardır və onun adına ********** nömrə ilə VÖEN vardır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-nin 24, 26 və 32-ci maddələrinə əsasən məhkəmə aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sikmashvili Aleksandreya qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar