Məhkəmə qərarları › İş №2(006)-529/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-529/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-529/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh “Opel Astra” minik markalı, 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 890 (səkkiz yüz doxsan) manat, 30 (otuz) manat rüsumu olmaqla, cəmi 920 (doqquz yüz iyirmi) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi moped tipli nəqliyyat vasitəsinin İddiaçı məxsus olan, etibarnamə əsasında övladının idarə etdiyi “Opel Astra” minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı məxsus avtomobilə ciddi ziyan dəymişdir. Nəsimi RPİ DYP tərəfindən verilmiş 000339 saylı arayışa əsasən Cavabdeh təqsirkar olduğu sübuta yetirilir. “X3” tərəfindən “Opel Astra” minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumi olaraq 890 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini və ekspert rəyini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2010-cu il olan “Opel Astra” minik markalı 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Nümayəndə məxsus AE seriyalı 969603 nömrəli sürücülük vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.2020-ci ildən xx.xx.2030-cu ilədək etibarlıdır. ƏN-V seriyalı 903062 nömrəli etibarnamədən görünür ki, İddiaçı 2010-cu il buraxılışlı, “Opel Astra” minik markalı, 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2021-ci ildən xx.xx.2030-cu ilədək Nümayəndə etibar etmişdir. Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 01:30-da N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində “velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması” nəticəsində Azərbaycan Respublikası İXMnin 338.4.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Nəsimi RPİ DYPŞ (YNH üzrə baş inspektor P.Süleymanov) tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 000339 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 dəqiqədə N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi moped Nümayəndə idarə etdiyi “Opel Astra” minik markalı 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Nümayəndə xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsinə daxil olarkən sol tərəfdən N.B.Vəzirov küçəsi ilə hərəkət edən moped “yol ver” nişanının tələbini pozaraq onun avtomobilinin ön sol yan hissəsinə çırpılmışdır. Nəsimi RPİ DYPŞ-nin YNH üzrə baş inspektoru polis mayoru R.Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində Cavabdeh idarə etdiyi mopedlə Nümayəndə idarə etdiyi “Opel Astra” minik markalı 99VY631 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahatı alınmalı olan mopedin sürücüsü Cavabdeh hadisə barədə yazılı izahat verilməsi təklif edilsə də, sonuncu izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir. “X3” tərəfindən tərtib edilmiş sənəddən görünür ki, 2010-cu il buraxılışlı, “Opel Astra” minik markalı, 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin məbləği 240 manat, təmir işlərinin qiyməti 650 manat olmaqla, cəmi 890 manat təşkil edir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/131 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X3” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı əsasında 2010-cu il buraxılışlı, “Opel Astra” minik markalı, 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 890 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 240 manat, təmirbərpa işlərinin qiyməti 650 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:30-da cavabdeh Həsənov X1 Xətalar Məcəlləsinin tələblərini pozaraq, idarə etdiyi moped markalı vasitə ilə İddiaçı məxsus olan və etibarnamə əsasında Nümayəndə idarə etdiyi “Opel Astra” minik markalı 99VY631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 338.4.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı “X3” tərəfindən verilmiş qiymətləndirmə aktına əsaslanaraq nəqliyyat vasitəsinə vurulmuş 890 manat məbləğində pulun və məhkəmə xərcinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbini iş üzrə toplanmış sübutlarla yanaşı tədqiq edərək hesab edir ki, tələb təmin edilməlidir. Belə ki, göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin dəqiq məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə isə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci, həqiqətən də, 890 manat təşkil edir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə aktı və ekspert rəyi ilə dəymiş zərərin 890 manat müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, 890 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 890 (səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 890 (səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar