Məhkəmə qərarları › İş №2(006)-5175/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5175/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5175/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçıya müəyyən edilmiş 93 manat alimentin artırılaraq 200 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı qurmuşlar və bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir övladları vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan övladlarının onun yanında saxlanması qət olunmuşdur. Müvafiq məhkəmə qətnaməsindən göründüyü kimi, xx.xx.2011-ci il təvəllüdlü X1 görə cavabdehdən hər ay uşağa görə 93 manat sabit pul məbləğində alimentin ona verilməsi müəyyən olunmuşdur. Cavabdeh övladına biganə münasibət bəsləyir, ona ata qayğısı göstərmir. Belə ki, o, nikah pozulduqdan sonra bir dəfə də olsun övladı ilə görüşməmiş, onun həyatında heç bir halda iştirak etməmişdir. Belə olduğu təqdirdə o, bir ana kimi övladının maddi tələbatlarını tək ödəyə bilmir. Bu hal isə övladının fiziki, psixoloji vəziyyətinə və təhsilinə pis təsir edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olması, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bundan başqa, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar