Məhkəmə qərarları › İş №2(006)-5213/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5213/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5213/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1, X2 və X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X3 birbaşa təqsiri üzündən ona məxsus 5 baş iribuynuzlu mal-qaranın (cöngə, inəyinin) ölməsi səbəbindən dəymiş zərərə görə 5.800 manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Siyəzən rayonunda doğulmuşdur. 2010-cu ildən Siyəzən rayonu Yenikənd kəndində yaşayır. Halhazırda Zöhrabkənd kəndində təsərrüfatında 12 baş iribuynuzlu mal-qara (4 inək, 3 iri cöngə, 3 düyə, 2 körpə dana) var. 07.06.2021-ci il tarixdə Zöhrabkənd kəndində ona məxsus 5 baş (1 başı qara rəngdə iri cöngə, 4 başı isə qırmızı rəngdə – 1 iri cöngə, 2 inək, 1 düyə) iribuynuzlu mal-qarası otlayarkən elektrik transformatorundan təxminən 1-2 metr məsafədə elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Tələf olan inəklərdən 2 başı boğaz idi. Hadisə günorta 15.00-16.00 radələrində baş verən vaxt X5 zəng etmişlər, sahə montyoru Ceyhuna demişlər ki, işıqları tez söndürsün, 2 cöngə, 1 inək hələ sağdır, xilas etmək olar. Belə ki, yerötürücüsü olmadığı üçün inəklərə yaxın dura bilmirdilər. Amma işıqları söndürən olmamışdır. 4 nəfər elektrik montyoru təxminən 18.00 radələrində hadisə yerinə gəlmiş, baxış keçirmişlər. Onlara transformatora yaxın durmamağı, heç yerə şikayət etməməyi, dəyən ziyanın idarə tərəfindən ödəniləcəyini bildirmişlər. Həmin gün gecə kəndin işıqlarını söndürmüşlər, səhər isə briqada gəlib yer ötürücüsünü qazıb, xətləri sahmana salmışlar. Onlar yaxınlaşanda sonuncular onlara işıq transformatorunun qaydasında olduğunu, problemin işıq idarəlik olmadığını bildirmişlər. Lakin bütün bu prosesləri kənd əhalisi hamı təsdiq edə bilər. "xxxx" ASC-nin X3 təqsiri üzündən onlara külli miqdarda ziyan dəymişdir. 09.06.2021-ci il tarixdə Çuxurzəmi baytar məntəqəsinin müdiri X4, o və 4 nəfər kənd sakininin iştirakı ilə hadisənin baş vermə səbəbi barədə akt tərtib olunmuş və Azərbaycan Respublikası KTN yanında Aqrar Xidmətlər Agentliyi Şabran rayon Baytarlıq İdarəsinin möhürü ilə təsdiqlənmişdir. İnəklərin diri çəkisi orta hesabla – 2 cöngə 380 kq, 2 inək 640 kq, düyə 180 kq olmaqla, cəmi 1.200 kq idi. Bundan əlavə 2 boğaz inəyin sentyabr ayında balası olacağını, süd verməsini də nəzərə aldıqda, ümumilikdə onlara 5.800 manat zərər dəymişdir (2 cöngə, 1 düyə – diri çəkisi 280 kq x 10 manat = 2.800 manat; 2 boğaz inək 2 x 1.500 manat = 3.000 manat; cəmi 5.800 manat). Zöhrabkənd İƏD nümayəndəsindən təsərrüfatları barədə arayış istədikdə, onlar məhkəmənin rəsmi sorğusu olduqda veriləcəyini bildirmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndə Z.Səmədovanın izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndə Z.Səmədovanın izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (09.06.2021-ci il tarixdə tərtib edilmiş akt, transformatorun yerləşdiyi və iribuynuzlu mal qaranın elektrik cərəyanı vurduqdan sonra tələf olaraq qaldıqları ərazinin fotogörüntüləri) görünür ki, aktı imzalayan şəxslər 07.06.2021-c il tarixdə vətəndaş İddiaçı məxsus iribyunuzlu mal-qaranın elektrik cərəyanı vurması nəticəsində tələf olmalarına dair ətraflı akt tərtib etmişlər. Tələf olmuş mal-qara bilavasitə elektrik transformatorunun yaxınlığında olmaqla, onları elektrik cərəyanı vurmuşdur. Mal-qaranın elektrik transformatorunun yanında tələf olmasına gətirib çıxaracaq heç bir yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik transformatoru saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və aidiyyatı qurğularla bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 5.600 manat həddindədir. Belə ki, Xaçmaz rayon mal bazarının direktoru Kamil Orucov tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan göründüyü kimi, 1 yaş 2 aylıq sağlam yerli cins cöngənin - 190 kq heyvanın indiki bazar dəyəri 1.600-1.800 manatdır. 3 yaş sağlam yerli cins boğaz inəyin – 320 kq heyvanın indiki bazar dəyəri 1.000-1.200 manatdır. 1 yaş 2 aylıq sağlam yerli cins düyənin – 180 kq heyvanın indiki bazar dəyəri 1.400-1.600 manatdır. İddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı qurğuda təhlükəsizliyə riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik cərəyanı vurması nəticəsində mal-qara tələf olmuş və iddiaçıya 5.600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 5.600 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 5.600 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 5.600 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar