Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5302/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh Şabəddin oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Şabəddin oğluna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Şabəddin oğluna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şabəddin oğlundan 757 manat 41 qəpik əsas borc, 152 manat 45 qəpik faiz, 75 manat 14 qəpik cərimə olmaqla, cəmi 985 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması və həmin borcun Cavabdeh Şabəddin oğlunun istifadəsində olan «Baymak 24 KV» tipli istilik sisteminə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Şabəddin oğluna 18 noyabr 2019-cu il tarixli 05486 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 900 manat məbləğində aylıq 3 % olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı 18 noyabr 2019-cu il tarixli girov müqaviləsinə əsasən istifadəsində olan istilik sistemi «Baymak 24 KV» markalı kombi girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 18.06.2021-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin 757 manat 41 qəpik əsas borc, 152 manat 45 qəpik faiz, 75 manat 14 qəpik cərimə olmaqla, cəmi 985 manat borcu vardır. Kredit müqaviləsinin 4, 4.4.1-ci bəndlərinə əsasən bu müqavilə üzrə kredit verən tərəfindən aşağıdakı hallarda borcun dərhal qaytarılması tələb edilə bilər: kreditin və faizlərin ödənilməsi kredit alan tərəfindən 15 gündən artıq müddətə gecikdirildikdə. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Şabəddin oğlu məhkəmə iclasında işdən çıxarıldığı üçün borcu ödəyə bilmədiyini və əsas borcu hissə-hissə ödəyə biləcəyini, cərimə borcunun isə azaldılmasını xahiş etmişdir. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.11.2019-cu il tarixli 05486 saylı kredit müqaviləsinə görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh Şabəddin oğluna 18 ay müddətinə aylıq 3 % dərəcəsi tətbiq edilməklə 900 manat məbləğində kredit verilmişdir. 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Şabəddin oğlunun 757 manat 41 qəpik əsas borc, 152 manat 45 qəpik faiz, 75 manat 14 qəpik cərimə olmaqla, cəmi 985 manat borcu olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh Şabəddin oğlu qeyd olunan kredit müqaviləsi üzrə "xxxx" MMC-dən 900 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan 18.11.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh Şabəddin oğlu özünə məxsus olan – 900 manat dəyərində Baymak 24 KV tipli istilik sistemini "xxxx" MMC-yə girov qoymuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh Şabəddin oğlu icrasını təmin etmək üçün əşyanın girov verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və "xxxx" MMC girov ilə yüklü edilmiş istilik sistemini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Bildiriş məktubundan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh Şabəddin oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 noyabr 2019-cu il tarixli 05486 saylı kredit müqaviləsi üzrə 757 manat 41 qəpik əsas borc, 152 manat 45 qəpik faiz, 5 manat cərimə olmaqla, cəmi 914 manat 86 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Şabəddin oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh Şabəddin oğluna məxsus, girov predmeti olan – 900 manat dəyərində «Baymak 24 KV» markalı kombiyə (istilik sisteminə) yönəldilməli, həmin əşya açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, satışdan əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi Cavabdeh Şabəddin oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 5 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 5 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 noyabr 2019-cu il tarixli 05486 saylı kredit müqaviləsi üzrə 757 manat 41 qəpik əsas borc, 152 manat 45 qəpik faiz, 5 manat cərimə olmaqla, cəmi 914 manat 86 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Şabəddin oğlundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh Şabəddin oğluna məxsus, girov predmeti olan – 900 manat dəyərində «Baymak 24 KV» markalı kombiyə (istilik sisteminə) yönəldilsin. Həmin əşya açıq hərrac vasitəsi ilə satılsın. Əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi Cavabdeh Şabəddin oğlundan tutularaq "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5302/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5302/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver