Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5246/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.12.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə 18.000 manat puldan 12.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 9.500 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə yoldaşlıq münasibətləri olduğundan, sonuncu ondan borc pul istəmişdir. O, cavabdehin xahişini yerinə yetirərək 09.12.2020-ci il tarixdə "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsilə 18.000 manat borc pul vermişdir. Cavabdehlə münasibətlərini rəsmiləşdirmək üçün Sumqayıt şəhər 1 saylı notariat kontorunda həmin tarixdə kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin 1-ci bəndinə görə o, borc alana 18.000 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndi müəyyən edir ki, borc alan krediti 11.12.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh borc məbləğindən bu günə qədər hissə-hissə 6.000 manat pul ödəmişdir. Dəfələrlə cavabdehi öhdəliklərini icra etməyə çağırsa da, nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun tərəfindən Cavabdeh 09.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 18.000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh həmin borcu qaytarmağı öz öhdəsinə götürsə də, buna əməl etməmişdir. Əlavə olaraq onu da bildirdi ki, məhkəməyə iddia ərizəsi veriləndən sonra cavabdeh tərəfindən az da olsa ödənişlər yerinə yetirilmiş, lakin hazırda cavabdehin ona 9.500 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 iddiaçının sözlərini təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(006)-5246/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış və təsdiq edilmiş 09 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 11 dekabr 2020-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 18.000 manat məbləğində borc almışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh 09 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcu tam şəkildə qaytarmağı öz öhdəsinə götürsə də, yalnız qeyd edilən borcdan 8.500 manat qaytarmış, borc məbləğinin qalan hissəsini isə iddiaçıya geri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı 18.000 manat məbləğində borc almış, borcu 11.12.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5246/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-5246/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver