Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-527/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 2-də ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində işdən evə qayıdıb evə daxil olarkən mənzilə suyun axdığının şahidi oldu. Su mənzilin üst mərtəbəsində yerləşən mənzildən gəlirdi. Bununla bağlı mənzilin mülkiyyətçisi Cavabdeh məlumat verərək su axıntısı olduğunu bildirilmiş və suyun axmasının qarşısını almaları tələb edilmişdir. Ancaq cavabdeh su axıntısının onlarla əlaqəsinin olmadığını bildirdi. Bundan sonra iddiaçı binanın komendantı Əliyev Tofiqə məlumat verdi. 30 oktyabr 2021-ci il tarixdə su axıntısı bütün gün davam etdi. X2 binada yaşayan sakinlərlə əlaqə saxladıqdan sonra su axması ehtimalı olan iki mənzilə baxış keçirilməsinin vacibliyini bildirdi və bununla bağlı həmin mənzilin sakinlərinə müraciət etdi. Digər qonşunun mənzilinə baxış keçirildi və orada hər hansı bir problemin olmadığı aşkarlandı. Ancaq iddiaçı cavabdehin mənzilinə baxış keçirmək istəyərkən cavabdeh mənzilə daxil olunmasına qarşı gəldi və yalnız özünün ustası vasitəsi ilə mənzilə baxış keçirilə biləcəyini bildirdi. Usta tərəfindən mənzilə baxış keçirildi və o, mənzilə suyun kanalzasiyadan axmasının qeyri-mümkün olduğunu söylədi. İki saat sonra cavabdeh öz ustası Emili mənzilə çağırdı. Suyun axmasının dayanmadığını görüb iddiaçı yenidən komendanta zəng etdi və usta çağırmasını istədi. Usta yenidən cavabdehin mənzilinə baxmaq istəsə də, cavabdeh öz ustası gəlməyənə qədər mənzilə heç kimi buraxmayacağını bildirdi. Binanın sahibi sahə müvəkkilini çağıraraq mənzilə daxil oldular. Fərid usta iddiaçının təkidi ilə mənzilin mətbəxindəki hava aspiratorunu sökərək şaxtaya baxış keçirdi və suyun kanalizasiyadan axması iddiasının əsassız olduğu ortaya çıxdı. Usta Fərid yenidən Cavabdeh mənzilinə baxış keçirmək istəsə də, cavabdeh buna yenidən etiraz etdi və mənzilə baxış keçirmək mümkün olmadı. Artıq 3 gün su axması davam etdiyi üçün digər mənzillərə su verilsə də, cavabdehin mənzilinə su verilməsi dayandırıldı. Həmin müddət ərzində iddiaçının mənzilinə su axmadı. Daha sonra, cavabdeh mənzilinə usta çağırdı və bundan sonra iddiaçının mənzilinə su axması baş vermədi. İddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb və bununla bağlı ona dəymiş zərər ödənilməlidir. Dəymiş maddi ziyanın qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən iddiaçının mənzilinə 5700 manat zərər dəymişdir. 03 oktyabr 2021-ci il tarixli akta əsasən ünvan 1 ünvanından su axıdılması faktı öz əksini tapıb. Göstərilənlərə əsasən su axması səbəbi ilə iddiaçının evinə dəymiş zərərə görə Cavabdeh 5700 manat maddi zərər, dövlət rüsumu olan 80 manat, etibarnamə üçün ödənilmiş 11 manat, cəmi 5791 manat məbləğ pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, onun mənzilindən iddiaçının mənzilinə su axıdılmamışdır. İddiaçının mənzilinə başqa yerdən su axıldılmışdır. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2820 saylı reyestr kitabının 263038 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 29 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildən həmin binanın 3-cü mərtəbəsində Nəsimi rayonu, Moskva prospekti, giriş 2, məhəllə 3004, ev 56D, mənzil 98 ünvanında yerləşən İddiaçı məxsus mənzilə su axıntısı baş vermişdir. Həmin tarixdə həmin mənzildə su axıntısının şahidi olmuşlar. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər su axıntısı baş vermiş və bununla bağlı mənzilə baxış keçirilmiş, yenidən su axıntısı ilə bağlı ziyanın dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 2-ə su basması nəticəsində dəymiş maddi ziyanın ümumi məbləği 5700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 10/6741 saylı rəyindən görünür ki, qərardadla qoyulmuş sualların həlli məqsədilə mənzillərə tərəflərin iştirakı ilə baxış keçirilməsi zəruri olmuş və bu səbəbdən də mənzillərə tərəflərin iştirakı ilə baxış keçirilməsi barədə məhkəməyə 10/6741 saylı, xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir. Məhkəmə tərəfindən baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəf baxışda iştirak etmədiyindən və cavabdehə məxsus mənzilin qapısı bağlı olduğundan qərardadla qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3004-cü məhəllə yerləşən 56D saylı evin 98 saylı mənzil üzrə su sızma nəticəsində yaranan qüsurların nədən ibarət olduğu və həmin qüsurların bərpası üçün görüləcək işlərin ümumi dəyəri əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3004-cü məhəllə yerləşən 56D saylı evin 98 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4219 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022-ci il tarixli, 10/2677 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş üzrə İddiaçı məxsus 98 saylı mənzilin qapısı bağlı olduğundan və həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından, həmçinin cavabdehə məxsus mənzilin yaşayış otaqlarındakı istilik xətləri, eləcə də mətbəxdə və sanitar qovşağındakı su, kanalizasiya boruları işlək vəziyyətdə olmaqla, həmin boruların gözlə görünən hissələrinin birləşmə yerlərində hər hansı su sızma və ya nəmlik əlamətləri müşahidə edilmədiyindən, ünvan 2 ünvanına su sızmasının texniki səbəbini, həmçinin mənzilə dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanına su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyinə əsasən Cavabdeh məxsus mənzilin yaşayış otaqlarındakı istilik xətləri, eləcə də mətbəxdə və sanitar qovşağındakı su, kanalizasiya boruları işlək vəziyyətdə olmaqla, həmin boruların gözlə görünən hissələrinin birləşmə yerlərində hər hansı su sızma və ya nəmlik əlamətləri müşahidə edilməmişdir. Belə ki, nə "xxxx" MMC tərəfindən (iddiaçının sifarişi ilə keçirilmiş), nə də Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki dəfə keçirilmiş ekspert rəylərinin heç birində suyun məhz cavabdehin mənzilindən axması barədə qeyd öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı ona məxsus mənzilə məhz cavabdehə məxsus mənzildən su axıdılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbi"nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-527/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-527/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver