Məhkəmə qərarları › İş №2(006)-509/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-509/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-509/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nəcəf-X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank tərəfindən banka ödədiyi 236 manat artıq pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 manat əlavə maddi ziyan kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X2 oğlu tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı iddia ərizəsində banka ödədiyi 236 manat artıq pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 manat əlavə məbləğin maddi ziyan kimi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan dəlillərə əsasən hesab edirlər ki, İddiaçı iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh2 ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə “Zaminbank" ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması və Əmanətlərin Sığortalanması Fondunun Banka ləğvedici təyin edilməsi qərara alınmışdır. “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan Banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” Beləliklə, İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətli ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müfiis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müfiis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Belə ki, öhdəliyi icra etmiş şəxs öhdəliyini icra etdiyi şəxsə münasibətdə reqress qaydasında tələb hüququna malikdir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı iddiasına əsasən, mülki iş üzrə icraata xitam verilməsi və ya iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehin etiraz ərizəsinə qarşı öz etirazını təqdim edərək bildirdi ki, o, iddia ərizəsində Cavabdeh2 ASC-yə ödədiyi 236 manat artıq pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 manat əlavə faiz məbləğinin maddi ziyan kimi cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirir ki, o, xx.xx.2011-ci il tarixində Cavabdeh2 ASC-nin İnam filialından 3.500 manat kredit götürmüşdür. Bank tərəfindən ona ayrılan pul kreditini hər ay müntəzəm olaraq ödəmişdir. O, xx.xx.2011-ci ildə "xxxx" ASC-nin kassasına ödədiyi 236 manat pul vəsaitini nağd şəkildə ödəsə də və bank tərəfindən ona ödəmə qəbzi verilsə də, həmin məbləğ onun bankda olan hesabına köçürülməmiş, həmin məbləğ bankın əməliyyat sistemində əks olunmamış və bank tərəfindən mənimsənilmişdir. Hal-hazırda bank sistemində həmin tarix və həmin 236 manat məbləğ görünmür. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən iclasdan əvvəl o, LPO Cavabdeh2 ASC-nin hüquq xidmətləri şöbəsinin müdiri Anar Nəcəf- Zadə ilə görüşərək onda olan sübutları təqdim edərək onunla birlikdə araşdırma aparmışlar. Bank nümayəndəsi Anar Nəcəf-zadə təqdim etdiyi sübutları araşdıraraq özü də etiraf etmişdir ki, həqiqətən də bank kobud səhvə yol vermiş, tərəfindən ödənilən pul onun bank hesabına köçürülməmiş, həmin məbləğ bankın əməliyyat sistemində xx.xx.2011-ci il tarixində əks olunmamış və nəticədə bank tərəfindən həmin 236 manat mənimsənilmişdir. Lakin ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Anar Nəcəf-Zadə məhkəmə prosesindən əvvəl məhkəməyə etiraz verərək iddianın əsassız və qanunsuz olduğunu bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan dəlillərə əsasən hesab edir ki, cavabdeh bankın nümayəndəsi Anar Nəcəf- Zadənin məhkəməyə təqdim etdiyi etiraz qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 oğlu əvvəlki məhkəmə iclasında vermiş olduğu etiraz ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Belə olan halda, məhkəmə hesab edir ki, kreditorların siyahıları təsdiq edildiyindən, iddiaçı hazırki iddia tələbi ilə «Banklar haqqında» Qanunun 77-ci maddəsi nəzərə alınmaqla tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar