Məhkəmə qərarları › İş №2(006)-5100/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5100/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5100/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 276 (iki yüz yetmiş altı) manat məbləğində əsas borcun, 198 (bir yüz doxsan səkkiz) manat məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumu ilə birlikdə ümumilikdə 504 (beş yüz dörd) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 09.06.2017-ci il tarixli, STN01-25S5 №-li alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazından 564 (beş yüz altmış dörd) manat dəyərində “Lenovo N3050 İDEAPAD 2gb” markalı notebook almışdır. Alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 564 (beş yüz altmış dörd) manat təşkil etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 47 (qırx yeddi) manat ödəniş edir. Cavabdeh cəmi 288 (iki yüz səksən səkkiz) manat ödəniş etmişdir. Qalıq borc 276 (iki yüz yetmiş altı) manat təşkil edir. Gecikdirmə ilə əlaqədar 09.06.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 198 (bir yüz doxsan səkkiz) manatdır. Belə ki, 276 (iki yüz yetmiş altı) manat əsas borc, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə pulu və məhkəməyə ödənilən 30 (otuz) manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə 504 (beş yüz dörd) manat ödənilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə cavabdeh-Cavabdeh ödənişlə əlaqədar 24.06.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(006)-5100/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 09.06.2017-ci il tarixli, № STN01-2595 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 564 manat təşkil edən, “Lenovo N3050 İDEAPAD 2gb” markalı notebook üçün 12 ay müddətinə, hər ay 47 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.06.2017-ci il tarixli, № STN01-2595 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 474 (dörd yüz yetmiş dörd) manat borcu vardır. 24.06.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh 3 gün müddətində borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. 01.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 09.06.2017-ci il tarixli, STN01-25S5 saylı müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun məbləği endirilməli, 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09.06.2017-ci il tarixli, № STN01-2595 saylı alqı-satqı müqaviləsi üzrə “Lenovo N3050 İDEAPAD 2gb” markalı notebook üçün 276 (iki yüz yetmiş altı) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09.06.2017-ci il tarixli, № STN01-2595 saylı alqı-satqı müqaviləsi üzrə “Lenovo N3050 İDEAPAD 2gb” markalı notebook üçün 276 (iki yüz yetmiş altı) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar