Məhkəmə qərarları › İş №2(006)-5333/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5333/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5333/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə aralarında bağlanmış 27.01.2009-cu il tarixli kredit müqaviləsi üzrə 147 manat 03 qəpik məbləğində əsas borca və 1.318 manat 14 qəpik məbləğində faizdən ibarət öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC ilə aralarında 27 yanvar 2009-cu il tarixli ********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 12 ay müddətinə qaytarmaq şərti ilə o, 700 manat dəyərində «Maqnit» mağazasından televizor götürmüşdür. Həmin kredit üzrə ödənişləri vaxtlı-vaxtında ödəniş cədvəlinə uyğun ödəmişdir. Daha sonra «Maqnit» mağazası fəaliyyətini dayandırdığı üçün 147 manat 03 qəpik məbləğində əsas borcu ondan asılı olmayan səbəbə görə ödəyə bilməmişdir. Bir neçə dəfə cəhd etsə də, həmin ödənişi hara ödəyəcəyini bilməmişdir. Bu müddət ərzində nə mağazadan, nə mağazanın məxsus olduğu bankdan, nə də həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona borcu hara və yaxud hansı hesaba ödəməsi barədə heç bir rəsmi xəbərdarlıq məktubu göndərilməmişdir. Buna görə də, o, hesab etmişdir ki, həmin borc artıq ümidsiz borc kimi silinmişdir. 12.10.2020-ci il tarixdə övladının təhsil haqqını ödəmək üçün "xxxx" ASC-yə kreditlə bağlı müraciət etdiyində ona bildirilmişdir ki, onun 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB QSC-yə borcu qalmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, «Maqnit» mağazası "xxxx" KB QSC-yə aid imiş. Daha sonra, LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə faiz məbləğinin 70 %-nə güzəşt edilməsi barədə rəsmi şəkildə müraciət etmişdir. Əmanətlərin Sığortalanması Fondundan 15.01.2021-ci il tarixli 2m200800062 nömrəli cavab məktubunda 27.01.2009-cu il tarixli kredit müqaviləsi (LD**********) üzrə bank əməliyyat sistemində olan əsas borcun – 147 manat 03 qəpik məbləği tam və ödəniş gününə hesablanmış 1.318 manat 14 qəpik məbləğində faizin isə yarısının (50 % miqdarında) ödənilməsi məqsədə uyğun hesab edilmişdir. Digər müraciətində isə "xxxx" KB QSC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 147 manat 03 qəpik məbləğində əsas borcun və ödəniş gününə hesablanmış 1.318 manat 14 qəpik məbləğində faizin ləğv olunması üçün müraciət etsə də, 05.05.2021-ci il tarixli 2m200901292 nömrəli cavab məktubunda yalnız 147 manat 03 qəpik məbləğində əsas borc və 1.318 manat 14 qəpik məbləğində faiz öhdəliyi barədə cavablandırılmışdır. Halbuki, bu barədə "xxxx" MMC tərəfindən 14.12.2020-ci il tarixli çıxarışına əsasən məlumatlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 11 ildən artıq müddətdə bank və ya onun ləğvedicisi tərəfindən ona rəsmi pretenziya məktubu göndərilməmiş, elədə də həmin borcun tələb edilməsi barədə iddia qaldırılmamışdır. Mülki Məcəlləyə əsasən öhdəliyin xitamı əsaslarından biri müddətin keçməsinə görə öhdəliyə xitam edilməsidir. Mülki Məcəllənin 551.1, 551.2, 552.1, 554.1-ci maddələrinə istinad edən iddiaçı həmçinin qeyd etmişdir ki, onunla "xxxx" KB QSC arasında bağlanmış müqavilənin bitmə tarixindən 11 ildən artıq müddət keçmişdir. Bu faktın özü birmənalı olaraq həmin öhdəliyin xitam edilməsi üçün əsasdır. Bu iş üzrə öhdəliyin xitamı üçün müddətin axımı kredit müqaviləsinin müddətinin başa çatdığı vaxt, yəni 27 yanvar 2010-cu il tarixidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" KB QSC (ləğv prosesindədir) arasında bağlanmış 27 yanvar 2009-cu il tarixli ********** saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB QSC-dən 12 ay müddətinə 700 manat kredit almışdır. Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı 27 yanvar 2009-cu il tarixli kredit üzrə 147 manat 03 qəpik kreditin qalıq məbləği, 1.318 manat 14 qəpik faiz məbləği üzrə borcu mövcuddur. Əsas borc və faiz üzrə gecikdirilən günlərin sayı 4.058 gündür. Kreditin müqavilə üzrə bitmə tarixi 27.01.2010-cu ildir. İş materiallarından görünür ki, kreditor qanunla müəyyən edilmiş müddət ərzində borc alana qarşı tələb irəli sürməmişdir. Bundan əlavə məhkəmə tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yanaşı iddiaçının müqavilə üzrə sonuncu ödənişinə dair sənədlərin (hesabdan çıxarışların) tələb edilməsinə baxmayaraq, son ödəniş barədə sənəd, həmçinin iddiaçıya qarşı kredit müqaviləsi əsasında tələb irəli sürülməsinə dair heç sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, sadalanan maddi hüquq normaları baxımından iddiaçının hazırkı iddiasında qeyd edilən kredit müqaviləsi üzrə müddət keçməsini və tələbin qüvvəsini itirməsinə dair irəli sürdüyü dəlillər əsaslıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış 27.01.2009-cu il tarixli ********** saylı kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilədən yaranan öhdəliyə müddətin keçməsinə görə xitam verilməli və müqavilə ləğv edilməli, İddiaçı həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış 27.01.2009-cu il tarixli ********** saylı kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin. Həmin müqavilədən yaranan öhdəliyə müddətin keçməsinə görə xitam verilsin və müqavilə ləğv edilsin. İddiaçı həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılsın və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar