Məhkəmə qərarları › İş №2(006)-5194/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5194/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5194/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı 26.100 (iyirmi altı min bir yüz) ABŞ dolları məbləğində zərərin manatla məzənnəyə uyğun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin iyun ayında Cavabdeh1 ilə Zaqatala rayonunda Telman adlı şəxsin vasitəsi ilə Bakı şəhərində “20 Yanvar” deyilən ərazidə iş adamı kimi tanış olmuşlar. Söhbət əsasında Cavabdeh1 bildirmişdir ki, "xxxx" MMC-nin rəsmi təmsilçisidir. "xxxx" MMC ilə sement istehsalı, alqı-satqısına dair müqavilələri vardır, yaxşı sərmayə qoyularsa, yaxşı gəlir götürmək olar. Onlar birinci dəfə tanış olub geniş söhbət aparan zaman Telmandan başqa Cavabdeh4, Cavabdeh2 və Rövşən adlı şəxs də iştirak edirdilər. Cavabdeh1 "xxxx" MMC-nin satış üzrə meneceri kimi özünü təqdim etmişdir. Onlar doğrudan da, öz aralarında milyonlarla dəyərində sement məhsullarına dair danışıqlar aparırmışlar. Eşitdiyi o olmuşdur ki, "xxxx" MMC sement məhsullarının istehsalı üçün "xxxx" MMC-yə xammal kimi məhsul verirmiş, "xxxx" MMC həmin xammaldan sement istehsal edib təkrarən "xxxx" MMC-yə satırmış. Hər kisədən 3-4 manat, hər xammal məhsulundan 10-12 manat gəlir götürürmüşlər, onların arasında bağlanmış müqavilə, ödəniş qəbzləri də olmuşdur. Onların söhbəti 3-4 saat davam etmişdir. Həmin sənədləri nəzərdən keçirmiş, söhbətləri eşitmişdir. İddiaçı həqiqətən də şahid olmuşdur ki, onlar ölkə əməliyyatları həyata keçirirlər. Onların hətta Çin Respublikası ilə də əlaqələri mövcud olmuşdur. Yekun söhbətdə iddiaçının danışığı, hərəkətləri onların xoşuna gəlmiş və bildirmişləri ki, iddiaçı ilə əməkdaşlıq edib, satış payını ödəyəcəyi pula uyğun olaraq artıra bilərlər. Onlarla olan söhbətdən sonra iddiaçı pul tapmaq barədə düşünməyə başlamışdır. İddiaçı mütəmadi olaraq cavabdehlərlə görüşmüşdür, bir-neçə dəfə “Xətai” metrostansiyasının çıxışında yerləşən 17 mərtəbəli binanın 11ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin rəhbərinin müavini İlyas Qurbanovu iddiaçıya təqdim edib, görüşdürmüşlər. Təxminən 2015-ci ilin iyulunda Cavabdeh1 bildirmişdir ki, başlanğıc üçün ilkin ödəniş olmalıdır. Çünki, hazır məhsulu 6 aydan tez almaq mümkün olmayacaq, növbə çoxdur. Həqiqətən, iddiaçı "xxxx" MMC-də şahidi olmuşdur ki, 6-7 ay növbədə olurlar, yalnız ondan sonra hissə-hissə zavoddan sement almaq mümkün olurdu. Odur ki, iddiaçı iyulda ödəniş etməli olmuşdur ki, 6-7 ay sonra zavoddan mal buraxılsın. Evində olan 800 ABŞ dollarını 39-cu polis bölməsinin qabağında, bulvar ərazisində Kamran və Rövşənin yanında Raufa vermişdir. Sonra da onlara bildirmişdir ki, artıq evi satışa qoymuşdur, dəyəri 100.000-dən artıqdır. Ev satılandan sonra əldə olunan pullar mala, sementə buraxılacaqdır. Nəhayət, Bakı şəhəri, Yasamal rayonu, H.Aslanov küçəsi, ev 35-də yerləşən, bacısı Böyük-zadə Məlahət Ağabala qızının adına olan, faktiki iddiaçıya məxsus mənzili 11 sentyabr 2015-ci il tarixdə 65 min manata Münəvvər Həsənovaya satmışdır. Elə həmin gün Yasamal bazarının yanında olan “ASAN xidmət”də Rauf, Kamran və Rövşənə pulu 5000 ABŞ dolları Cavabdeh2 vermişdir ki, 6 ay ərzində "xxxx" MMC ilə alqı-satqı əməliyyatı aparılmaqla satışa sement buraxılacaqdır. Pulu verəndə rəhmətlik həyat yoldaşı X3, bacısı Məlahət və Münəvvərin oğlu, qızı, qızının əri Elxan da orada olmuşlar. Bu zaman Cavabdeh4 ilə aralarında bir yerdə Çinə getmək, ayaqqabı zavodu ilə müqavilə bağlamaq və ayaqqabı götürmək ilə bağlı söhbət olmuşdur. Təxminən 13-14 sentyabr 2015-ci il tarixdə MUM-un yanında iddiaçı, mərhum həyat yoldaşı və oğlu Ağabalanın iştirakı ilə Eldar ilə görüşmüş və 8300 ABŞ dolları vermişdir. Pulu verəndə bildirmişdir ki, iddiaçı da onunla Çinə getmək istəyir və bu şərtlə verir. Eldar buna ehtiyac olmadığını bildirmiş, daha sonra nəhayət razılaşmışdır. Çinə iddiaçı, Eldar və oğlu birlikdə uçmuşlar. İddiaçının acı günləri elə bundan sonra başlamışdır. İddiaçıya deyilirdi: “ayaqqabı tikən alətin detalı sınıb, onu üç aydan tez düzəltmək olmayacaq”. 45 gün iddiaçı orada zülm çəkmişdir. Nəhayət anlamışdır ki, bunlar bir qrup dəstədirlər, məqsədləri, niyyətləri ancaq iddiaçının əmlakını ələ keçirmək olmuşdur, aldatma yolu ilə iddiaçıya yalan vədlər vermək, müəyyən görüntülər yaratmaq, söhbətlər etmək, sənədlər göstərmək və özünə inam, etibar yaratmaq olmuşdur. Çindən qayıtdıqdan sonra iddiaçı Rauf, Eldar, Kamran və Rövşənlə görüşmək və pullarını geri almaq istəmişdir. Nəhayət, Rövşən və Kamranla görüşmüş, pulları tələb etməyə başlamışdır. Bildirmişdir ki, Eldarın bu son hərəkəti etibarını söndürmüşdür. Təkrar bir-birlərini söyməyə başlamışlar: “Eldar düz hərəkət etməyib”, “2016-cı ilin ilk ayında sement zavoddan onlara veriləcəkdir”, “səbr et”, “pul artıq başqalarındadır”, “hay-küy işləri pozar, bir daha "xxxx" MMC-yə yaxın gedə bilmərik”, “hər şey yaxşı olacaq” və s. 2016-cı ilin yanvar-fevral ayında təkrar bildirmişlər ki, qiymətlərdə biraz artım olmuşdur, biraz gözləmək lazımdır. Bu şəxslər 2016-cı ilin martın sonlarından yoxa çıxmışlar. Göstərdiyi səylərə baxmayaraq, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Rövşəni tapa bilmir, yerləri məlum deyil, telefon nömrələrini bağlamışlar. İddiaçı Cavabdeh1 39-cu polis bölməsinin qabağında, bulvar ərazisində sement pulu üçün 800 ABŞ dolları, Həzi Aslanov 35 ünvanında "xxxx" MMC üçün dibçək pulu üçün 3000 ABŞ dolları, “Gürcü kafesi”ndə 500 ABŞ dolları sement pulu olmaqla, cəmi 4300 ABŞ dolları, Cavabdeh4 MUM-un qabağında 8300 ABŞ dolları ayaqqabı pulu, Cavabdeh2 Yasamal rayonunun “ASAN Xidmət”in notariusunda 5000 ABŞ dolları sement pulu, Cavabdeh3“Gürcü kafesi”ndə 8500 ABŞ dolları sement pulu olmaqla, 26.100 ABŞ dolları pul vermişdir. Ümumilikdə, cavabdehlər iddiaçıya 26.100 ABŞ dolları zərər vurmuşlar. Cavabdehlərin vurduqları 26.100 ABŞ dolları kredit şəklində bağlanılması üçün iddiaçının bacısına məxsus ünvan 1 ünvanında 3 otaqdan ibarət mənzil satılmışdır. Göründüyü kimi, cavabdehlərin təqsirkar hərəkətləri nəticəsində İddiaçı külli miqdarda ziyan vurulmuşdur. Bunun nəticəsində, evsiz qaldıqları üçün ailə üzvləri bugünədək kirayələrdə qaldıqlarına görə həyat yoldaşı Mirzəyeva Mətanət bunlara dözməyərək dünyasını dəyişmişdir.

3. İddiaçı məhkəməyə ərizə təqdim edərək, verdiyi iddianı müdafiə etdiyini bildirmişdir. Dələduzluq yolu ilə cavabdehlərin iddiaçının etibarından istifadə edərək, hissə-hissə iddiaçının pulunu mənimsədiklərini, bu dörd nəfər cavabdehin əməlində cinayət tərkibi olduğunu hesab edir. Ona görə xahiş edir ki, onların bu əməlləri ilə bağlı xüsusi qərardad qəbul edilsin.

4. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı 30.100 (otuz min bir yüz) ABŞ dolları məbləğində zərərin manatla məzənnəyə uyğun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 və oğlu X2 şahidliyi ilə 2015-ci il iyulun axırı, avqustun ortası saat 12:00, bulvarda, 39-cu Polis İdarəsinin yaxınlığında Rövşənin, Raufun yanında Kamrana 100 (yüz) manat, 2015-ci il iyulun axırı, avqustun ortası, saat 12:00, bulvada 39-cu Polis İdarəsinin yaxınlığında Kamran və Rövşənin yanında Raufa 800 (səkkiz yüz) manat vermiş, 22 iyul 2015-ci il saat 15:02, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ASAN” Xidmətdə Kamran ilə 4000-300=3700 (üç min yeddi yüz) manat məbləğində beh müqaviləsi bağlamışdır. Kamran 4000 (dörd min) manatı notariusun qapısından çıxan kimi iddiaçıdan 4000 (dörd min) manatı geri almışdır və demişdir ki, bu pulu tək iddiaçıya Rövşən və Raufun yanında qaytaracaq. İddiaçının behinin pulunu "xxxx" MMC-nin sementi adı ilə aldadıb müqaviləyə imza atdırmış, pulu geri almışlar. Halbuki o puldan iddiaçıya cəmi 300 (üç yüz) manat vermişlər. Belə olan halda iddianın pul tələbi Cavabdeh2 qarşı 3700 (üç min yeddi yüz) manat artılır. Kamranın tanışı iki adı olan Lalə və Yeganə xanım xx.xx.2016-cı ildə, saat 21:24-də iddiaçıya zəng edib demişdir ki, o, Kamrana iddiaçının bacısının evini almaq üçün 15000 (on beş min) ABŞ dolları vermişdir və iddiaçıya iki gün vaxt verir ki, evdən çıxsın, Kamran ilə evlənib evə girəcəklər. xx.xx.2015-ci il, 12:55-də Yasamal rayonunun 3 saylı “ASAN” Xidmət mərkəzində notariat kontorunun yanında Kamrana 5000 (beş min) manat vermişdir. xx.xx.2015-ci il saat 14:00, Bakı şəhəri, Yasamal, Ə.Bayramov küçəsinin 5 mərtəbə dairəsi tərəfindən girişində yerləşən “Gürcü” kafesində Raufun yanında Kamrana 8500 (səkkiz min beş yüz) manat vermişdir, o da saydıqdan sonra Rövşənə vermişdir. xx.xx.2015 il, saat təxminən 13:30 radələrində həmin “Gürcü” kafesində Rövşən və Kamranın yanında Raufa 500 (beş yüz) manat vermişdir. 14 sentyabr 2015-ci ildə "xxxx" MMC üçün Raufa 3000 (üç min) manat dibçək pulu evlərinin həyətində vermişdir. 17 sentyabr 2015-ci ildə Çinin Quanjo şəhərindən ayaqqabı almaq üçün “SUM” adlanan univermağın qarşısında Eldara və onun həyat yoldaşının yanında 9000-700=8300 (səkkiz min üç yüz) manat vermişdir.

6. Cavabdeh2 etiraz təqdim edərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehdən tələb olunan məbləğin heç bir əsası yoxdur. İddiaçının məqsədi dolayı yollarla ondan pul almaqdır. Digər üç cavabdehdən heç birini tanımır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh2 5000 manat sement almaq üçün pul vermişdir. Ondan soruşmaq lazımdır ki, bu pulu niyə vermişdir və 5000 manata nə qədər sement almaq olar. İddiaçı yazır ki, pulu 2015-ci ildə vermişdir və heç bir sənəd təqdim etmir. Cavabdehə maraqlıdır ki, iddiaçının niyə məhz on il sonra yadına düşmüşdür. Baxmayaraq ki, iddia müddəti çoxdan keçib. İddiaçıdan, həmçinin, soruşmaq lazımdır ki, kim onu Çindən Bakıya gətirib. Cavabdehin sübutu vardır ki, iddiaçı üçün 612,38 manat pul ödəyib AZAL-dan xx.xx.2015-ci ildə bilet almışdır və o, xx.xx.2015-ci ildə Bakıya gəlmişdir. İddiaçı bilet üçün təşəkkür etmək əvəzinə ondan 5000 manat pul tələb edir. İddiaçı heç məhkəməyə demir ki, Cavabdeh2 iddiaçıya xx.xx.2015-ci ildə 3 saylı “ASAN Xidmət”də notariat yolu ilə təsdiq olunan 4000 manat beh vermişdir. Özü də şərt qoymuşdur ki, əgər pulu vaxtında qaytarmasa iddiaçı ona 8000 manat qaytarılmalıdır. Baxmayaraq ki, 10 il keçib, cavabdehə nə 4000, nə də 8000 manat qaytarılmışdır.

8. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Binə bazarında dükan işlədirdi, 10 il olar. Qonşusu Rauf və yanında Natiq adında şəxs dükanına daxil olmuşlar. Ona bildirmişlər ki, Çinlə işləmək istəyirlər. Onlar razılaşmışlar. Natiqlə o, Çinə getmişlər. Natiq orada 5000 manat girov qoyub, 20.000-lik mal sifariş etmişdir. 2 ay orada qalmışlar. Bankdan pul gəlməli idi, lakin gəlməmişdir. Natiq demişdir ki, gedim, pul göndərim. Cavabdeh Natiqə bildirmişdir ki, malın pulunu göndərə bilməsə də, ona qayıda bilməsi üçün bilet pulu göndərsin. Natiqi sonra tapa bilməmişdir. Cavabdeh biletini 2 ay sonra almış, borca düşmüşdür.

a) Məhkəmə prosesi:

9. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

12. Yasamal RPİ-nin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı Yasamal Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, Cavabdeh1 və digərləri tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi barədə bildirmiş, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

13. Yasamal RPİ-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış 924/16 nömrəli rədd materialı saxlama müddəti keçdiyindən məhv edildiyi üçün materialın təsdiq edilmiş surətinin göndərilməsi mümkün olmamışdır.

14. 22.06.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə 9000 manat ödənilmişdir.

15. İddiaçı ilə (Böyük-zadə Məlahət Ağabala qızı əvəzinə) Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən görünür ki, birinci tərəf ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Böyük-zadə Məlahət Ağabala qızı ikinci tərəfin mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqavilənin bağladıqdan sonra xx.xx.2015-ci il müddətinədək notariat kontorunda alğı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür. Tərəflərin razılaşmasına əsasən əmlak 45.000 manat qiymətləndilir. Həmin məbləğin 4000 manatını “ikinci tərəf” beh olaraq vermişdir, qalan hissəsini 41.000 manatı isə alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün ödəməyi öz öhdəsinə götürür.

16. İş materiallarına Böyük-zadə Məlahət Ağabala qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə, İddiaçı adına 612.38 manata alınmış Quanqjou – Pekin – Bakı istiqamətində aviabilet, iddiaçının özü tərəfindən əl yazısı ilə tərtib edilmiş qrafiklər və s. əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 2015-ci ildə hazırda cavabdeh olan şəxslər tərəfindən dələduzluq yolu ilə aldadıldığını bildirərək ərizə ilə Yasamal RP-na müraciət etmiş, iş üzrə cinayət işinin başlamasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

18. İddiaçı hazırda birlikdə iş görmək məqsədi ilə Cavabdeh2 8800 manat, Cavabdeh1 4300 manat, Cavabdeh4 8300 manat, Cavabdeh3 8500 manat və 200 manat yemək pulu olmaqla, cəmi 30.100 manat pul verdiyini iddia edərək, cavabdehlərdən müştərək qaydada 30.100 ABŞ dolları məbləğində zərərin manatla məzənnəyə uyğun olaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

19. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etiraz edərək, iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş edirlər. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh3 2012-ci ildən maşın alğı-satqısı ilə məşğul olduğunu və iddiaçıya 3500 manata “Tofaş” markalı maşın satması ilə əlaqədar onu tanıdığını bildirmişdir. Cavabdeh2 da Rauf və Eldarı tanımadığını, Rövşəni isə iddiaçının şikayətlərindən sonra orqanlarda izahat verəndə tanıdığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, İddiaçı ona heç bir pul verməmişdir. Əksinə, iddiaçı bacısının evini satmaq istəmiş, Cavabdeh2 da evi almaq üçün iddiaçıya 4000 manat məbləğində beh vermişdir. Aralarındakı razılaşmaya görə iddiaçı müəyyən olunmuş müddətdə evi Cavabdeh2 satmazsa, cavabdehə 8000 manat qaytarmalı idi. Lakin, iddiaçı bacısının evini satmamış, nəinki müqavilə şərti ilə razılaşdırılmış 8000 manatı, heç 4000 manatı da cavabdehə ödəməmişdir. İddiaçı ilə aralarında başqa heç bir münasibət olmamışdır.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.

21. Belə ki, iddiaçı cavabdehlərə birgə iş qurmaq və qazanc əldə etmək məqsədi ilə müxtəlif məbləğlərdə ödənişlər etdiyini bildirsə də, nə cavabdehlərin iddiaçı ilə bu və ya digər formada razılığa gəlməsinə dair, nə də bu ödənişlərin edilməsinə dair iddia tələbinin dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıması barədə göstəşirinə əsasən sübutetmə yükünü daşıyan iddiaçı sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir. Belə ki, qarşı tərəfin onun verdiyi pul hesabına əsassız varlandığını iddia edən və bu pulu tələb edən tərəf olaraq iddiaçı, ilk növbədə, pulun cavabdehlərə verilməsi faktını sübut etməli idi. Yalnız bundan sonra, işin araşdırılmalı olan digər halları ilə bağlı sübutetmə yükü cavabdehlərlə bölüşdürülə bilərdi. Hazırki iddiada isə, tərəflər arasında şifahi razılığın olması və bu razılıq əsasında iddiaçı tərəfindən cavabdehlərə pul verilməsi faktı heç bir sübutla öz təsdiqini tapmayıb, yalnız iddiaçının formal, yazılı mülahizələrindən ibarətdir.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranması üçün heç bir əsas müəyyən edilmədiyindən, hazırkı iddia tələbi təmin edilməməlidir.

23. Məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə istinadən qeyd etməyi zəruri sayır ki, iddia tələbi əsassız hesab olunduğundan, həmin ərizəyə münasibət bildirilib hüquqi qiymət verilməsinə hər hansı zərurət yoxdur.

24. İddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə isə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardad qəbul edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, bu vəsatətin olub-olmamasından asılı olmayaraq, məhkəmə öz xidməti vəzifəsinə görə belə qərardadın qəbul edilməsinə əsas verən halı müəyyən etdikdə öz təşəbbüsü ilə bunu edir, bu məsələdə məhkəmə tərəflərin vəsatətlərindən asılı deyildir. Lakin qeyd edildiyi kimi, iş üzrə belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə vəsatəti əsassız hesab edərək təmin edilməməsinin məqsədə müvafiq olması qənaətinə gəlir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

29. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilməlidir.

Nəticə:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar