Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5167/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən onun LPO "xxxx" ASC-yə ödənilməmiş 48.69 manat borcun 23.02.2019-cu il tarixdən bu məbləğə hesablanmış faizlərlə birlikdə ümumilikdə, 1000 manatın silinməsi (restrukturizasiyası) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-ci il tarixdə noyabr ayında iddiaçı "xxxx" ASC-lə bağlanmış kredit müqaviəsi əsasında 2000 dollar (USD) pul məbləği bankdan almışdır və vaxtlı-vaxtında əsas borcu faizlərlə birlikdə manatla ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cı il tarixli 551 nömrəli Fərmanı qəbul edildiyi vaxt "xxxx" ASC-yə borcum 48.69 manat təşkil etmişdir. Lakin ailəsində problemlər yarandığına və borcun cuzi olduğuna görə güman etdi ki, bu borc "xxxx" ASCyə ərizə yazılmadan silinəcəkdir (restrukturizasiya ediləcəkdir). Bu günlərdə "xxxx" ASCdən aldığı məlumata görə, ASC-yə olduğum borcu silinməyib və 48.69 manata faiz hesablanmaqla 1000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 yuxarıdakı məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Borclu İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 10.03.2020-ci il tarixli ərizənin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cı il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektronportaldan müəyyən edilmiş 46.69 manat borcun 6 ay müddətinə restrukturizasiya olunması xahiş edilmişdir. Problemli kreditlərin kompensasiya edilməsinə dair 10.03.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği isə 49.69 manat kimi müəyyən edilmişdir. 09.09.2021-ci il tarixli, **********815 saylı maliyyə arayışından görünür ki, LPO "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 20 dekabr 2016-cı il tarixli KM006T12160049S01 saylı kredit müqaviləsi üzrə borclunun 06.09.2021-ci il tarixinə əsas borc üzrə 49,69 manat, faiz borcu üzrə 820,05 manat, cərimə borcu üzrə 242,43 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6,26 manat olmaqla, cəmi 1.118,43 manat borcu yaranmışdır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə iş materiallarından göründüyü kimi, cavabdeh-təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrukturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etmiş, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına dair Fərmanın təsiri dairəsinə düşən iddiaçını bu barədə məlumatlandırmışdır. Bu işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçı fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq tərəf olduğu kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya edilməsi üçün banka 10.03.2020-ci il tarixdə müraciət etmiş, bununla da müvafiq Qaydalara əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı banka 2019-cu il tarixdə şifahi qaydada müraciət etdiyini bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5167/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5167/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver