Məhkəmə qərarları › İş №2(006)-508/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-508/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-508/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «mənzillərin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «mənzillərin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilin və ünvan 2 ünvanda yerləşən 52 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO QSC «xxxx» KB ilə o zaman fərdi sahibkar kimi fəaliyyət göstərən həyat yoldaşı X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsinə əsasən bank yoldaşına 24 ay müddətinə 91.500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və valideyni tərəfindən 2014-cü ildə ona bağışlandığı üçün onun şəxsi əmlakı sayılan ünvan 2, 52 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas borc və faiz ilə bağlı bütün öhdəliklər yerinə yetirilmiş və həmin müqavilə üzrə borcun olmaması barədə bank tərəfindən onlara xx.xx.2020-ci il tarixli məktub verilmişdir. Bundan sonra, o, dəfələrlə banka, ləğvedici Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi qaydada müraciət edərək, sözügedən müqavilə üzrə borcun olmamasını nəzərə alaraq mənzillərinin ipoteka yüklülüyündən azad olunmasını xahiş etmişdir. Lakin bank və onun ləğvedicisi süründürməçiliyə yol verərək, onu və nümayəndəsini dəfələrlə banka gətirəndən sonra həyat yoldaşının xx.xx.2014-cü il tarixli təminatsız kredit müqaviləsi üzrə banka ödənilməmiş şəxsi borcunun olmasını bəhanə edərək ona imtina cavabı vermişdir. O, bu halın qanunsuz olmasını, onunla bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi üzrə yüklü olmasını, həyat yoldaşının təminatsız olan borcuna görə onun heç bir halda məsuliyyət daşımadığını və həmin borca görə tutmanın onun əmlaklarına yönəldilməsinin qeyri-mümkün olmasını qeyd etmişdir. Hətta dəfələrlə bank və ləğvedicinin səlahiyyətli şəxslərinin qəbulunda olaraq, hazırkı məsələ ilə bağlı qanunvericiliyin tələblərini, seçdikləri yolun son dərəcə qanunsuz olmasını və özlərinin qanunsuzluğa yol verdikləri halda vətəndaşlardan qanunun tələblərinə əməl etmələrinin absurd olmasını izah etməyə çalışmışdır. Bunun müqabilində isə ona bildirilmişdir ki, məhkəməyə və ya istənilən yerə müraciət etməsindən, əmlaklarının sonrakı kredit müqaviləsi üzrə təminat qismində çıxış edib-etməməsindən asılı olmayaraq yoldaşının borcu ödənilməyincə mənzillər girovdan azad olunmayacaqdır. O isə bu halın açıq-aşkar özbaşınalıq, qanunu saymamaq, özünü qanundan üstün görmək olmasını, əmlaklarını banka girova qoymaqla onlara bağışlamadığını və bütün bu qanunsuzluq barədə ölkə rəhbərliyinə müraciət edəcəyini bildirmişdir. Lakin bunun heç bir müsbət nəticəsi olmamış, nəticə etibarı ilə faktiki olaraq banka girov qoyduğu mənzillər təminat olmaya-olmaya bank və onun ləğvedicisi tərəfindən qanunsuz olaraq mənimsənilmiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bu halda, tərəfindən xx.xx.2020-ci il tarixli məktublarla Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Birinci Vitse-Prezidenti M.Əliyevaya, Əmanətlərin Sığortalanması Fonduna və həmin fonda nəzarət funksiyasına malik olan Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Bildirir ki, pandemiya səbəbindən qəbulda ola bilməməsinə baxmayaraq, həmin müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasından və Birinci Vitse-Prezidentin Katibliyindən onunla əlaqə saxlanılaraq, problemi barədə əlavə məlumat soruşulmuş və məsələnin araşdırılacağı bildirilmişdir. Eyni zamanda, cavabdeh LPO QSC «xxxx» KB -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2020-ci il tarixli məktubla müraciətinə cavab olaraq: yoldaşı Əli Salahova xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 91.500 manat məbləğində kreditin verilməsi, ona məxsus mənzilin həmin müqavilə üzrə ipoteka ilə yüklü edilməsi, Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Əli Salahovun həmin müqavilə üzrə bank qarşısında olan öhdəliyinin tam həcmdə icra edilməsi bildirilmiş, əlavə olaraq isə Əli Salahova bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9.995 manat 49 qəpik məbləğində borcun verilməsi və hazırda yoldaşının banka 11.451 manat 28 qəpik məbləğində borcunun olması qeyd olunmuşdur. Cavabdehin istinad etdyi məktubundan da açıq-aşkar şəkildə aydın olur ki, əslində onun əmlaklarının ipoteka qismində iştirak etdiyi kredit müqaviləsi üzrə bütün öhdəlik yerinə yetirilmişdir. Buna görə də, öhdəliyə onun kreditorunun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmişdir. Lakin həyat yoldaşının bank qarşısında ona aidiyyatı olmayan digər təminatsız kredit müqaviləsi üzrə borcunun olması səbəbindən onun əmlakları ipoteka yüklülüyündən azad edilmir. Bu hal isə son dərəcə absurd və qanunsuz haldır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə onun əmlaklarının təminatı olduğu xx.xx.2014cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi tamamilə icra olunduğu və həmin müqavilə üzrə bütün borc məbləği tam həcmdə bağlandığı üçün həmin müqaviləyə xitam verilmişdir. Lakin bank və onun ləğvedicisi ipoteka saxlayan kimi hüquqlarından sui-istifadə edərək, əmlaklarını girovdan azad etməmiş, ona və ailə üzvlərinə maddi və mənəvi zərər vurmuşdur. Təsadüfi deyil ki, bank tərəfindən həyat yoldaşının nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda bütün qeyd etdiyi xüsusatlar (xx.xx.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi, həmin müqaviləyə xitam verilməsi, buna baxmayaraq əmlaklarının girovdan azad edilməməsi və s.) öz təsdiqini tapır. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının həyat yoldaşının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu vardır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)- 5949/2015) iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 xx xxxxx 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsinə əsasən 91499,04 manat əsas borc, 5489,15 manat məbləğində faiz, ümumilikdə isə 96988,19 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 15 nömrəli mənzilə və ünvan 4 ünvanda yerləşən 52 nömrəli mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin açıq hərraca çıxarılması, ünvan 3 ünvanda yerləşən 15 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 57500 manat, ünvan 5 ünvanda yerləşən 52 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi, mənzillərin satılması, ondan əldə ediləcək vəsait cavabdeh X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzillərin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində X7 və digərləri tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev, iş № 2(103)-2037/2016) iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2(102)-3312/2016 saylı qərarı ilə (hakimlər: V.İbayev, Ə.Əhmədov və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-7933/2016 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Cəmilə Səfiyeva və Vüqar Həsənov) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-5949/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli 2(102)-2440/2017 saylı qərarı ilə (hakimlər:İ.Dəmirov, Ə.Rüstəmov və T.Qoldman) cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-7933/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. QSC «xxxx» KB-nin xx xxxx 2020-ci il tarixli məktubundan (borc öhdəliyinin olubolmaması barədə) məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X4 sözügedən məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Göründüyü kimi, X4 xx xxxxx 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC «xxxx» KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən ipotekaya xitam verilməsi üçün qanuni əsas mövcuddur. Çünki, girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyə xitam verildikdə girova (ipotekaya) xitam verilir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı müraciətini araşdıraraq, xx xxxxxx 2020-ci il tarixdə LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həmin müraciətdə qeyd olunan problemin həlli istiqamətində tədbirlərin görülməsi məqsədi ilə icrası məcburi göstəriş məktubu ünvanlamışdır. Lakin buna baxmayaraq, iddiaçının müraciətində qeyd olunan məsələ öz həllini tapmamış, cavabdeh tərəf ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməmişdir. Cavabdeh tərəf iddiaçıya ünvanladığı məktublarda X7 ilə bank arasında xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlandığını və sonuncunun borcu olduğunu qeyd etmişdir. Halbuki, iddiaçının mülkiyyətində olan əmlaklar həmin kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Bank (ləğvedicisi) iddiaçıya qarşı xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinin icra edilməməsi ilə bağlı hər hansı tələb irəli sürməkdə, ipotekaya xitam verilməsi üçün müvafiq ərizəni ipotekanın qeydiyyatını aparan dövlət orqanına təqdim etməməkdə haqlı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxx 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 ünvanda yerləşən 52 saylı mənzilinə dair «xxxx» KB QSC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməli; ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 ünvanda yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində «xxxx» KB QSC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxx 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 ünvanda yerləşən 52 saylı mənzilinə dair QSC «xxxx» KB-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin. ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 ünvanda yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində QSC «xxxx» KB-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar