Məhkəmə qərarları › İş №2(006)-5139/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5139/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5139/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(006)-2021/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 07 yanvar 2011-ci il tarixdə doğulmuş X4 və 16 oktyabr 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat olmaqla sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 noyabr 2001 -ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 07 yanvar 2011-ci il tarixdə X6 və 16 oktyabr 2012-ci il tarixdə X5 doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh ailəsinə normal yanaşmamasına görə və uşaqla heç maraqlanmadığına görə ailələrində müəyyən problemlər yaranmışdır. Məhkəmənin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və bu barədə 30 avqust 2019-cu il tarixli Nikahın Pozulması haqqında Şəhadətnamə verilmişdir. Nəsimi rayon məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(006)- 4058/2017 saylı qətnaməsinə əsasən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X4 və 16 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 üçün 10 aprel 2017-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Nəsimi rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(006)-2021/2020 saylı qətnaməsinə əsasən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X4 və 16 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 üçün, hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çalanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd edilən qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsi, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğində, yəni hər uşaq üçün 193 manat məbləğində iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2021/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4058/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında uşaqları vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2021/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşaqların əvvəlki təminatının səviyyələrinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2021/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2021/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar