Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5335/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçı X9, cavabdehin nümayəndəsi X10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, iddiaçı X9 Cavabdeh ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, X15, X5 qarşı «vaxtı keçmiş kredit borcunun restrukturizasiya (kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsi) olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 Azərbaycan Respublikası Mərkəzi Bankını, X17, X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, Cavabdeh ASC-yə qarşı «vaxtı keçmiş kredit borcunun restrukturizasiya (kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsi) olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsiri altına düşən – 21.12.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın (X18) hüquq və öhdəliklərinin yeni kredit alan kimi ona ötürülməsi barədə Cavabdeh ASC, X20 və onun arasında bağlanmış 16.01.2018-ci il tarixli 2 saylı əlavə razılaşma üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X16 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC, X20 və onun arasında bağlanmış 16.01.2018-ci il tarixli 2 saylı əlavə razılaşmaya görə 21.12.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın (X18) hüquq və öhdəlikləri yeni kredit alana, yəni ona ötürülmüşdür. Onun 16.01.2018-ci il tarixə olan borcu kapitallaşdırılaraq 9.176,79 ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı razılaşma ilə müəyyənləşdirilmiş məzənnə (1 ABŞ dolları – 1,7020) ilə konvertasiya edilməklə onun banka olan borcu 15.618,90 manat məbləğində müəyyən edilmişdir. O, razılaşma ilə müəyyən edilmiş borcu illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə, 16.01.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Obyektiv və subyektiv səbəblərdən kredit borcunun ödənilməsində çətinliklər yaranmışdır ki, bunun da nəticəsində Cavabdeh ASC kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı (yəni ondan), X11 və X1 müştərək qaydada 14.167,43 manat əsas borc, 254,75 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 14.432,18 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-nin xeyrinə tutulması, həmçinin tutmanın ipoteka predmeti olan «KİA Optima» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2021ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Ölkə başçısı İ.Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərman imzalanmışdır. Fərmanda qeyd olunmuşdur ki, Respublikada əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək üçün davamlı işlər görülür. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına səbəb olmuşdur. Ona görə də, problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə fərman imzalamışdır. Dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək, problemin həlli üçün müəyyən köməklik göstərilməsini xahiş etmişlər. Sonuncu dəfə yazılı müraciət edərək, kredit borcunun əksər hissəsinin ödənilməsini, onların problemli kredit məsələlərinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanının təsiri altına düşdüyünü, ona görə də, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanının onların problemli kreditlərinə tətbiq edilməsini xahiş etmişlər. Lakin, Cavabdeh ASC 03.06.2021-ci il tarixli yazılı müraciətlərinə cavab verərək, müraciətin müsbət həllini mümkün hesab etməmişdir. Aşağıda qeyd olunanlara əsasən Cavabdeh ASC-nin kredit borcunun restrukturizasiyasından imtina edilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə «fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla alınmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin edilməsi» Qaydasını müəyyən etmişdir. Həmin Qaydaların 6.1-ci bəndində qeyd olunur ki, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarda olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17.000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10.000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Göründüyü kimi, fiziki şəxslərin kredit borclarının restrukturizasiya olunması üçün 3 tələb müəyyən olunmuşdur ki, onun vaxtı keçmiş əsas kredit borcu hər 3 tələbin təsiri altına düşür. Belə ki, 6.1.1-ci bəndə uyğun olaraq Cavabdeh ASC ilə onun arasında kredit müqaviləsi 16.01.2018-ci il tarixdə bağlanmışdır. 6.1.2-ci bəndə uyğun olaraq onun 2019-cu ilin martın 1-nə olan əsas kredit borcunun məbləği 14.942,87 manat olmuşdur. 6.1.3-cü bəndə uyğun olaraq 2019-cu ilin martın 1-nə əsas borcun və faizin ödənilməsi 368 gün gecikdirilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020ci il tarixli 9/1381 saylı rəyi ilə müəyyən edilmişdir. Beləliklə, onun bank tərəfindən restrukturizasiya olunacaq əsas kredit borcu qaydalara tam cavab verdiyindən, bankın bundan imtina etməsi əsassızdır. Bundan başqa kredit borcu ilə mübahisə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında araşdırılarkən də, bu hal öz təsdiqini tapmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli (sədrlik edən İlham Kərimli) qətnaməsində qeyd olunmuşdur ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 8.6-cı bəndində qeyd olunur ki, fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci ilin yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas məbləğin borclarının 28 fevral 2019-cu il tarixə ödənilməsi 368 gün gecikdirilmişdir. Beləliklə, tərəflər arasında bağlanan kredit müqaviləsi həm bağlanma tarixinə, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Bununla bağlı olaraq cavabdehlərə izah olunmuşdur ki, qeyd olunan Fərmanın onlara tətbiq olunması üçün banka müraciət edə bilərlər. Bu səbəbdən də, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İddiaçı X16 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına və X15 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın nümayəndəsi və A.Mehdiyev məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxs X3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(003)-282/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ASCnin İddiaçı, X15 və X7 qarşı «avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı, X11 və X2 müştərək qaydada 14.167,43 manat əsas borc, 254,75 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 14.432,18 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-nin xeyrinə tutulması; iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı, X11 və X2 müştərək qaydada tutularaq Cavabdeh ASC-yə ödənilməsi; tutmanın İddiaçı mülkiyyətində olan ** RT *** dövlət qeydiyyat nişanlı «KİA Optima» markalı avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərindən artıq qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli 2(103)- 82/2021 saylı qətnaməsindən görünür ki, X12 və X4 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(003)- 282/2019 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh ASC-nin İddiaçı, X15 və X5 ünvanladığı 03.06.2021-ci il tarixli 2248 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh ASC-yə daxil olan müraciətinə baxılmışdır. Bildirilmişdir ki, borc öhdəliyinin onun tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, bank tərəfindən ərizə ilə aidiyyatı məhkəməyə müraciət edilmişdir. Nəticədə, Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən 23 yanvar 2019-cu il tarixli 2(003)- 282/2019 saylı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə əsasən ondan ümumilikdə 14.432,18 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan «KİA Optima» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin hərrac vasitəsi ilə satılması qət edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qeyd etmişlər ki, vətəndaşların ümumi borcu 10.000 ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya və ya restrukturizasiya həmin vətəndaşlara şamil olunmur. Palata tərəfindən banka təqdim olunmuş siyahıda ona kompensasiya verilməsi, yaxud restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, müraciətdə qeyd olunan məsələnin həyata keçirilməsi bank tərəfindən mümkün deyildir. Onun tərəfindən borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən, bank tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, borcun iddiaçıdan və digər şəxslərdən müştərək qaydada tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə qətnaməsi mövcuddur; Palata tərəfindən banka təqdim olunmuş siyahıda iddiaçıya kompensasiya verilməsi, yaxud restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır; həmçinin iddiaçı restrukturizasiya ilə bağlı banka 2019-cu ilin dekabrın 31-dən sonra müraciət etmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X9 Cavabdeh ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, X15, X5 qarşı «vaxtı keçmiş kredit borcunun restrukturizasiya (kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsi) olunması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X9 Cavabdeh ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, X15, X5 qarşı «vaxtı keçmiş kredit borcunun restrukturizasiya (kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsi) olunması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5335/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5335/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver