Məhkəmə qərarları › İş №2(006)-5093/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5093/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5093/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.841 ABŞ dolları 52 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.03.2017-ci il tarixə olan 1.611 ABŞ dolları 37 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 471 ABŞ dolları 17 sent borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 2.605 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 8.529 ABŞ dolları 71 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17.09.2015-ci il tarixli İKM 370 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin «Təbriz» filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borc alan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 17.09.2015-ci il tarixli İKM 370 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də, müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 17.09.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borc alan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 3.841 ABŞ dolları 52 sent, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.03.2017ci il tarixə faiz 1.611 ABŞ dolları 37 sent, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz 471 ABŞ dolları 17 sent, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə 2.605 ABŞ dolları 65 sent, cəmi 8.529 ABŞ dolları 71 sent təşkil edir. LPO İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinin tələblərini pozmuşdur. Məlumat üçün onu da qeyd etmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və ona qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı ASC-nin Təbriz filialı və Cavabdeh1 arasında 17.09.2015-ci il tarixdə 18 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi 17.09.2015-ci il tarixdə İddiaçı ASC-nin Təbriz filialı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələrin icra müddəti 17.03.2017-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, öhdəliyin icra müddəti 17.03.2017-ci il tarixdə bitmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 477.0.4-cü maddəsini rəhbər tutaraq, İddiaçı ASC-nin Təbriz filialı ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi və 2(006)-2384/2020 saylı mülki iş üzrə cavabdeh kimi cəlb olunmasına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17.09.2015-ci il tarixli İKM 370 saylı istehlak krediti müqaviləsindən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. 12.08.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 06.09.2019-cu il tarixə Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-yə 3.841 ABŞ dolları 52 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.03.2017-ci il tarixə olan 1.611 ABŞ dolları 37 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 471 ABŞ dolları 17 sent borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 2.605 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 8.529 ABŞ dolları 71 sent borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.09.2015-ci il tarixli İKM 370 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 LPO İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə LPO İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3.841 ABŞ dolları 52 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.03.2017-ci il tarixə olan 1.611 ABŞ dolları 37 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 471 ABŞ dolları 17 sent borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 260 ABŞ dolları cərimə olmaqla, cəmi 6.184 ABŞ dolları 06 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti 17.03.2017-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Cavabdeh2 bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil. Bundan başqa, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 260 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 260 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3.841 ABŞ dolları 52 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.03.2017-ci il tarixə olan 1.611 ABŞ dolları 37 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 471 ABŞ dolları 17 sent borc, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 260 ABŞ dolları cərimə olmaqla, cəmi 6.184 ABŞ dolları 06 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar