Məhkəmə qərarları › İş №2(006)-511/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-511/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-511/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakları ilə İddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Kələntərlı̇ Seymur Səfər oğlu və Kələntərlı̇ Zaur Səfər oğluna qarşı "əmlakın özgəsinin qanunsuz sahibliyindən götürülməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlu cavabdehlər Kələntərlı̇ Seymur Səfər oğlu, Kələntərlı̇ Zaur Səfər oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlunun həyat yoldaşı X1 mülkiyyətində olan iki minik avtomobili var idi. Həmin avtomobilləri bu ilin əvvəlində almışlar. Bir maşıh “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı, 2012-ci ilin buraxılışıdır. İkinci maşın “Kia Optima” markalı, **-NX-*** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışıdır. Onların maddi ehtiyacları olduğu üçün “Kia Rio” markalı avtomaşını saytlar vasitəsilə satışa qoymaq qərarına gəlmişlər. Bunun üçün o, maşın haqqında olan məlumatları “Turbo.az” saytına yerləşdirmişdir. Bir neçə gün keçmiş ona məlumatları oxumuş “Rent a car” Məhdud Məsuliyyətli şirkətin işçisi zəng edərək, öz işlədikləri ofisə dəvət etmişdir. Dəvət olunan ünvana gəldikdə isə ona maşınını lizinq yolu ilə satmağı, ya da onlara aylıq kirayəyə verməyi təklif etmişlər. Ona edilən təklifdən maşın “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı, 2012-ci ilin buraxılışı olan maşınını kirayə verməyi qəbul etmişdir. Onunla danışıqları şirkətin əməkdaşları aparmışlar. Sonradan danışıqları aparan şəxsin birinin cavabdeh X2 olduğunu bilmiş, cavabdehlərlə danışıb razılığıa gəlmişlər, onlar ona 3 aylıq icarə pulunu vermişlər. Birinci ay onlar ona 300 manat, ikinci ay 600 manat, üçüncü ay isə 800 manat vermişlər. Vəziyyəti belə gördükdə o, öz ailəsinə məxsus olan “Kia Optima” markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomobilini də onlara kirayəyə vermişdir. Qiyməti aylıq 800 manata razılaşmışlar. Həmin maşına görə onlar ona kirayə pulu verməmişlər. Hər iki avtomaşın servisdə yoxlanılmış, cavabdehlərə verilmiş, “Kia Rio” markalı maşınının müqaviləsi xx.xx.2023-cü ıl tarixində, “Kia Optima” maşınının müqaviləsi isə xx.xx.2023-cü il tarixində bağlanılmış və onunla cavabdehlər arasında təhvil-təslim edilmişdir. Avtomobillərin hər ikisi ayrılıqda əvvəlcə servis yoxlamasından keçəndən sonra, ayrı-ayrılıqda müqavilə bağlanmış və sonra xırda qüsurlar qeyd olunaraq onlar tərəfindən qəbul edilmişdir. Hər iki avtomaşına 3 ay müddətinə kirayə müqaviləsi bağlanmışdır. “Kia Optima” maşınına müqavilə bağlanandan 3 gün keçmiş ona Cavabdeh2 zəng edib demiş ki, maşın işə düşmür. Onlara cavab vermiş ki, onun tərəfindən salamat maşın verilmiş, qalanı onların öz problemidir. Bir-iki həftə keçmiş onların ofisinə gəlmiş və onun maşının olduğu yerə aparmışlar. Həmin vaxt Cavabdeh1 də ora gəlmiş və maşına birlikdə baxış keçirtmişlər. Seymur maşının vəziyyəti haqqında danışıb demiş ki, o, onlardan kirayə tələb etməsin ki, maşının mühərrikini yığdırıb işə salsınlar. Onlar da ona bildirmişlər ki, o, maşını saz vəziyyətdə onlara təhvil vermişdir. Bu problemin ona aidiyyəti yoxdur. Sadəcə xahiş etdi ki, onlardan bir müddət, maşını düzəldib işə salana kimi icarə pulunu istəməsin. O, isə onlardan “Kia Rio”-nun icarə haqqını tələb etmişdir. Həm də izah etmişdir ki, o ailə başçısıdır, üç uşağı vardır, onları da dolandırmalıdır. Hər dəfə Seymur onu aldadıb icarə haqqını verməmişdir. Bir müddət keçmiş müqavilə bağlanandan 40 gün keçmiş onun telefonuna “sms radar” gəlmiş və o, başa düşmüş ki, artıq maşın istifadədədir. Yəni maşın işləyir. Lakin Seymur onu aldatmaqda davam edirmiş. O, bir müddət də gözləmiş, xəbər tutmuş ki, Seymuru 17-ci Polis bölməsinə aparmışlar. Sonra onu Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. O, dərhal Nərimanov Rayon Polis İdarəsinə getmişdir. Məlum olmuşdur ki, işi idarənin müstəntiqi İsmayıl İsmayılov aparır. Onlar onu orada gördükdə çox çalışmışlar ki, o, orada durmasın, kənarlaşsın ki, dələduzluqlarından xəbəri olmasın. O, bunlardan soruşanda ki, bunları buraya nə üçün gətiriblər, cavab vermişlər ki, bunlara yalandan böhtan atıblar. Ona yalvararaq xahiş etmişlər ki, müstəntiq artıq bunları içəri otağa çağırır, o getsin. Söz vermişlər ki, axşam mütləq zəng edəcəklər. O da aldanaraq oranı tərk etmiş və axşam Seymura zəng etmiş, amma ona zəng çatmamışdır. Sabahısı gün onu yığmış, yenə də ona zəng çatmamışdır. O, təkrar polis idarəsinə gəldikdə müstəntiq onları buraxdığını bildirmişdir. Amma onun yenə də onlardan xəbəri yox imiş. Düşünmüş ki, yorğundurlar, yəqinki onu yığarlar. Amma yenə də onunla əlaqə saxlamamışlar. Bu zaman o, yaxın yoldaşlar vasitəsilə öyrənmiş ki, bunlar Rent A Car-a verilən maşınları saxta yolla satırlar. Dərhal 17 saylı Polis idarəsinə getmiş və ona məlum olmuş ki, bu dələduzlar başqa insanlara məxsus olan bir ədəd “Hyundai Sonata” və bir ədəd isə “Toyota Prius” markalı avtomaşınları saxta yolla satmışlar və polis əməkdaşları o maşınları saxlatdıraraq öz sahiblərinə geri qaytarmışlar. O, bu xəbərdən çox narahat olduqdan sonra Seymura watsapp vasitəsilə polis idarəsinə getdiyini xəbər etmiş və Seymurdan maşınları geri qaytarmasını tələb etmişdir. Seymur artıq onun telefonuna cavab verməyə başlamış və ona söz vermiş ki, iki saata maşınları mənə geri qaytaracaq. Amma həmin gün axşama, hətta gecəyə qədər onu gözləməyə məcbur etmiş, amma yenə də onu aldadaraq telefonunun zaryadkası bitir adı ilə telefonu söndürmüşdür. O, artıq onunla əlaqə saxlaya bilməmişdir. Yalnız yazırmış, o isə üç-dörd gündən bir ona yalan cavab verirmiş. O, Seymura bu işdə sona qədər gedib onu məsuliyyətə cəlb etdirəcəyini bildirdikdə, ona iki nəfərin nömrəsini göndərmiş, bunlardan biri qadın Rəvanə xanım guya ki, RİO-nu qaçırmış, digər nömrənin kim olduğunu deməmiş və guya ki, bu yoldaş da Optimanı sürmək üçün götürmüş, amma geri qaytarmamışdır. Bundan sonra artıq o, 17 saylı Polis idarəsinə gələrək şikayət ərizəsi yazmışdır. Bir neçə gün keçdikdən sonra yenidən idarəyə müstəntiqin yanına gəlmiş və o Seymurun Rəvanə xanımı aldadaraq “Kia Rio”nu saxta sənədlərlə ona satdığını bildirmişdir. “Kia Optima” haqda soruşduqda həmin maşından xəbərsiz olduğunu bildirmişdir. O, özü Seymurun verdiyi, “Kia Optima”nı aparan şəxsi axtarmağa başlamış və nəticədə o, yoldaşın İbrahim adlı şəxs olduğunu öyrənmişdir. Onlar bir müddətdən sonra görüşmüşlər və ona məlum olmuşdur ki, Seymur onların ailəsinə məxsus olan digər maşını- “Kia Optima”nı həmin şəxsə tökmüş motorunu yığdırmaq səmlə saxta yolla satmışdır. Bu yoldaş da sənədlərin saxta olduğunu anlamayaraq, ona əlavə olaraq pul vermişdir. Beləliklə, Seymur və Cavabdeh2 qardaşları maşınlarını müqavillə ilə icarə adı ilə götürərək, onları kənar şəxslərə dəyər-dəyməzinə satmışlar, ona 37.000 manat zərər vurmuşlar. Bundan əlavə onlar üç ay müddətinə maşınlasrını müqavilə üzrə icarəyə verməklə “Kia Rio” markalı maşınıma 2023-cü ilin aprel ayindan bəri və iyun ayından başlayaraq “Kia Optima” maşınına arendaya görə cəmi iki maşına 5000 manat borcu yaranmışdır. Maşınları aldadıb satdıqları Rəvanə adlı və İbrahim adlı şəxsləri aldadaraq saxta sənədlə pulla satdıqlarına görə maşınları ona qaytarmırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduqları 37.000( otuz yeddi min) manat zərərin alınıb qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilərək Cavabdeh3 və Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlu iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd edilən avtomobillərin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlu, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini, ona edilmiş dəqiqləşdirməni müdafiə edərək və göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

7. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirmişdir ki, mübahisəli maşınların biri olan “Kia Optima” markalı, **-NX-*** dövlət nömrə nişanlı, gümüşü metallik rəngli, 2012-ci il buraxılışlı avtomobil hazırda onun sahibliyindədir. O, həmin avtomobili “Səfəroğlu” şirkətindən 2000 manat məbləğində ilkin ödəniş etməklə müqavilə əsasında lizinq yolu ilə götürmüşdür. Bununla bağlı aralarında danışıqlar cavabdehlərdən biri olan Seymurla olmuşdur. O, avtomobili götürərkən onun motoru xarab vəziyyətdə olmuş, o, 8300 manat xərc çəkərək onu təmir etdirmişdir. Daha sonra Seymur avtomobili müvəqqəti ondan alaraq istifadə üçün ona başqa bir avtomobil vermişdir. Sonra isə motoru təkrar xarab olunmuş vəziyyətdə avtomobili ona geri qaytarmışdır. O, yenə həmin avtomobili təmir etdirmişdir. Nəticədə onun həmin avtomobil üzərində 8 mindən çox xərci çıxmışdır. Avtomobilin qaytarılmasına etirazı yoxdur, lakin ona dəymiş ziyan ödənilməlidir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 tərəfindən İddiaçı bütün əmlakı barəsində sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilmiş, iddiaçı isə "xxxx" MMC ilə “nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli icarə müqavilələri bağlamışdır. Sonradan "xxxx" MMC müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və sözügedən əmlakları Cavabdeh3 və Cavabdeh4 istifadəsinə vermiş və hazırda iddiaçı həmin avtomobillərin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edir.

b) Mülki işin materialları:

11. Mülki işin materiallarına olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli “nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, “Kia Rio” markalı, 77FB437 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, qara rəngli avtomobili 600 manat icarə haqqı ödənilməsi şərti ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək bağlanılmışdır.

12. Mülki işin materiallarına olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli “nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, “Kia Optima” markalı, 99NX556 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, gümüş metalik rəngli avtomobili 800 manat icarə haqqı ödənilməsi şərti ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək bağlanılmışdır.

13. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC “Kia Rio” markalı, 77FB437 dövlət nömrə nişanlı avtomobili idarə etməyi Cavabdeh1 xx.xx.2023-cü il tarixədək etibar edir.

14. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq “lizinq verən” lizinq alanın” sifarişi etdiyi, bu lizinq müqviləsinin 1.3-cü bəndində qeyd edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq məbləği 19000 Azərbaycan Respublikası manatı olmaqla tərəflər arasında təhvil-təslim aktı imzalanmaqla sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə göstərilən qaydada, həcmdə və müddətdə ödənilir. “Lizinqverən” müqavilə bağlanan anda “Lizinq alan”dan 4500 manat məbləğində ilkin ödəniş qəbul edir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “M.B.M” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X8i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Kia Rio” markalı, 77FB437 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023cü il tarixdən, “Kia Optima” markalı 99NX556 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2023-cü il tarixdən xx.xx.1985-ci il təvəllüdlü X3 adında qeydiyyatdadır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddiaçı Zeynalov Cavı̇ d Məmməd oğlunun iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinin 1-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5)

20. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Həmin Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

23. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

25. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

26. Göründüyü kimi X4 tərəfindən İddiaçı bütün əmlakı barəsində sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilmiş, iddiaçı isə "xxxx" MMC ilə “nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında” icarə müqavilələri bağlamışdır. Eyni zamanda, sözügedən əmlaklar hazırda X1 mülkiyyətində olsalar da, Cavabdeh3 və Cavabdeh4 qanunsuz istifadəsindədir.

27. Baxılan mülki işdə iddiaçının tələb etdiyi əmlakların mülkiyyətçisi X4 olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar əmlaklar üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehlərin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir.

28. Əmlakların iddiaçının qanuni sahibliyindən cavabdehlərin hərəkətləri nəticəsində çıxması faktı üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlaklardan məhrum olmuş və həmin əmlaklar məhz cavabdehlərin faktiki sahibliyinə keçmişdir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əmlakların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehlərə keçəcəkdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

31. Yuxarıda qeyd olunduğu kimi əqd arzu olunan hüquqi nəticələri əmələ gətirən iradə ifadəsidir və burada “arzu olunan hüquqi nəticə” ifadəsi həmin əqd üzrə hüquq və öhdəlikləri əmələ gətirməkdir. Buna görə də “etbarsız əqd hüquqi nəticələrə səbəb olmur ifadəsi, həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlmədiyini bildirir. Əgər əqd əlavə heç bir şərt və hərəkətdən asılı olmayaraq bağlandığı andan özü-özlüyündə haqq və öhdəlik/vəzifə əmələ gətirmirsə onda həmin əqd “əhəmiyyətsiz/puç/batil” əqd sayılır. Yəni mülki hüquqda əqdlər baxımından etibarsızlığın bir növü kimi “əhəmiyyətsizlik” sözü, bağlanmış əqdin əmələ gətirmək qabiliyyətinin və xüsusiyyətinin olmaması halını ifadə edir. Məhkəmə hesab edir ki ki, belə bir iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün istinad edilən müqavilənin özlüyündə etibarsız olub-olmaması, tərəflər arasında hüquq və öhdəlikləri yaratma imkanına malik olub-olmaması müəyyən edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.

33. Belə ki, Cavabdeh4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinin ikitərəfli müqavilə şəklində olduğu, müqavilənin imzalanmadığı müəyyən edilmişdir.

34. Beləliklə, Cavabdeh4 izahatından, həmçinin iş materiallarına əlavə edilmiş icarə müqavilələrdən həmin əmlakların iddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsi, daha sonra isə içarəçi tərəfindən icarə müqavilələrin şərtləri əhəmiyyətli dərəcədə pozularaq həmin əmlakların üçüncü şəxslərə qanunsuz lizinq müqaviləsi bağlanılaraq verilməsi müəyyən edilmişdir.

35. Bu halda məhkəmə hesab edir ki, iddiaçının təmsil etmiş olduğu şəxs X4 mülkiyyətində olan nəqliyyat vasitələrini "xxxx" MMC-yə yalnız icarəyə verilməsi məqsədilə vermiş, oun niyyəti əmlakı üçüncü şəxslərin mülkiyyətinə vermək olmamışdır. Bu hal qeyd edilən 13 aprel 2023 və 17 iyun 2023-cü il tarixli müqavilələrdə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, "xxxx" MMC-nin üçüncü şəxslərlə lizinq müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Yəni, qeyd edilən daxili lizinq müqaviləsi bağlandığı andan etibarsız əqd olmuşdur. Bundan sonra isə Cavabdeh4 "xxxx" MMC-yə qarşı (işin hallarına uyğun olaraq həmin an müqaviləni bağlamış şəxsə qarşıda mümkündür) vurulmuş maddi ziyanla bağlı iddia vermək hüququ vardır. Məhkəmə həmçinin qeyd edilən halın digər Cavabdeh3 aid edilməsini də nəzərə çatdırır.

36. Məhkəmə həmçinin Cavabdeh3a münasibətdə onuda qeyd etməyi zəruri hesab edir ki, 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibliyində olmamasının əksi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş , öz mülahizələrini məhkəməyə bildirməmişdir. Bunun əksinə olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə gələrək qəbzə imza etməklə iddia ərizəsinn surətini almış və bundan sonra mülki işə baxılaraq üç məhkəmə iclası keçirildikdən sonra yekun akt qəbul edilmişdir. Yəni bir növ iddiaya qarşı susmuşdur.

37. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3, 2012-ci il buraxılış ili olan, gümüş metalik rəngli, “Kia Optima” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh4 qanunsuz istifadəsindən alınıb İddiaçı qaytarılmalıdır.

38. Məhkəmə iddia ərizəsinin təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, hazırda “Kia Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı və “Kia Optima” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillər hazırda cavabdehlər Kələntərlı̇ Seymur Səfər oğlu və Kələntərlı̇ Zaur Səfər oğlunun faktiki istifadəsində olmadığından iddia tələbi onlara münasibətdə rədd edilməlidir.

39. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 alınıb İddiaçı qaytarılsın. 2012-ci il buraxılış ili olan, gümüş metalik rəngli, “Kia Optima” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh4 alınıb İddiaçı qaytarılsın. İddia tələbi cavabdehlər Kələntərlı̇ Seymur Səfər oğlu və Kələntərlı̇ Zaur Səfər oğluna münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar