Məhkəmə qərarları › İş №2(006)-526/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-526/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-526/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evindən bir mərtəbə yuxarı, yəni K.Səfərəliyeva küçəsi, ev 19, mənzil 19-da yaşayan Cavabdeh tərəfindən 3 dəfə mənzili su basqınına məruz qoymuşdur. Əvvəlki 2 dəfə axan su təmiz olduğu üçün o qədər də əhəmiyyət verməmişdir. Hal-hazırda isə sözügedən qonşunun sanuzel qovşağında nasazlıq yaranıb və uzun müddətdir ki, mənzilinə çirkab su axmağa davam edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir görülməmişdir. Mənzilə axan çirkab su təhlükəli və xəstəlik mənbəyidir. Bununla bağlı 17 saylı MKİS tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq olunsa da, sonuncu bu xəbərdarlıqlara məhəl qoymayaraq sanuzel qovşağını təmir etdirməkdən qəti imtina etmişdir. Ən son 11.10.2021-ci il tarixdə evinə çirkab suları axıdılmış və nəticədə evinə ciddi zərər dəymişdir. Özünün hesablamalarına görə mənzilinə 1000 manat həcmində maddi ziyan dəymişdir. Bu barədə 17 saylı MKİS aktı tərtib etmişdir. İddiaçı maddi ziyan barədə Cavabdeh məlumat versə də, o, iddiaçıya dəyən maddi ziyanın ödənilməsindən imtina etməklə yanaşı onu təhqir edən tərzdə danışmış və «belə evdə adam yaşayar?» demişdir. Yekunda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən K.Səfərəliyeva küçəsində yerləşən 19 saylı evin 19 saylı mənzilində yaşayan Cavabdeh maddi zərər kimi 1000 manat pulun iddiaçının xeyrinə tutulması və K.Səfərəliyeva küçəsində yerləşən 19 saylı evin 19 saylı mənzilin sanuzel qovşağının cavabdehin maddi vəsaiti hesabına təmir etdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddia sırf böhtan xarakterlidir. Belə ki, İddiaçı MKİS-lə əlbir olaraq Cavabdeh qarşı qərəzli şəkildə hazırki iddianın qaldırılmasını təşkil etmişlər. Cavabdehin mənzili son dərəcə yüksək keyfiyyətli təmirə malik olmaqla, onun su və kanalizasiya xəttlərindən heç bir nasazlıq mövcud deyildir. Lakin bununla belə Cavabdeh yenə də öz qonşusuna hər hansı narahatçılıq verməməsi məqsədilə bu halın yoxlanması barədə tədbirlə görmüş və nəticə etibarılə öz təmirini dağıdaraq su xəttlərinin keçdiyi hissələri 4 usta vasitəsilə yoxlatmışdır. Nəticə belə olmuşdur ki, iddiaçıya məxsus 16 saylı mənzildə baş verən su sızmalarının Cavabdeh mənzilində yerləşən su və kanalizasiya xəttləri ilə heç bir əlaqəsi aşkarlanmamışdır. Nəticə etibarı ilə hazırki dəymiş zərər barədə iddianı İddiaçı deyil, Cavabdeh iddiaçıya qarşı qaldırmalı idi. Belə ki, MKİS ilə İddiaçı boş iddiaları üzərinə cavabdeh öz təmirini dağıtmaq məcburiyyətində qalmışdır. Halbuki, cavabdehin mənzilində olmuş hər bir 4 usta aşağıdakı mənzildən olan sızıntının ümumi xəttlərdə olan mərkəzi nasasızlıq səbəbindən baş verəcəyi qənaətinə gəldiklərini bildirmişdir. MKİS öz aktında bildirmişdir ki, guya yerində araşdırma aparıblar. Halbuki, Cavabdeh mənzilinə istər təmir dağıdılan zaman, istər ondan öncə və ya istər ondan sonra MKİS-dən hər hansı nümayəndənin gəlməsi halı olmamışdır. Belə olan halda hansı yerində araşdırmanı nəzərdə tutduğu barədə MKİS-nin aktda yazdıqları məlum deyildir. Məhkəmənin diqqətini o məqama çəkmək istəyir ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, ona cavabdeh tərəfindən 3 dəfə su sızıb. Öncəki 2 dəfə sızan su təmiz olduğunlan o, bu sızıntılara əhəmiyyət verməyi və onları qəbul edib, lakin 3-cü dəfəki sızıntı çirkab su olduğundan artıq o, öz iradını bildirməyə başlayıb. Daha sonra aktda qeyd edilir ki, həmçinin iddiaçı da öz iddiasında qeyd edir ki, həm su həm də kanalizasiya xəttlərində nasazlıq olubdur. Sual və şübhə doğuran hal ondan ibarətdir ki, necə oldu ki, eyni zamanda birdən-birə durduğu yerdə hər iki xəttdə nasazlıq yarandı. Yəni su ilə kanalizasiya xəttlərinin eyni zamanda nasazlaması bir az müəmmalıdır. Yəni nasazdırsa bunun biri nasaz olsun da, nə oldu ki, iki ayrı müstəqil xətt birdən birə ikisi də eyni zamanda nasazdı? Hələ bir MKİS də bunu eyni qaydada iddiaçının dediyinə uyğun təsdiq edir, akt tərtib edir. MKİS-nin 2 ədəd xəbərdarlıqlarla akt arasında ziddiyət vardır. Belə ki, xəbərdarlıqlar da sırf çirkab su xəttlərində olan nasazlıq nəzərə çatdırılsa da, akt da həm çirkab xətt olan kanalizasiya həm də təmiz su xəttinin nasazlığı vurğulanır. Yəni vətəndaşla MKİS qəti qərara gələ bilmirlər ki, bu xəttin biri nasazdır və hər ikisi? Ekspert rəyini təhlil etsələr görə bilərlər ki, cavabdehin mənzilində olan sanitar qovşağın işini təmin edən istər avadanlıqlar, istərsə də xəttlərdə hər hansı bir qüsur aşkar edilməmişdir. Ən azından əgər belə bir qüsur həqiqətən də cavabdehin mənzilindəki qüsurdan aşkarlanmış olsaydı, Cavabdeh öz mənzilində də bu qüsurların izləri qalmış olardı. Necə ola bilər ki, şəxsin xəttlərində, misal üçün sızıntı olsun, amma həmin sızıntı öz mənbəyində hər hansı bir zərərə yol açmamış olsun. Fakt ekspertin mənzillərə baxış zamanı hər hansı su sızıntısını olması ilə qarşılaşmaması idi, çünki qarşılaşmış olsaydı bunu mənzilə baxış hissəsində qeyd edərdi. İndi belə bir sual ortaya çıxır – bəlkə elə İddiaçı mənzilinə dəyər zərər və ya bu sarımtıl ləkələr oboyların qoyması və ya tavanın boyasının ovulması ilə onun təmirinin köhnə olmasına dəlalət edir və yaxud bəlkə həmin zərər görmələr elə kifayət qədər keçmiş tarixə dayanır? Yəni iddiaçının mənzilindəki zərərin Mədinə Əsgərzadədən qaynaqlandığını sübut edən heç bir fakt mövcud deyildir. İddiaçının iddia tələbi rədd edilməlidir. Çünki iddiaçı tərəfindən əsassız iddialarla məhkəməyə müraciət etməsi heç də o demək deyildir ki, onun sözləri həqiqət kimi qəbul edilməlidir. Ən azı ona görə ki, onun xeyrinə tərtib edilmiş 11.10.2021-ci il tarixli akt həqiqətə uyğun deyildir, həmçinin həmin aktda qeyd edilənlərlə xəbərdarlığın məzmununda qeyd edilən hallar arasında da məntiqi uyğunsuzluqlar varjır və ən əsası ekspert rəyi ilə bir daha təsdiqlənir ki, iddiaçının mənzilinə hər hansı su sızıntısının olmasının təqsirkar Cavabdeh olması öz sübutunu tapmamışdır. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilin) izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan 17 saylı MKİS-nin rəisi E.Xeyrullayev, mühəndis A.Ə.Allahverdiyev, sahə nəzarətçisi H.Hacıyev tərəfindən tərtib edilmiş 11.10.2021-ci il tarixli aktın surətindən görünür ki, K.Səfərəliyeva küçəsi 19 saylı yaşayış binasının 16 saylı mənzilində yaşayan İddiaçı şikayəti əsasında onun mənzilinə yerində keçirmiş və aktlaşdırmışlar. Yaşayış sahəsi 31,6 kv.m., ümumi sahəsi 65 kv.m. olan İddiaçı məxsus 16 saylı mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Yerində araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mənzilinin üstündə yerləşən 19 saylı mənzilin (sahib Cavabdeh) hamam və sanuzel qovşağının su və kanalizasiya xətlərindəki nasazlıq səbəbindən çirkab sular 16 saylı mənzilə (sahib İddiaçı) axmış və nəticədə ona maddi ziyan vurmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh mənzilinin sanuzel qovşağını təmir etməkdən qəti imtina etmişdir.

7. İş üzrə 17 saylı MKİS-nin rəisi E.Xeyrullayev tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, K.Səfərəliyeva küçəsi, 19 saylı binanın 16 saylı mənziliə baxış zamanı məlum olmuşdur ki, Cavabdeh mənzilin sanuzel qovşağındakı nasazlıq səbəbində çirkab sular İddiaçı mənzilinə axır. 17 saylı MKİS mənzilindəki sanuzel qovşağını təmir etməsi üçün 3 gün möhlət vermişdir. Əks təqdirdə Cavabdeh qarşı inzibati qaydada tədbir görülmək üçün aidiyyəti orqanlara müraciət ediləcək.

8. İş üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 15.10.2021-ci il tarixli məktubundan görünür ki, araşdırma və 17 saylı MKİS-nin 14.10.2021-ci il tarixli aktına əsasən məlum olmuşdur ki, yaşadığı mənzilə 19 saylı mənzilin sanitar qovşağında yaranmış nasazlıq səbəbindən çirkab su axıntısı olmuş və müəyyən qədər mənzilə maddi ziyan dəymişdir. Bununla bağlı 19 saylı mənzilin sahibi Cavabdeh dəfələrlə xəöərdarlıq edilməsinə baxmayaraq yaşadığı mənzilinin sanitar qovşağındakı kanalizasiya xəttini təmir etməkdən imtina etmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.12.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 19, 16 saylı mənzilin 4/6 hissəsi Nəsimi rayon Məhkəməsinin 04.07.2001-ci il tarixli, 2-905 nömrəli qətnaməsinə əsasən X1, 2/6 hissəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1809/2011 nömrəli, 04.10.2011-ci il tarixli icra vərəqəsinə, 24.02.2012-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən 12.04.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 19, 19 saylı mənzil 072981 nömrəli 10.02.1987-ci il tarixli orderə, 31.05.2005-ci il tarixli forma 1 arayışına, X4 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən 01.06.2005-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 10.Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10/6846 nömrəli, 11.02.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 19 saylı evin 19 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, sukanalizasiya xəttlərində hər hansı bir qüsur olmadığından, 16 saylı mənzilə su sızmasının texniki səbəbini və su sızmasının 19 saylı mənzil ilə əlaqəli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, mülki iş materiallarına əlavə edilmiş Nəsimi rayonu 17 saylı MKİS əməkdaşlarının tərtib etdiyi 11.10.2021-ci il tarixli akta əsasən 16 saylı mənzilə 19 saylı mənzildən su axdığı və nəticədə 16 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyi qeyd edilmişdir. - 3-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 19 saylı evin 16 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 684 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri cəmi 50 (əlli) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 19 saylı evin 16 saylı mənzili İddiaçı,həmin evin 19 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, o mənzilinə ziyanın su axıtma və cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində vurulmasını iddia edərək həmin ziyanın cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan mənzilinə su sızmasının texniki səbəbinin və vurulmuş ziyanın hansı məbləğ təşkil etməsinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən iddiaçının mülkiyyətində olan mənzilinə su sızmanın hansı texniki səbəbini və su sızmasının cavabdehin mülkiyyətindən olan mənzil ilə əlaqəli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayonu 17 saylı MKİS əməkdaşlarının tərtib etdiyi 11.10.2021-ci il tarixli akta əsasən iddiaçının mənzilə cavabdehin mənzildən su axdığı və nəticədə iddiaçının mülkiyyətində mənzilin tikililərində qüsurlar əmələ gəldiyi qeyd edilmişdir və su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 684 manat məbləğində olduğu müəyyən olunmuşdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).

13. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 14.Məhkəmə hesab edir ki, iddiaçının mənzilinə su sızmanın texniki səbəbi müəyyən edilmədiyindən, həmçinin işin faktiki halları ilə, yəni vurulmuş ziyanın cavabdehin hərəkətləri nəticəsində yetirilməsi halı öz təsdiqini tapmadığından, vurulmuş ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanuni hesab edilə bilməz.

15. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün 3 şərtin olması vacibdir. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyət və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

16. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilə su sızması halı müəəyən olunsa da, bu halın baş verməsi cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, eyni zamanda ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində vurulması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, iddiaçının irəli sürdüyü tələb əsassız hesab edilməlidir. 17.Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin üstündə yerləşən cavabdehin mənzilində su sızma halları müəyyən edilməmişdir. 18.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 19.Bu səbəbdən məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 20.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 21.Göstərilən Məcələlnin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 22.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 23.İddiaçı tərəfindən mənzilinə ziyanın cavabdehin hüquqi zidd hərəkətləri nəticəsində vurulması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, eyni zamanda mötəbər sübut kimi qəbul edilmiş ekspertiza rəyi ilə iddiaçının mənzilinə vurulmuş ziyanda cavabdehin hüquqi zidd hərəkətlərinin olmadığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. 24.Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. 25.AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). 28.AR MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar